Bir neçə gündür sosial şəbəkələrdə övladı ağır vəziyyətdə olan ana fəryad edərək dəstək və yardım istəyir. Belə ki, oğlu ağır yataq xəstəsi olan qadın xəstənin bu vəziyyətə düşməsində həkimləri və konkret olaraq, MEDERA Hospitalın neyrocərrah və həkimlərini ittiham edir.
Axar.az Medicina.az-a istinadən xəbər verir ki, qadının sözlərinə görə, onun övladını "Medera Hospital"ın cərrah və həkimləri səhv əməliyyat edib və sağaltmaq əvəzinə, əksinə, daha da ağırlaşdırıblar.
"16 yaşlı oğlum avtomobil qəzasına düşmüşdü. Onu "Semaşko"ya aparmışdılar. Orda saxlamayıb, özəl xəstəxanaya köçürdüm ki, orda daha yaxşı şərait var və həkimlər mənə söz verdi ki, bura gətir, biz sağaldacağıq. "Semaşko"da ölməsin deyə, onu "Medera Hospital"a köçürdüm.
Orda nə pul istədilər verdim, pula görə onun beynini əməliyyat etdilər. Beyin qapağını açdılar. Nəfəs alması üçün traxeyadan dəlik açanda, vurub boğazını, qida borusunu da deşdilər.
Mən Mehriban xanıma, Prezidentə müraciət edirəm. Məni həkimlər və klinika aldadıb. Hər dəfə "bu ay yaxşı olacaq", "gələn ay sağaldacağıq" deyə-deyə uşağımı əridib, koma vəziyyətində mənə verdilər. Uşağımın başında problem yox idi. 90 kiloluq uşaqdan 30 kilo qalıb.
"Medera"ya gedib-gəldim, "uşağımı müalicə edin" dedim, məni polislə ordan uzaqlaşdırdılar. Əvvəl 10 min təklif etdilər. Amma mən istəmədim. Çünki mənim övladımın dərdi 10 minlə sağalmır.
Məni aldatdılar ki, Azərbaycanda dərdinə dərman olmasa, Türkiyəyə göndərəcəyik. Amma indi məni qapıdan qovurlar. Hər şeyi boyunlarından atırlar. Qida borusu salamat uşağımı deşiblər, nə yemək yeyə bilir, nə su. Əriyib gedir. Beyni salamat idi, beynini açıb qarnına tikdilər. Uşağımın sağalması üçün yalvarıram. "Medera Hospital" mənim evimi yıxdı”, - ana bildirib.