Bu gün 20 Yanvar faciəsindən 26 il keçir. Bu 26 ilin
uzaqlığından hadisələr bu gün baş verirmiş kimi gözlərimin önündən
keçir. Bu gün də o hadisələrin içində özümü görürəm, o həyəcanı
keçirir, özümü millətimə, dövlətimə olunan xəyanətin acısını
yaşayırmış kimi hiss edirəm.
20 Yanvar faciəsi tariximizin qanlı, lakin şərəfli bir günü
olmaqla yanaşı, millətimizin həm şəhid gecəsi, həm də şahid gecəsi
idi. Bir dənizçi olaraq həmin gecənin şahidi olmağımla o günlərin
həyəcanını yenidən yaşasam da, özümü çox rahat hiss edirəm.
20 Yanvar faciəsinin baş verdiyi gün və ondan sonrakı günlər bir
dövlət olaraq azadlığımız uğrunda şəhidlik zirvəsinə gedəcəyimiz
yolun başlanğıcı idi. Sovet-rus imperiyasının hərbi gəmiləri ilə
Bakı buxtasında ölüm-dirim savaşına çıxan, faciəmizi ilkin olaraq
dünya ictimaiyyətinə dolğun və obyektiv çatdıran, heç kəsin
xəyalına belə gətirmədiyi qəhrəmanlığı göstərən, şəhərdəki
qırğınların qarşısını etiraz aksiyaları ilə alan XDND idarəsinin
dənizçilərinin şücaətini bir kitaba, bir filmə sığışdırmaq
mümkünsüzdür. Bu qəlblərdən qəlbə, nəsillərdən nəsillərə ötürülə
biləcək bir tarixdir. Hər kəs özünün bildiyi, yaddaşının saxladığı,
diktə etdiyi, ürəyinin yanğısı və hökmü ilə bu qanlı və şərəfli
olayı gələcək nəsillərə ötürməlidir.
Hadisələr gözümün önündən çəkilmir. 1990-cı ilin qanlı yanvar
hadisələri ərəfəsində "Şirvan" kran gəmisi 28 may dəniz
yataqlarında işləyirdi. Yanvarın 19-u axşam saat 22:30 olardı.
Cilov adasına yaxın bir yerdə lövbərdə dayanmışdıq. Növbəti iş
günün gözləyirdik. "Mayak" radiosunda musiqi səslənirdi. Birdən
musiqi kəsildi. Həyəcanlı bir səs Bakıda qırğın olduğunu dedi və
səs kəsildi. Kapitan İbad Məmmədova eşitdiyim xəbəri dedim. Və
kapitan körpüsünə qalxdım. Hava telefonu vasitəsilə açıq efirə
çıxdım. Neft daşlarının ətrafında olan gəmilərə bu haqda məlumat
verdim, dəqiqləşdirmələr aparmaq istədim. İlkin olaraq "Aleksey
Kortunov" ("Məhəmməd Əsədov"), "Neftqaz-10" və Xəzər gəmiçiliyinin
"Sovet Naxçıvanı" gəmisi verdiyim xəbərə reaksiya verdilər.
İcazəsiz efirə çıxdığıma görə o zaman gəmidə olan təlimatçı
kapitan, rəhmətlik Tofiq Hüseynov və rəhmətlik kapitan İbad
Məmmədov mənim cəzalandırılacağımı desələr də, hadisələrin gedişi
bunu yaddan çıxardı. Həm gəminin şəxsi heyəti mənim tərəfimdə
durdu, həm də artıq ox yaydan çıxmışdı. Bütün gəmilər xəbərin ilk
olaraq "Şirvan" gəmisindən yayımlandığını əsas götürərək bizimlə
əlaqə saxlayırdı. Beləliklə Neft Daşlarının ətrafında olan gəmilər
və Neft Daşlarındakı dispetçer məntəqəsi ilə hava telefonu
vasitəsilə keçirdiyimiz məşvərətin nəticəsi olaraq gəmilərin Bakıya
qayıtması vacibliyi qərara alındı.
Buxtaya yanvarın 20-si səhər saat 11:00-da çatdıq. Buxtanı
"Xəzərneftdonanma" idarəsinin gəmiləri mühasirəyə almışdı.
Dənizçilər tərəfindən qərargah kimi seçiləcək "Sabit Orucov"
gəmisinin kapitanı Mövlud Əliyevdən tapşırıq alıb müəyyən olunan
nöqtədə durduq. Gəmilərimiz Buxtadan açıq dənizə, yaxud əksinə
hərəkət edəcək hərbi gəmilərin yolunu tamamilə bağlamışdı.
Bakı şəhərində fövqəladə vəziyyət elan olunmuşdu. Bakının hərbi
komendant idarə rəhbərliyi ilə əlaqə saxlamış, onlara hədə-qorxu
gəlmiş, gəmilərin buxtanı tez bir zamanda boşalmasını tələb
etmişdi. Lakin dənizçilər vəziyyətlə əlaqədar olaraq kapitanlar
şurası yaratmışdı və bütün danışıqlara həmin şuranın üzvləri
ağsaqqal kapitanlar gedirdi. Bir şeyi xüsusilə qeyd etmək vacibdir
ki, gəlinən qərarlar, irəli sürülən tələblər heç də adı çəkilən
şura üzvlərinin gəldiyi qərarlar deyildi. Aktiv dənizçilərin birgə
müzakirəyə çıxardıqları, səs çoxluğu ilə və vacibliyi əsaslı olaraq
sübutlana biləcək qərarlar idi.
