Yuxarı

Ağadadaşı hər tərəfdən baltalayırlar...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Ağadadaş Ağayevin “baltalı hücumu” ilə bağlı görüntülər artıq bir çox məsələyə aydınlıq gətirir.

Mübahisənin nədən qaynaqlandığı bilinməsə də, Ağadadaş Ağayevin balta atdığı aydındır – ancaq o baltanın kimisə yaraladığı, həm də “ağır yaraladığı” haqda ortada heç bir sübut yoxdur. Mümkündür ki, baltanın sapından çıxan ağzı kiməsə dəyib və o zədələnib – amma o zədənin ciddi olmadığı da hər kəsə bəllidir.

Video ortaya çıxardı ki, xalq artisti acımasızcasına döyülür: gözətçi Nurəddin Cəlilov onu baltanın sapı ilə də vurur, yerə yıxılandan, harayçılar araya girdikdən sonra da dayanmır – qulağı sarıqlı, xəstə olduğu açıq-aydın görünən 68 yaşlı adamın başına təpik zərbəsi endirir.

Davanın haradan qaynaqlandığını, nələrin baş verdiyini istintaq üzə çıxardacaq. Ancaq çox maraqlıdır ki, sosial şəbəkələrdə böyük əksəriyyət Ağadadaş Ağayevi – yıxılan, döyülən sənətkarı baltalamaqla məşğuldur: şərhlər, statuslar ancaq xalq artistinə qarşı yönəlib.

Acıma yoxdur: onun xəstə olması, qulağından əməliyyat edilməsi, uzun illər və hazırda da Azərbaycan musiqisinə xidməti qəti nəzərə alınmır. Sanki hamı Ağadadaşın yıxılmasını gözləyirmiş – yıxılan kimi bax o gözətçi-qarovulçu-mühafizəçi kimi hər kəs Ağadadaşa, həm də başına bir təpik ilişdirmək üçün növbəyə düzülüb.

Heç kəs düşünmür ki, 68 yaşlı bir sənətkarın canı ağrıya, bəlkə də düzgün olmayan söz işlədə bilər – ancaq bir xəstəxananın bir gözətçisinin və yaxud istənilən şəxsin o yaşda insana hörmət göstərməsi ilə dünya dağılmazdı.

Əlbəttə, Ağadadaşın günahı çox böyükdür: onillərlə toyxanalarda, min cür insanla üz-üzə gələn şəxs heç bir halda gözətçi səviyyəsinə enməməliydi, ona baltalı hücuma keçməyə cəhd göstərməməliydi. Ancaq bir psixoloji an da var – can ağrısı, bu zaman dünyada heç nə insanın gözünə görünmür.

...Heyrətamizdir, Ağadadaşa münasibətin bu qədər nifrət üstündə qurulmasını anlamaq çətindir. Bu xalq öz ixtiyar sənətçisinin qanını içməyə, onu baltalı qatil kimi təqdim etməyə nə qədər meyilli imiş?

İndi də daha bir feyk buraxıblar ki, guya Ağadadaşı bəzi media qurumları və yaxud bəzi şəxslər “xüsusi tapşırıqla” müdafiə edir. Niyə böhtan atırsınız? Ayıb deyilmi? Gedin, “Medera”dan nə alırsınız, alın; gedin, “Medera”dan aldığınız reklama görə Ağadadaşı necə istəyirsiniz, elə də baltalayın! Ancaq ixtiyar bir insanın yerə yıxılıb təpiklənməsinə görə ürəyi ağrıyan jurnalistləri, şəxsləri heç olmasa şərləməyin – əgər Allahınız varsa! Hərgah ciddi şübhə edirəm...

Hə, “Medera” bir çox media qurumunun, xüsusilə bəzi telekanalizasiyalardakı əxlaqdağıdıcı verilişlərin sponsorudur. İndi onlar özlərinə əl qatıblar və sizlər yerə yıxılıb, başı tapdanan 68 yaşlı xəstə xalq artistini o “reklamın” güdazına verirsiniz!

Heç düşünmürsünüz ki, heç bir əsəb yaşlı və xəstə insanı o cür döyməyə səbəb ola bilməz!

Heç düşünmürsünüz ki, bu gün Ağadadaşı – 68 yaşlı xəstə xalq artıstini ayağının altına qoyan mühafizəçi-qarovulçu-gözətçi və onun arxasında duran “Medera” sabah o xəstəxanaya yaxınlaşanda canınız ağrıdığı üçün bir az əsəbi danışdığınız halda sizi hansı günə salar!

Yıxılan bu dəfə Ağadadaşdır, öz günahından yıxıldı, gözətçi səviyyəsinə düşməməliydi – yıxıldı və baltalanır, zatən güdükdə “Medera”nın maraqlarını qorumaq üçün illərlə “reklamlananlar”a da baltanı özü verdi; Ağadadaşın atdığı baltanın sapından çıxan tiyəsinə özünü saplayan “sapı özümüzdən olanlar” o baltanı xalq artistinin alnının ortasına saplayır.

Allah heç kəsi yıxmasın! Allah heç bir yıxılana güdükdə duranlara öz əli ilə balta verməyi qismət etməsin!

Ağadadaşa qalxmağı arzulayıram - həm xəstəlikdən, həm də yıxıldığı yerdən!

Tarix
2024.07.23 / 16:50
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

ABŞ və Çin COP29-u müzakirə etdi - Podesta

Tarixdə ilk dəfə COP bizim regionumuzda keçiriləcək

Prezident İtaliyada mühüm forumda çıxış etdi - Video

İranın Zəngəzurla bağlı məntiqsiz açıqlamaları: Nə baş verir?

AŞPA üzvlərinə qoyulan qadağa bu halda ləğv ediləcək

Ukrayna suverenliyi üçün uğursuz səylər göstərir

Əliyev açıqladı: Rusiya-Ukrayna münaqişəsinin həllində iştirak...

Bakı bunun yolunu yaxşı bilir - Orban

İlham Əliyevin İtaliya səfəri başa çatdı

Prezidentin onunla səmimi görüşü diqqət çəkdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla