Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev oktyabrın 28-də ATƏT-in Minsk qrupunun
həmsədrləri Pyer Andryönu (Fransa), İqor Popovu (Rusiya), Ceyms
Uorliki (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi
nümayəndəsi Anji Kaspşiki qəbul edib.
Axar.az xəbər verir ki, görüşdə Prezident İlham Əliyev bildirib
ki, Ermənistan rəhbərliyi təxribatlardan əl çəkmir:
"Keçən ilin oktyabrında prezidentlərin Paris danışıqlarından iki
həftə keçməmiş Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində
genişmiqyaslı hərbi təlimlərə başlayıb. Ermənistan silahlı
qüvvələrinə məxsus döyüş helikopterləri Azərbaycanın mövqelərinə
hücumlar edib. Azərbaycan tərəfi bir neçə gün buna cavab vermədi.
Nəhayət, davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri
həyata keçirən Ermənistan silahlı qüvvələrinin hərbi helikopterləri
açıq şəkildə mövqelərimizə atəş açmağa cəhd etdikləri zaman məhv
edildi".
Dövləti başçısı daha sonra qeyd edib ki, bu ilin sentyabrında
Ermənistan silahlı qüvvələrinin diversiya qrupunun ərazimizdə
təxribat törətmək cəhdlərinin də qarşısı alınmış və işğalçılar
xeyli sayda itki verib. Prezident İlham Əliyev bildirib ki, bütün
bu təxribatlara görə Ermənistan Prezidenti Serj Sərkisyan
məsuliyyət daşıyır.
Dövlət başçısı vurğulayıb ki, Ermənistan hazırda regionda böyük
təhlükə mənbəyinə çevrilib:
"Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş
ərazilərindən dinc əhaliyə mütəmadi olaraq atəş açır, hətta toy
məclislərində iştirak edən insanlar belə atəşə tutulur və nəticədə
mülki əhalimiz arasında itkilər olur. Azərbaycan tərəfi bu cür
təxribatlara cavab verdikdə isə bizi günahlandırırlar. Prezident
İlham Əliyev təəssüf hissi ilə vurğuladı ki, beynəlxalq ictimaiyyət
və xüsusilə də vasitəçilər Ermənistan tərəfinin bu azğınlaşmış
hərəkətlərinə adekvat reaksiya vermir".
Azərbaycan Prezidenti bildirdi ki, bütün bunlar azmış kimi, bu
yaxınlarda diktator Sarkisyan rejimi yeni bir siyasi təxribata əl
atmış, Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu
bildirib:
"Bu, dözülməz, hətta Ermənistanın rəsmi mövqeyinə belə zidd olan
bəyanata da, əfsuslar olsun ki, vasitəçilər tərəfindən heç bir
cavab verilməmişdir. Dövlətimizin başçısı vurğuladı ki, bütün
bunlar Azərbaycan tərəfində böyük təəssüf hissi doğurur və
vasitəçilərin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə bağlı missiyasına kölgə salır".
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və
perspektivlərinə dair fikir mübadiləsi aparılıb.