Gələcəyin təyyarələri yanacaqsız işləyəcək.
Bu barədə Lent.az-a Milli Aviasiya Akademiyasının "Hava
nəqliyyatının texniki istismarı" fakültəsinin 4-cü kurs tələbəsi
Turan Məmmədli deyib. Onun sözlərinə görə, bu mühərriklər standart
mühərriklərdən fərqli tamamilə yanacaqsız işləmə qabiliyyətinə
malik olacaq.
T.Məmmədli bu mühərriklərin böyük potensiala və gələcəyi
dəyişmək gücünə malik olacağını deyib: "Artıq Milli Aviasiya
Akademiyasının təyyarə mühərriki mütəxəssisləri layihə ilə tanış
olub, Elmi Tədqiqat İnstitutuna layihənin baxılması və sınaqların
keçirilməsi haqqında məlumat verilib".
Turan Məmmədli bu mühərriklərin ən yaxşı tərəflərindən birinin
ekoloji cəhətdən təmiz olduğunu vurğulayıb: "Çünki atmosferə burdan
yanacaqdan ayrılan heç bir qaz daxil olmur. Normal təyyarə
mühərriklərində yanma kamerasında yanacağın yanmasından genişlənən
hava mühərrikin soplosundan yüksək sürətlə çıxan hava şırnağı
təyyarəni önə doğru itələyərək hərəkətə gətirir. Lakin mənim
hazırladığım mühərriklərdə yanma kamerasında yanacaq yanmır, burda
süni elektrik boşalması yaradaraq yüksək temperatur əldə
edilir".
T. Məmmədli həmçinin təyyarələrin görüntüsünün də dəyişəcəyini
deyib: "Hazırda təyyarələrin çəkisinin böyük hissəsini yanacaq
tutur. Məsələn, dünyanın ən böyük sərnişin təyyarəsi "Airbus
A-380-800" 850 sərnişin tutumuna malikdi. Bu təyyarənin ümumi
çəkisi 570.000 kiloqram olduğu halda, yanacaq tutumu çəkisi 320.000
litr, yeni 256.960 kiloqramdır. Ancaq mənim hazırladığım
mühərriklər yanacaqsız işlədiyi üçün təyyarələr yanacaq
götürməyəcək və əvəzində ölçüləri artacaq. Düşünürəm ki, təyyarənin
uzunluğu təxminən 180 metr, qanad qolayı isə 150-200 metr arasında
ola bilər. Bu qədər böyük olması da təyyarənin sərnişin tutumunu
2500 nəfərə qədər artıracaq. Bununla yanaşı bu mühərriklər
yanacaqla işləyən təyyarələrin sürətinə nisbətən daha sürətli
olacaq. Bu da o deməkdir ki, gələcəyin təyyarələri "suoersonic"
sürətlə, yəni səs sürəti ilə uçacaq. Onu da əlavə edim ki, mənim
hazırladığım mühərriklərlə təyyarələr yanacaqla deyil, hava ilə
işlədiyi üçün daha uzun zaman havada qala biləcək".
Turan artıq layihənin hazır olduğunu bildirdi: "Bununla bağlı
bir neçə xarici ölkələrlə danışıqlar apardım, amma mən Türkiyə
üzərində dayandım. Türk Hava Yolları Pilotlar Assosiasiyasının
prezidenti Gürcan Mantı əlindən gələn köməkliyi mənə göstərəcəyinə
söz verib, amma şərtləri var. Şərtlərdən biri bu ixtira dövlət
olaraq Türkiyə, şəxs olaraq mənim adımdan tanınacaq və şirkət
yaratdığım halda vergilərin hamısı Türkiyə hökumətinə ödənəcək.
Artıq bu şərtləri qəbul etmişəm".