Ermənistanın müdafiə naziri Seyran Ohanyan yenidən
Moskvaya səfər edəcək.
ANS-in məlumatına görə, nazirin müavini David
Tonoyan "Aykakan Jamanak" qəzetinə müsahibə verib. Jurnalistin
"bizdə olan məlumata görə, Ohanyan yenidən silah satışı ilə bağlı
Moskvaya gedir" sualına cavabında bunu təkzib etməyib. O deyib ki,
Ohanyanın ezamiyyətləri barədə mətbuata müvafiq xəbərlər
verilir.
Məlumata görə, səfər zamanı əsas müzakirə mövzusu Rusiyadan kredit
əvəzinə alınan silahların Ermənistana daha tez göndərilməsi
olacaq.
"Ermənistan və Rusiya arasında əldə olunan silah müqaviləsinin
həyata keçirilməsində heç bir problem yoxdur. Hər bir tərəf
öhdəliklərini yerinə yetirir. Amma yeni vəziyyətə uyğun olaraq
silahların Ermənistana nəzərdə tutulandan tez bir zamanda
çadırılması ilə bağlı iş gedir. Bu məsələnin həllində də heç bir
maneə yoxdur. Ermənistan və Rusiyanın mütəxəssisləri bir yerdə
effektiv işləyirlər", - deyə nazir müavini bildirib.
Amma silah alışını müzakirə etmək üçün Rusiyaya gedəcək Ohanyanın
səfər tarixinin vaxtı açıqlanmır.
Ohanyan Moskvada sonuncu dəfə aprelin 27-də olub. O, həmin səfər
zamanı 5-ci Beynəlxalq Təhlükəsizlik konfransında iştirak edib.
Erməni nazir səfər çərçivəsində İranın müdafiə naziri Hüseyn
Dehkanla görüşüb. Geniş tərkibli görüş zamanı Dağlıq Qarabağ
münaqişəsi müzakirə olunub.
O, Moskva səfəri zamanı Rusiyadan silah alışının
sürətləndiriləcəyini demişdi. "Rusiyayla münasibətlərə gəlincə,
Ermənistanın müdafiə naziri Rusiya ilə əvvəlki kimi əməkdaşlıq
etdiklərini qeyd edib. Seyran Ohanyan bu sahədə "heç nə dəyişməyib"
- deyə vurğulayıb.
Ötən il iyunun 26-da İrəvanda hökumətlərarası komissiyanın iclası
çərçivəsində Ermənistan və Rusiya arasında 200 milyon dollarlıq
kredit razılaşması imzalanıb. Bununla Rusiya Federasiyası hökuməti
Ermənistan ordusunun müasir silahla təminatı üçün 200 milyon dollar
məbləğində güzəştli kredit ayırıb. 2016-cı il fervalın 10-da isə
iki ölkə arasında kredit müqaviləsi qüvvəyə minib.
Rusiyanın Azərbaycana silah satması Ermənistanın narazılığına səbəb
olub. Bu məsələ ötən ay cəbhə xəttində vəziyyət gərginləşəndən
sonra yenidən gündəmə gəlib. Məsələ ilə bağlı Rusiyanın rəsmiləri
də açıqlama verməli olublar. Belə ki, Rusiya baş nazirinin müavini
Dmitri Roqozin ermənilərin iddialarına cavab olaraq bəyan edib ki,
əgər Moskva Dağlıq Qarabağ münaqişəsi tərəflərinə silah satışından
əl çəkərsə, Rusiyanın yerini ABŞ və digər ölkələr tutacaq.
"Biz Azərbaycan və Ermənistana silahı maraqların balansına əməl
etməklə satırıq. Biz bölgədən gedən kimi, Azərbaycan və Ermənistan
ilə hərbi-texniki əməkdaşlığı dayandıran zaman ərazidə siyasətdə
daha böyük qüvvələr peyda olacaq və onlar əsl real müharibə
yaradacaqlar", - deyən Roqozin bununla da ermənilərin narazılığına
baxmayaraq silah satışının davam edəcəyini deyib.
Cəbhə bölgəsindəki döyüş əməliyyatlarından sonra Bakıya səfər edən
Rusiyanın baş naziri Dmitri Medvedev də ölkəsinə qayıdandan sonra
silah satışı məsələsinə aydınlıq gətirib. Rus nazir jurnalistin
"Azərbaycan və Ermənistana silah satışı davam edəcəkmi?" sualına
belə cavab verib: "Rusiya hər iki ölkə ilə əməkdaşlıq əlaqələrinə
malikdir. Rusiyanı həm Ermənistan, həm də Azərbaycanla çoxəsrlik
münasibətlər bağlayır. Burada hər şey aydındır. Siyasi və hərbi
məsələlərdə də Rusiya hər iki ölkəyə eyni gözlə baxır".