Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyev cəbhə bölgəsinə tez-tez səfərlər edir, ön
xətdə hərbçilərlə görüşür. Dövlətimizin başçısı bununla Ali Baş
Komandan kimi zabit və əsgərlər ilə bir yerdə olduğunu göstərir.
Digər tərəfdən bu, şəxsi heyətin ruh yüksəkliyini
artırır.
Bu fikirləri hərbi ekspert, "Azeri Defence" jurnalının bas
redaktoru Rəşad Süleymanov AzərTac-a açıqlamasında deyib.
Ekspert bildirib ki, Silahlı Qüvvələrin zabiti Ramil Səfərovun
Macarıstandan ölkəmizə qaytarılaraq əfv edilməsi və ordu
sıralarında yenidən hərbi xidmətə başlaması, şəhidlər Mübariz
İbrahimovun və Fərid Əhmədovun dəfn mərasimində iştirakı, onların
yüksək fəxri ad və dövlət mükafatı ilə təltif edilməsi, eləcə də
aprel döyüşlərində qəhrəmanlıq göstərmiş və şəhid olmuş hərbçilərin
təltif olunması Silahlı Qüvvələrin şəxsi heyəti arasında böyük ruh
yüksəkliyi yaradıb. Düşmənin aprelin 27-dən 28-nə keçən gecə ağır
artilleriya atəşinə tutduğu yaşayış məntəqələrinin sakinləri və ön
xətdə xidmət edən hərbçilər ilə görüşən, aprel döyüşlərində
fərqlənən hərbçiləri şəxsən təbrik edən Ali Baş Komandan bununla
həmişə Azərbaycan əsgərinin yanında olduğunu, eyni zamanda,
ölkəmizin ərazi bütövlüyünü bərpa etmək əzmini bütün dünyaya
göstərdi.
Prezident İlham Əliyevin Silahlı Qüvvələrimizin hərbi qüdrətinin
artırılmasına, maddi-texniki bazasının gücləndirilməsinə, habelə
hərbçilərin sosial şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət
yetirdiyini vurğulayan R.Süleymanov deyib: "Dövlətimizin başçısı
dəfələrlə çıxışlarında bəyan edib ki, beynəlxalq təzyiqlərə
baxmayaraq, Azərbaycan Ordu quruculuğu və silahlanma tədbirlərində
israrlıdır və yeni, daha müasir silah sistemlərinin, hərbi
texnikaların satın alınması həyata keçiriləcək. 2003-cü ildə
Azərbaycanın müdafiə xərcləri 160 milyon ABŞ dolları təşkil etdiyi
halda, bu gün il ərzində müdafiə sahəsinə 3 milyard dollardan çox
vəsait ayrılır. Bu vəsait hesabına həm ən müasir silah
sistemlərinin alınması, həm yerli hərbi sənayenin
formalaşdırılması, həm də hərbçilərin sosial şəraitinin
yaxşılaşdırılması tədbirləri həyata keçirilir".