Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi ATƏT-in
Daimi Şurasının növbəti iclasında bu beynəlxalq təşkilata üzv
ölkələrin nümayəndələrini son günlərdə Ermənistan ordusu tərəfindən
qoşunların təmas xəttində törədilmiş təxribatlar barədə
məlumatlandırıb.
Axar.az xəbər verir ki, bəyanatda bildirilir: Aprelin 27-dən
28-nə keçən gecə Ermənistan silahlı qüvvələri Ağdam və Tərtər
rayonları ərazisində mülki əhalinin yaşadığı məntəqələri, mülki və
ictimai obyektləri, eləcə də Azərbaycan Ordusunun mövqelərini ağır
artilleriya və iriçaplı silahlardan atəşə tutub. İntensiv atəş
nəticəsində iki mülki şəxs qətlə yetirilib, 6 şəxs ağır yaralanıb,
bəzi qeyri-yaşayış obyektləri, əhalinin mülkiyyəti yararsız hala
düşüb, fərdi təsərrüfatlara ciddi ziyan vurulub.
Bəyanatda, həmçinin bildirilir ki, Ermənistanın mülki əhaliyə
qarşı qadağan olunmuş silahlardan istifadə etməsi mülki əhalinin
kütləvi şəkildə məhv edilməsi məqsədini daşıyır. Ermənistan silahlı
qüvvələri tərəfindən qeyri-insani formada kütləvi şəkildə
Azərbaycan vətəndaşlarının qətlə yetirilməsi yeganə istisna hal
deyil, bu, bir daha Ermənistanda dövlət səviyyəsində icra olunan
planlaşdırılmış və sistematik terror siyasətinin bir elementini əks
etdirir.
Daha sonra qeyd edilir ki, aprelin 5-də Azərbaycan ilə
Ermənistan arasında atəşkəs rejiminin bərpa olunması ilə bağlı
razılıq əldə edilməsinə baxmayaraq, Ermənistan tərəfi atəşkəsi
kobudcasına pozur, qoşunların təmas xəttində vəziyyəti
gərginləşdirir və qəsdən mülki şəxslər və obyektləri hədəfə alaraq
münaqişənin həlli üçün danışıqlardan boyun qaçırır. Beynəlxalq
ictimaiyyət Ermənistan tərəfinin bu təxribatçı əməllərini
qınamalıdır. Azərbaycan tərəfi beynəlxalq ictimaiyyəti Ermənistanın
yeni təxribatlar törətməyə hazırlaşması barədə ətraflı şəkildə
məlumatlandırıb və xəbərdar edib.
Azərbaycan tərəfi bəyan edib ki, təmas xətti boyunca mülki
əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Silahlı
Qüvvələrinin Ermənistan qoşunlarının hərbi mövqelərinə qarşı
gördüyü bütün əks tədbirlərin məsuliyyəti Ermənistanın üzərinə
düşür.