O zaman Bakıda olan Sovet İttifaqının yüksək çinli məmurları
dənizçilərlə danışığa girməyə məcbur oldular. Ona görə ki,
dənizçilər Moskvanın Bakıdakı qanlı olaya verdikləri yalançı rəyin
tamamilə yalan və iftira olduğunu dünyaya verdikləri "SOS"
siqnalları və tələbnamələrlə ilə çatdıra bilmişdilər. Dünyanın
aparıcı bir dövlətinin öz vətəndaşlarına qarşı törətdiyi qanlı
olayın həqiqətləri tərəfimizdən dolğunluğu ilə hər yerə çatdırıldı.
Bu Azərbaycan və dünya dənizçilərinin bu arada həmrəy olduqlarının
bariz nümunəsi idi.
Dənizçilərin arasındakı kor-təbiiliyi aradan qaldırmaq üçün
Kapitanlar şurası yaradıldı. Şuraya Mövlud Əliyev, Müzəffər Əliyev,
Murad Əliyev, Kərəm Məmmədov, Kişi Mütəllimov, Ağalar İbrahimov,
İbrahim Salayevdən ibarət idi.
Xüsusilə qeyd etmək lazımdır ki, kapitanlar K.Məmmədov,
M.Əliyev, Rövşən Dəmirov, Murad Əliyev, Ağalar İbrahimov, Anatoli
Semidedko, Yulian Radçenko, "Neftqaz -18" gəmisinin kapitanı Gülağa
Məcidov və digərləri daha fəal idi.
Rövşən Dəmirovun kapitanı olduğu "Neftqaz-64" gəmisi, eləcə də
"Netqaz-10", "Babazadə", "Aktau", "Alatau" və digər sürətli yedək
gəmilərimiz gecələr buxtaya girən hərbi gəmilərlə az qala açıq
döyüşə çıxır, kəllə-kəlləyə gəlir, bir növ, taran edirdilər. Hər
axşam gəmilərimiz gülləbaran olunur, hərbiçilər tərəfindən
batırılması ilə hədələnirdi. Onlarla gəmilərimiz yüzlərlə güllə
yarası almışdı.
Həmin günlərdə dənizçilərimiz 5 müddəadan ibarət tələbnamə
hazırlayıb, SSRİ prezidenti M.S.Qorbaçova, Ali Sovetin sədri Elmira
Qafarovaya və AXC-yə müraciət etdi.
Dənizçilərimizin nümayəndələri Hərbi Dəniz Donanmasının
rəhbərliyi və SSRİ MN-nin müavini və SSRİ Ali Sovetinin Deputatı
admiral Sidorov, general Tiqanov və SSRİ müdafiə naziri Marşal
Yazovla görüşləri oldu. Dənizçilərimiz heç bir hədə-qorxudan
çəkinmədən tələblər yerinə yetirilməsə, buxtanı boşaltmayacaqlarını
dedilər. Bu, bütün dənizçilərin gəldiyi qərar idi və bu qərar
nümayəndələrimiz görüşə getməzdən qabaq tərəfimizdən müzakirə
olunmuşdu.
Elmira Qafarova, dövlət katibi Tofiq İsmayılov da
dənizçilərimizlə görüşmüşdü. Elmira xanım, "xalqımın qeyrətli
oğulları, sizə qurban olum, bu gün Azərbaycan, Bakı sizinlə fəxr
edir", - deyib, göz yaşları axıtmışdı. Bu doğrudan da belə idi. Mən
bu hadisələrlə bağlı "kəsilməyəm həyəcan fiti" kitabını yazarkən
onlarla Bakı sakini ilə söhbət etdim. Onlar "dənizdən gəmilərin fit
səsini eşidəndə gözlərimiz dolurdu, ürəyimizə fəxarət hissi
gəlirdi, Bakı yaşayır, azərbaycanlılar müqavimət göstərir,
şəhidlərimizin qanı yerdə qalmadı", - deyirdilər.
Dimitri Yazov kapitanlarımızı Mövlud Əliyev, Müzəffər kişi, Kərəm
Məmmədovu görüşüb, buxtanı təcili boşaltmaları tələbini irəli
sürdükdə də rədd cavabı aldı. O, Müzəffər kişiyə acıqla, "çto,
kapitan, vostuem", - dedikdə ağsaqqal dənizçi təmkinlə, "mı ne
vostuem, a protestuem", - deyə cavab verdi. Bu kiçik dialoqda
dənizçilərimizin haqlı etirazı dolğunluqla əksini tapmışdı. Yazov
Mövluda 15 il həbs, Kərəmə isə güllələnmə söz vermişdi. Söhbətdə
Azərbaycanın dövlət nümayəndələri və şeyx həzrətləri iştirak etsə
də, danışıqlar və razılaşmalar dənizçilərlə aparılmışdı.
Yanvarın 24-də Buxtada fövqəladə vəziyyət elan olundu. Günorta
saatlarında sahildən, dənizdən və havadan gəmilərimizə hücumlar
oldu. Həbs olunduq, işgəncələrə məruz qaldıq. Gəmilərimizə çoxlu
sayda top, tank mərmiləri, pulemyot və avtomat güllələri dəydi.
"Vodeley-4" gəmisində yanğın baş verdi. Yanğını "Vixr-12" və
"Şirvan" gəmiləri söndürdü, ekipajı bortumuza aldıq.
26 il keçir o gündən. Bugünkü dənizçilərimizin əksəriyyəti
dənizə məhz qəhrəman dənizçilərimizin göstərdiyi o qəhrəmanlıq
salnaməsindən təsirlənərək gəldiklərini deyir. Necə ki, mən vaxtı
ilə dənizçilər haqda oxuduğum kitabların təsiri ilə bu sənəti
seçmişdim..