Böyükşor gölünün reabilitasiyasının ikinci mərhələsi
həyata keçiriləcək və beləliklə, Bakıda çox gözəl, böyük, haradasa
700-800 hektar sahədə göl yaradılacaq.
Axar.az xəbər verir ki, bu barədə Ceyranbatan Ultrasüzgəcli
Sutəmizləyici Qurğular Kompleksinin açılışında Prezident İlham
Əliyev deyib.
İlham Əliyev kompleksin açılışında çıxışı zamanı Bakıda yeni bir
göl yaradılacağı mesajını verib:
"Böyükşor gölünün reabilitasiyasının ikinci mərhələsi həyata
keçiriləcək və beləliklə, Bakıda çox gözəl, böyük, haradasa 700-800
hektar sahədə göl yaradılacaq. Gələcəkdə o gölün ətrafında yaşayış
yerləri, yeni parklar da salınacaq. Yəni, o ölü bir yeri biz
insanlar üçün diriltdik və dirildirik. Zığ gölü də yaxın zamanlarda
təmizlənəcək. O ərazini də tamamilə yaşıllaşdıracağıq və əhalinin
sərəncamına verəcəyik. Bir daha deyirəm, biz bunları ona görə
edirik ki, buna ehtiyac var. Bizim böyük problemlərimiz ondan
ibarətdir ki, 100 ildən artıqdır Bakıda neft sənayesinin yaratdığı
fəsadları aradan götürməliyik. Bibiheybət neft mədənləri – o bir
ekoloji fəlakət mənzərəsi idi. Adam ona baxanda dəhşətə gəlirdi.
İndi ora baxanda adam gözəl, abad mənzərə, ağaclar, parklar görür.
Orada su idmanı kompleksi tikilib, birinci Avropa Oyunlarının
yarışlarının bir hissəsi orada keçirilib, bulvar, qazonlar, parklar
salınıb. Hətta indi buruqlara o qədər gözəl xidmət göstərirlər ki,
onlar da artıq gözəl mənzərənin bir elementlərinə çevrilib.
Bakıda vaxtilə fəaliyyət göstərən yod zavodu böyük bir təhlükə
mənbəyi idi. Artıq bu zavod oradan köçürüldü, bütün lazımi
tədbirlər görüldü və bu təhlükə mənbəyindən də insanların canını
qurtara bildik. Ona görə, içməli su layihəsi bax, bu istiqamətdə
görülən işlərin tərkib hissəsidir və bilavasitə insanların
sağlamlığına təsir göstərən amildir.
Yenə də deyirəm, Azərbaycanda son vaxtlar ərzində güclü sosial
siyasət sayəsində insanların ömrünün uzunluğu artır. Bu, gözəl
göstəricidir. Diaqnostika aparılır, hər il dispanserizasiya
keçirilir, milyonlarla insan bütün ölkə üzrə pulsuz müayinədən
keçir və onlar müalicə edilir. İçməli su, təmiz hava, sağlam ərzaq
məhsulları, sağlam qida - bizim prioritetlərimiz bax bunlardır. Ona
görə, bu, çox böyük sosial layihədir, çox böyük infrastruktur
layihəsidir və biz bunu icra edirik. Mən çox şadam ki, bu gün
Azərbaycan bu istiqamətdə də dünyada birincidir.
Son illər ərzində iqtisadi inkişaf templərinə görə dünyada bizə
bərabər ikinci ölkə yoxdur. Vaxtilə paxıllar, bəzi dairələr, bizim
işimizə kölgə salmaq istəyənlər uğurlarımızı neftlə bağlayırdılar.
İndi neftin qiyməti iki dəfədən də aşağı düşüb, amma biz yenə də
inkişaf edirik, yenə də nümunə göstəririk. Bu ilin 9 ayında
Azərbaycanda qeyri-neft sənayesi 10 faizdən çox artmışdır. Ümumi
daxili məhsul təxminən 4 faiz, qeyri-neft sektoru təxminən 6 faiz
artmışdır. Bu qurğunun istifadəyə verilməsində də biz liderlik
göstərmişik. Heç bir başqa ölkədə bu böyüklükdə və bu səviyyədə
təmizləyici qurğu yoxdur. Bunu ancaq müstəqil Azərbaycan edə bilər
və edir. Gələcəkdə bütün lazım olan infrastruktur layihələrini icra
edəcəyik və əminəm ki, 2018-ci ildə başa çatması gözlənilən üçüncü
regional inkişaf proqramının icrası nəticəsində Azərbaycanda bütün
əsas infrastruktur layihələri icra ediləcək. İnsanlar daha da
yaxşı, daha rahat, təhlükəsizlik, əmin-amanlıq, rifah içində
yaşayacaqlar.
Mən bir daha sizi bu gözəl hadisə münasibətilə təbrik etmək
istəyirəm. "Azərsu"nun işçilərini təbrik etmək, öz minnətdarlığımı
bildirmək istəyirəm ki, onlar bu böyük işləri görürlər. Bakının və
Abşeron rayonunun bütün sakinlərini təbrik edirəm ki, nəhayət, bu
məsələ də öz həllini tapdı. Sizi bir daha təbrik edirəm, yeni
uğurlar arzulayıram".