Ermənistan Xarici İşlər naziri Edvard Nalbəndyan Dağlıq
Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların davam
etdirilməsi üçün atılmalı olan addımları sayıb.
Axar.az ANS-ə istinadla xəbər verir ki, Nalbəndyan
danışıqlar prosesinin aprelin əvvəlində baş verən gərginliyin
təkrarlanmamasına yönəlməli olduğunu bildirib.
"Danışıqlar 1994-1995-ci illərdə atəşkəsin bərqərar olunmasına
dair əldə edilən razılaşmalara birmənalı riayət edilməsinə, eyni
zamanda, atəşkəsin pozulması hallarının araşdırılmasına dair
mexanizmlərin tətbiq edilməsinə hədəflənməlidir" - deyə Nalbəndyan
Ermənistanın Daşnaktsyutsyun İnqlabi Federasiyasının nümayəndələri
ilə görüşdə bildirib.
Qeyd edək ki, cəbhə xəttində aprelin 1-də ermənilər təxribata əl
atdı və Azərbaycanın yaşayış məntəqələrini atəşə tutdu. Kəndlərin
atəşə tutulması nəticəsində mülki əhalidən 1-i azyaşlı olmaqla 4
nəfər öldü, 2-si azyaşlı olmaqla 18 nəfər yaralandı.
Azərbaycan erməni silahlı birləşmələrinin bu təxribatının və
mülki əhaliyə qarşı vəhşiliyinin qarşısını almaq üçün Ermənistan
ordusuna zərbə endirdi və əks-hücum təşkil etdi. Dördgünlük
müharibə olaraq Azərbaycan tarixinə düşən bu savaşda ermənilər
ciddi itki verərək, 20 ildən artıq müddətdə möhkəmləndirilmiş
istehkamlarından vurulub çıxarıldılar. Azərbaycan Ordusu qısa
müddətdə Lələtəpəni və Talış kəndi ətrafındakı strateji əhəmiyyətli
yüksəklikləri azad etdi. Döyüş ermənilərin işğalı altında olan
Azərbaycan ərazilərinin bir faizinin geri qaytarılması ilə
nəticələndi. Yalnız ermənilərin israrlı xahişindən və Rusiyanın
təkidli müdaxiləsindən sonra aprelin 5-də Azərbaycan ordusu hücumu
dayandırdı.
Buna baxmayaraq, Ermənistan silahlı qüvvələri aprelin 25-26-da
Azərbaycan kəndlərinə qarşı növbəti vəhşiliyə əl atdı və mülki
əhali vuruldu. Bu vəhşilik nəticəsində son bir ay ərzində cəbhəyanı
kəndlərdə 445 evə, 5 məktəbə, 2 tibb məntəqəsinə, 2 uşaq bağçasına,
digər sosial və inzibati binalara ziyan dəydi, 100-dən artıq ev isə
tamamilə dağıldı.
Ermənilərin dinc əhaliyə bu hücumu zamanı 6 nəfər həlak oldu, 26
nəfər yaralandı. Ermənilər həmçinin 50-dən çox mal-qara öldürdü və
yaraladı.
Buna baxmayaraq, Azərbaycan ordusu əks-həmləyə keçmədi, yalnız
atəş nöqtələrini vurmaqla düşməni itki verməyə və susmağa məcbur
etdi.