Ana səhifə Gündəm |
Artıq hər kəsə aydındır ki, AZAL-ın 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən təyyarəsi Rusiya HHM sistemlərinin hücumuna məruz qalıb və ciddi zədələnib. Həm də o aydın oldu ki, Rusiya vurduğu təyyarənin eniş etməsinə icazə verməyib və onu hava məkanından “qovub”.
Böyük ehtimal, AZAL təyyarəsinin “Pantsir” hədəfinə çevrilməsi təsadüfdür. Ancaq bu fakt Rusiya ilə bağlı dəhşətli faktları üzə çıxartdı:
- Qroznı da daxil olmaqla, Rusiyanın bir çox şəhəri açıq hədəfdir. Ukrayna PUA-ları artıq bir neçə dəfə Qroznıda hərbi obyektləri və aerodromlarda hədəfləri məhv edib;
- Rusiya Moskva və Sankt-Peterburq istisna olmaqla, digər şəhərlərini qoruya bilmir – artıq Rusiyanın hava məkanı təhlükəsiz deyil;
- Aydın oldu ki, Rusiya konkret olaraq Qroznıya yalnız 2 PUA hücum edərkən mübarizə apara bilir. Cəmi 5 PUA Qroznı, Mahaçqala, Minvod da daxil olmaqla, bütövlükdə Şimali Qafqazı iflic etdi;
- Rusiya Qroznını qorumaq üçün yalnız son həftədə 2 “Pantsir” verə bilib, ancaq bu silahları idarə etməyə qadir olan peşəkarlar, hücum zamanı mükəmməl davranan kadrlar yoxdur. Adi bir dron hücumu Rusiyanı çökdürür, özlərini itirirlər, öz vətəndaşlarının da olduğu mülki təyyarəni vururlar və bundan sonra nə etmək lazım olduğunu belə bilmirlər;
- Rusiya o qədər zavallı hala gəlib ki, dron hücumu zamanı aeroportlarını bağlamağa çatdırıb qərar verə bilmir! Səbəb – PUA-ların vaxtında təsbit edilməməsi, görülməməsidir. Yoxsa Ukrayna PUA-ları az qala min km uçub, gəlib Mahaçqala, Qroznıda bu ölkəni iflic edə bilməzdi. Rusiya qüdrətli ölkə olsaydı, Ukrayna PUA-ları ölkə ərazisinə 20 km-dən artıq nüfuz edə bilməzdi;
- Aydın oldu ki, Rusiya öz dərisini qorumaqda artıq çətinlik çəkir: idarəetmə zəifdir, ali hərbi və siyasi rəhbərlik prosesə nəzarət edə bilmir. Əks halda federasiya subyektlərinin hər biri özünü qoçu kimi aparmazdı;
- Aydın oldu ki, Çeçenistan rəhbəri Ramzan Kadırovun Qroznıya hücuma görə Ukraynanı “dəhşətlə” hədələməsi boş və mənasız pafosdur. Ukrayna PUA-ları Qroznıdakı hədəfləri darmadağın edəndən sonra Kadırov “qisas” vəd etmişdi. Ancaq “qisas”dan 10 gün keçir, PUA-lar yenə Qroznıda istədiyi obyektə hücum edə bilir və çeçen komandirləri o vəziyyətdə iflic edir ki, onlar mülki təyyarələri vururlar;
- Putin Rusiyası böyük itkilər hesabına Ukraynada irəliləyir, ancaq bu irəliləmə 3 ildir hələ də Donbas ərazisinin tam işğalına gətirib çıxarmayıb. Rusiya o vəziyyətə düşüb ki, Kurskdan Ukrayna qüvvələrini aylardır çıxara bilmir, bunun üçün Şimali Koreyaya yalvarıb, döyüşçü gətizdirir;
- Rusiya o qədər miskin duruma düşüb ki, Ukrayna Moskvanın göbəyində Müdafiə Nazirliyinin strateji qüvvələrinə rəhbərlik edən generalını adi bir miqrantın əli ilə öldürür...
Rusiya niyə Azərbaycandan üzr istəməyə tələsmir, olayı ört-basdır etməyə çalışır?
- Çünki Rusiyanın miskinliyini, zəifliyini dolayısı ilə etiraf etmiş olacaq;
- Çünki Rusiyada təhlükəsiz yer olmadığı ifşa olunacaq;
- Çünki “qüdrətli Rusiya” mifi dağılacaq.
Putin bir “Oreşnik”lə həftələrdir öyünür və bununla dünyanı hədələyir. Ancaq unudur ki:
- Qərb texnoloqları Rusiyanı bütün hərbi sirlərini ortaya qoymağa məcbur etdilər;
- Qərb Ukraynada geri çəkilməklə, Rusiyanın bütün silahlarını üzə çıxarmasına imkan yaratdı.
Rusiyanın üzə çıxarmadığı heç nə qalmayıb – qalsa belə, 1-2 raket ola bilər.
Ancaq Ukraynaya hələ də Qərbin ən məşhur raketləri verilməyib; raketlər bir yana, müharibənin 3-cü ili tamam olur, hələ də Ukrayna 10-15 ədəd istisna olmaqla, F-16-lar almayıb!
Bəs, yüzlərlə F-16, onlarla F-35 verilsə, Rusiya nə günə düşəcək?
Bəs, “Tomahavk” gəlsə, nə olacaq?
Bəs, “Taurus” verilsə?
Bu, hələ illərdir müzakirəsi gedən və verilməyən, adını əzbərlədiyimiz silahlardır.
Halbuki Rusiya yalnız HİMARS və ATACMS-in əlində əsir-yesir qalıb.
İndi isə bəlli olur ki, Ukrayna PUA-ları Rusiyanı iflic etməkdədir.
Hələ Ukraynaya ABŞ-ın MQ-9-ları verilməyib. Ukraynanın zəif dronlarına qarşı müdafiəsiz olan Rusiya şəhərləri “Reaper” qarşısında nə günə düşər?
Rusiya 25 dekabrda ifşa olundu – həm də çox eybəcər şəkildə! Məlum oldu ki, öz zəifliklərini ört-basdır etmək üçün Rusiya öz vətəndaşlarının da olduğu təyyarəni zədələyib, onu ölümə tərk etməyə hazırdır!
Böyük dövlət o vaxt olur ki, zəifliyə, xətaya görə üzr istəyir və dərhal zəif cəhətlərin düzəldilməsi barədə qərarlar alır!
Putin bilir ki, bu zəiflikləri düzəltmək mümkün deyil, ona görə də “sovet başı” ilə işləyir: problemin üstünə getmək əvəzinə “ört-basdır texnologiyası" tətbiq edilir.
Bu, çox ciddi faciələrin soraqçısıdır!
Tarix
2024.12.27 / 13:58
|
Müəllif
Şeyx Teymur
|