Rusiyanın münaqişənin nizamlamasında Dağlıq Qarabağ
ətrafındakı rayonların qaytarılması ilə Dağlıq Qarabağın statusu
məsələləri ayrıca nəzərdə tutulur.
Musavat.com-un məlumatına görə, bu barədə
"Qazeta.ru" nəşri Rusiya Xarici İşlər naziri Sergey Lavrovun son
İrəvan səfərinin nəticələrini şərh edərkən yazıb.
Nəşr "yeni plan"ın mahiyyətini Rusiya hakimiyyətinə yaxın
mənbələr vasitəsilə öyrənməyə çalışıb. Mənbələrin informasiyasına
görə, Dağlıq Qarabağ probleminin qısa perspektivdə həlli ilin
sonunadək işğal altındakı 7 rayondan 5-nin Azərbaycana qaytarılması
üçün rəsmi İrəvana təzyiqləri nəzərdə tutur:
"Yerdə qalan iki rayon (Laçın və Kəlbəcər – red.) isə daha sonra
qaytarıla bilər. Qeyd edək ki,
həmin iki rayon da Dağlıq Qarabağa bitişikdir. Bunun qarşılığında
Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərinin blokadası
götürülməlidir" – nəşr qeyd edib.
"Dağlıq Qarabağın kimə məxsusluğu tezliklə müəyyən edilməyəcək
və bu artıq gələcək nəsillərin işidir" – Rusiya elitasındakı yüksək
çinli mənbələrdən biri nəşrə bildirib. Ancaq Ermənistan
rəhbərliyinə yaxın həmsöhbət "Qazeta.ru"ya deyib ki, bu plan
İrəvanda müqavimət doğurub. "Ermənilər ehtiyat edir ki, Azərbaycan
tərəfi bir neçə rayonu alandan sonra daha irəli gedəcək. Ona görə
də Ermənistan ərazilərin azad edilməsini Dağlıq Qarabağın statusu
ilə bağlamaqda təkid edir".
"Rayonların bir hissəsini qaytarıb, oradan erməni qüvvələrini
çıxarıb, Qarabağın statusu məsələsini sonraya saxlamaq mümkün
deyil. Axı, o halda zərbə altında Stepanakert (Xankəndi - red.)
qalacaq. Dördgünlük aprel müharibəsi göstərdi ki, Bakı
təhlükəsizlik zəmanəti verə bilməz. Neft dolları axınının
güclənməsi və Türkiyə ilə müttəfiqlikdə Azərbaycan bu müharibədə
daha da irəli gedə bilər", – Ermənistan rəhbərliyinə yaxın qaynaq
bildirib.
Nəşrin yazdığına görə, başqa bir erməni qaynağı etiraf edir ki,
Moskva Serj Sərkisyana güclü təzyiq eləsə, sonuncu mürəkkəb daxili
siyasi və iqtisadi vəziyyət üzündən dalana düşə və yekun etibarilə
iqtisadi qazancların qarşılığında rayonların qaytarılmasına gedə
bilər. "Məsələ ondadır ki, o halda Sərkisyan siyasi karyerasını
dəfn eləmiş olacaq. O, bunu xalqa necə izah edəcək", – mənbə
ardınca ritorik sual edib.
"Situasiyanı qəlizləşdirən həm də odur ki, prezident Sərkisyanın
özü Qarabağ klanının nümayəndəsidir" - nəşr sonda vurğulayır.
Qeyd edək ki, az öncə rusiyalı tanınmış politoloq, Prezident
Vladimir Putinin səlahiyyətli şəxslərindən sayılan Sergey Markov
"Kazan formulu" əsasında ilin sonunadək 5 rayonun qaytarılacağını,
azərbaycanlı köçkünlərin elə bu il öz yurd yerlərinə qayıdacağını
söyləmişdi.