Azərbaycan Respublikası Baş nazirinin müavini İsmət
Abasov fevralın 11-də ölkəmizdə səfərdə olan Macarıstanın xarici
işlər və ticarət nazirinin müavini Jolt Çutoranın rəhbərlik etdiyi
nümayəndə heyəti ilə görüşüb.
Axar.az xəbər verir ki, görüşdə İsmət Abasova Macarıstanın
Kapoşvar Universitetinin fəxri doktoru diplomu təqdim edilib.
Görüşdə Baş nazirin müavini İsmət Abasov ölkəmizdə iqtisadi
sahədə əldə olunan nailiyyətlərdən danışıb. O, əhalinin sosial
rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən
islahatlar haqqında məlumat verib. Bildirilib ki, son 12 ildə
Azərbaycanda 1 milyon 500 min iş yeri yaradılıb ki, onlardan 1
milyonu daimi iş yeridir. Baş nazirin müavini həmin dövrdə
Azərbaycanda ən müasir standartlara uyğun 3 min məktəbin, 600
xəstəxananın, 41 Olimpiya İdman Kompleksinin tikildiyini söyləyib.
Eyni zamanda, ölkəmizdə müasir sosial infrastruktura malik 89
köçkün qəsəbəsinin yaradıldığı və 225 min insanın yeni evlərə
köçürüldüyü qonağın diqqətinə çatdırılıb.
Azərbaycanın münbit investisiya mühitindən danışan İsmət Abasov
bildirib ki, ötən 12 ildə ölkəmizin iqtisadiyyatına 200 milyard
dollar sərmayə qoyulub. Bunun 100 milyard dolları xarici
sərmayədir. Diqqətə çatdırılıb ki, son 12 ildə ölkəmizdə 70 mindən
çox müəssisə yaradılıb, sahibkarlara 1.7 milyard manat güzəştli
kredit verilib. Azərbaycanda müasir turizm infrastrukturunun
formalaşdırılmasından söz açan Baş nazirin müavini ölkəmizdə 300-ə
yaxın mehmanxana və dünya səviyyəli kurortlar yaradıldığını, 10 min
kilometrdən çox avtomobil yolunun tikildiyini və əsaslı təmir
olunduğunu, müasir körpülərin və yol qovşaqlarının inşa edildiyini
vurğulayıb.
Baş nazirin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin tarixi və ağır nəticələri, ölkəmizdə qaçqın və
məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması
istiqamətində görülən işlərdən söhbət açıb. Bildirilib ki,
Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü nəticəsində
torpaqlarımızın 20 faizi – Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7
inzibati rayon işğal olunub, bu ərazilərdəki milli mədəni
sərvətlərimiz talan edilib.
Macarıstanın xarici işlər və ticarət nazirinin müavini Jolt
Çutoran Azərbaycanda səfir işlədiyi dövrdə ölkəmizin sürətli
inkişafının şahidi olduğunu, bu prosesi daim izlədiyini söyləyib.
Qonaq ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində gələcək
əməkdaşlıq imkanları barədə danışıb. O, həmçinin Macarıstanın kənd
təsərrüfatı üzrə ixtisaslaşmış Kapoşvar Universitetinin
Azərbaycanda filialının açılması məsələsinə də toxunub. Qonaq qeyd
edib ki, bu təşəbbüsü 2014-cü ildə Azərbaycan Prezidenti İlham
Əliyev Macarıstana işgüzar səfəri zamanı irəli sürüb. Jolt Çutoran
bildirib ki, bu təşəbbüsün reallaşması ölkələrimiz arasında təhsil
sahəsində əlaqələrin genişlənməsinə imkan yaradacaq. Qonaq, eyni
zamanda, Azərbaycan ilə Macarıstan arasında aqrar sahədə
əməkdaşlığın genişləndirilməsinin hər iki ölkə üçün vacibliyini
qeyd edib.