Yuxarı

Bir türkün İranda prezident olması üçün... - Piruz Dilənçi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının rəhbəri, Kanadada mühacirətdə yaşayan güneyli siyasi şərhçi Piruz Dilənçinin İrandakı seçki prosesi ilə bağlı Axar.az-a müsahibəsi:

- Piruz bəy, İranda növbədənkənar prezident seçkiləri ilə bağlı ümumi mövqeyiniz nədir?

- Siyasi həyatımda bu günə kimi İranda keçirilən bütün seçkilərin boykot edilməsinin tərəfdarı olmuşam. Ümumiyyətlə, İranın mövcudluğunu tanımırıq, nəinki orada keçirilən hansısa seçkini. Ancaq son 3 gün ərzində baş verən proseslər mövqeyimizdə dəyişikliyə səbəb oldu. Biz birmənalı olaraq Məsud Pezeşkianın dəstəklənməsinin, xalqımızın ona səs verməsinin tərəfdarıyıq.

- Pezeşkianın prezident seçiləcəyi təqdirdə İranda və Güney Azərbaycanda hansısa ciddi dəyişikliklər etməsi mümkündürmü?

- Yox, Məsud Pezeşkian müsbətə və mənfiyə doğru hansısa əhəmiyyətli dəyişikliklərə nail ola bilməyəcək. Bunu yaxşı bilirik ki, İran kimi totalitar rejimlərdə prezident özbaşına nəyisə dəyişməyə qadir deyil. Belə sistemlərin strateji planları olur və prezident yalnız taktikaları, göstərişləri icra edir.

- Bəs, Pezeşkianı dəstəkləməyiniz və türkləri ona səs verməyə çağırmağınız nə ilə əlaqədardır?

- Onun milliyyəti barədə müxtəlif ittihamlar və fərziyyələrin irəli sürülməsinə baxmayaraq, özünün də dediyi kimi, türkdür. Əlbəttə ki, bu, bizim üçün çox əhəmiyyətli əsasdır. İranda bir Azərbaycan türkünün yüksək vəzifəyə seçilməsini, sözsüz ki, dəstəkləyirik.

- Onun seçilmə ehtimalı, şansı nə qədərdir?

- Bizə görə Pezeşkianın seçilmə şansı 100 faizdir. Hətta inanırıq ki, İran rejiminin siyasi oyunlarını nəzərə aldıqda belə, onun seçilmə ehtimalı azı 90 faizdir. Farslar da daxil olmaqla, İranda yaşayan xalqların mütərəqqi qüvvələrinin əksəriyyəti Pezeşkianı prezident kürsüsündə görmək istəyir. Əgər Pezeşkian olmasaydı, keçirilən seçkidə seçici fəallığı heç 40 faizi də görməyəcəkdi.

- Bildirdiniz ki, bu vaxta kimi seçkiləri boykot etmisiniz. Bu siyasətinizin dəyişməsi sadəcə Pezeşkianın azərbaycanlı olması ilə bağlıdır?

- Əslində, biz İranın parçalanmasının, Güney Azərbaycanın müstəqilliyinin və başqa xalqların azadlığının tərəfdarıyıq. Məsələ burasındadır ki, indi İranda hakimiyyət dəyişikliyi Qərbin oyunu, yəni sözdə “demokratik” bir hakimiyyətin iş başına gəlməsi ilə nəticələnəcək. Belə olduqda isə ABŞ və Avropanın mənafeini təmin edən hakimiyyət bizə heç bir haqq tanımayacaq. Qərb isə bizi dəstəkləmək əvəzinə hakimiyyətə gətirdiyi sistemi himayə edəcək. Hətta bizə terrorçu, separatçı damğası da vurula bilər.

- Belə çıxır ki, hazırkı vəziyyətdə siz İran hakimiyyətinin süqutunu istəmirsiniz?

