Bu gün 8 saylı Binəqədi birinci Seçki Dairəsindən
deputatlığa namizəd Azay Quliyev sözügedən dairədə ilk dəfə seçkidə
səs verəcək gənclərlə görüşüb.
Axar.az xəbər verir ki, Azay Quliyev vətəndaş olaraq bu il Milli
Məclisə keçiriləcək seçkidə ilk dəfə iştirak edəcək gəncləri təbrik
edib:
"Siz ilk dəfə səsvermə hüququnuzdan istifadə edəcəksiniz. Və
sizin bu hüququnuzun reallaşması 1 noyabr parlament seçkisinə
təsadüf edib. Ümumiyyətlə, həyatda insan üçün seçim çox
məsuliyyətli bir məsələdir. İstər dost seçimində olsun, istər
təhsil, istər ailə, istərsə də seçkiyə münasibətdə. Ona görə də
ümid edirəm, siz ilk seçki hüququnuzdan istifadə edərkən
məsuliyyətlə, seçdiyinizə inanaraq düzgün qərar verə
biləcəksiniz".
Görüş gənclərlə deputatlığa namizəd arasında diskussiya şəklində
davam etdirilib.
İlk dəfə seçici olacaq gənclər onları maraqlandıran bir sıra
məsələlərlə bağlı fikirlərini çatdırıb, deputatlığa namizədə
suallar ünvanlayıblar.
Gənclərin qaldırdığı məsələlərə ətraflı şərh verən Azay Quliyev
bildirib ki, onun ictimai və deputat fəaliyyətində gənclər məsələsi
hər zaman prioritetlərdən biri olub: "Siz gənclərin də dəstəyi ilə
bu dairədən millət vəkili seçildikdən sonra bu istiqamətdə
fəaliyyətimi davam etdirəcəyəm".
Sonda Azay Quliyev gəncləri ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan
1 noyabr seçkilərində ilk səsvermə hüquqlarından səmərəli istifadə
etməyə çağırıb.
Görüşdən yüksək ovqatla ayrılan gənclər 1 noyabrda özlərinin ilk
seçki hüququnu Azay Quliyevə səs verməklə reallaşdıracaqlarını
bəyan ediblər.