- Əlbəttə, indiki şəraitdə Tehran rejiminin süqutu bizim uzunmüddətli mənafeimizə uyğun deyil. Molla rejiminin yaxın vaxtlarda devrilməsi bizim məsələmizin yarımçıq qalmasına, müstəqillik planımızın daha 100 il gecikməsinə səbəb ola bilər. Azərbaycan Respublikasının daha da güclənməsi, Türkiyə Cümhuriyyətinin inkişafının bir az da sürətlənməsi avtomatik olaraq Güney Azərbaycanda da müstəqillik hərəkatı və azadlığımızın təmin olunmasına xidmət edəcək. Bu səbəbdən də seçkilərə qatılmağın, qadın düşməni, türk düşməni Səid Cəlilinin qarşısındakı mütərəqqi, ali düşüncəli və miliyyətcə türk olan Məsud Pezeşkiana səs verməyi tövsiyə edirik.

- Pezeşkianın seçilməsi konkret olaraq İran üçün nə vəd edir?

- Sistemin totalitar olmasına baxmayaraq, onun seçilməsi Azərbaycan, türk xalqı ilə yanaşı, bütün İrana və İranda yaşayan başqa xalqlara bir çox yeniliklər, müsbət dəyişikliklər gətirəcək. Buna inanır və belə olacağına söz verirəm. Bir məsələni də xatırladım ki, 2016-cı ilin noyabr ayında İran parlamentinin kürd deputatları “kürd fraksiyası” yaratdılar. Bundan sonra bizim təşkilat parlamentdə olan türk deputatlara xitabən müraciət ünvanladı və onların da belə bir fraksiya yaratmalarını istədi. Məsud Pezeşkian dərhal təşəbbüs göstərərək, parlamentdə olan türk millət vəkillərindən ibarət 100 nəfərlik “Türk bölgələrinin millət vəkillərinin fraksiyası”nı qurdu. Bütün bunlar onun prezident seçiləcəyi təqdirdə də daha faydalı addımlar atacağına inamı artırır. O, prezident olsa, Azərbaycan Respublikası ilə də münasibətləri yaxşılaşdırmağa, Güney Azərbaycanın inkişafına çalışacaq. Buna gücünün çatıb-çatmayacağını demək çətindir, ancaq təşəbbüs göstərəcəyinə şübhə yoxdur.

- Xaricdəki bir sıra təşkilatlarımız və şəxslərin hazırkı seçkilərə boykot siyasəti siyasidir, yoxsa burada başqa amillər də rol oynayır?

- Məsələ burasındadır ki, boykot məsələsində Məsud Pezeşkiana qarşı bəzi şəxslərin qısqanc münasibəti də rol oynayır. Xaricdə başqa təsirlər altında olanların Güney Azərbaycan xalqı adından qərar vermələri doğru deyil. O insanlar öz taleləri barədə özləri qərar verəcəklər. Bundan əvvəl Pezeşkiandan 10 qat aşağı səviyyədə seçkilərə qoşulanlar maraqları təmin edilmədikdən, harasa seçilmədikdən sonra mövqelərini dəyişib, başqa istiqamətdə fəaliyyətə başlayıblar. Belələri və oxşarlarının indi Məsud Pezeşkiana qarşı aqressiv mövqedən çıxış etmələri yersizdir.

Tarix
2024.07.04 / 13:59
Müəllif
Cavidan Elbars
Şərhlər
Digər xəbərlər

Türk dövlətləri üçün yeni era Şuşada başladı

Əliyev dəvət etdi: Pezeşkianın ilk xarici səfəri hara olacaq?

TDT liderləri Azərbaycana təşəkkür etdi

Şuşada Qarabağ Bəyannaməsi imzalandı - Tam mətn

Hakan Fidan: Can Azərbaycanı buna görə təbrik edirəm

Orban Füzuli hava limanında: səfəri başa çatdı - Foto

Özbəkistan liderinin də Şuşa səfəri başa çatdı

Tokayevin Azərbaycana səfəri başa çatdı

İlham Əliyev TDT liderlərinə ziyafət verdi - Foto

Japarovun Şuşa səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla