Qarabağda yaşayan ermənilər
separat rejimdən narazıdırlar.
Axar.az xəbər verir ki, bu barədə reportajı Ermənistanın
"1in.am" saytı hazırlayıb. Sayt qondarma rejimdəki erməni əhalinin
aprel müharibəsinə qədərki həyatının tam dəyişilməsini tələb
etdiyini bildirir.
Ermənilər Qarabağdakı vəziyyətin dözülməz olduğunu söyləyirlər.
Onlar sadə camaatın həmişə müharibə zamanı hakimiyyətin yadına
düşdüyünü bildirirlər:
"Vəziyyət gərginləşəndə dərhal birlikdən, qardaşlıqdan
danışırlar. Sülh zamanı gələndə və təhlükə minimum səviyyəyə
çatanda "ölkə" bir neçə nəfərin mülkiyyətinə çevrilir. Burada olan
hər şey - əldə olunan bal və qızıl, hidroelektrik stansiyaların
düzəldilə biləcəyi çaylar, taxılın yetişdiyi torpaqlar onlara
məxsus olur. Aydın olur ki, əgər sənin bir az torpağın varsa, orada
heç nə becərə bilməzsən. Suvarma üçün su da bir neçə nəfərindir.
Kəndlinin torpağının quruması, onların ailəsinin ac qalması belə
heç kimi maraqlandırmır".
Sayt qeyd edir ki, Dördgünlük müharibədən sonra Qarabağdakı
ermənilərin beynində psixoloji inqilab baş verib. Jurnalistə
qondarma rejimdəki vəziyyəti anladan erməni əsgər (o, ehtiyatda
olub, yalnız Dördgünlük müharibədən sonra yenidən orduya çağırılıb
– red.) indiyə qədər İrəvanın söylədiyi bütün fikirlərin hamısını
darmadağın edib:
"Biz hamımız bu situasiyadan yorulmuşuq. Ona görə ki, daha
dözmək mümkün deyil. Mən öz sağlığımı, həyatımı nəyəsə qurban
verib, qarşılığında heç bir şey qazanmamaqdan usanmışam. Məni insan
hesab etmirlər. Mən yalnız onların əmlakını qorumaq üçün lazımam.
Mənim də qorumaq üçün nəyimsə olmalıdır".
Erməni əsgərlərinin başqa bir qrupu isə Qarabağda qazın,
benzinin, qida məhsullarının baha olmasından şikayət edirlər:
"Mən (reportyor – red.) onlara Xankəndinin uzaqda yerləşdiyini
və buraya nəqliyyat xərclərinin daxil olduğunu söyləyəndə, onlar
mənə güldülər və dedilər ki, hər şeyi bilirlər. Digər tərəfdən isə
təsdiqlədilər ki, Qarabağda da bəzi mallar Ermənistandakı kimi
monopoliya altındadır. "Qarabağ hökuməti" balaca olan bazarı
parçalayıb və heç kimə zəruri tələbat mallarını idxal etməyə imkan
vermir. Məsələn, kiçik dükanlardan birinin sahibi təsdiqlədi ki,
artıq 8-9 aydır ona Ermənistandan un gətirməyi qadağan
ediblər".
Jurnalist reportajında həmçinin Qarabağda Ermənistandakı kimi
istənilən şəxsin bir an içərisində yox olmasının, əmlakının məhv
edilməsinin mümkün olduğunu bildirir. Daha sonra Qarabağdakı mobil
əlaqəyə yer ayıran jurnalist burada da özbaşınalığın baş alıb
getdiyini göstərir. "Qarabağ telekom" şirkəti qondarma rejimdə
mobil əlaqə sahəsində əsas monopolistdir. Belə ki, adi günlərdə
mobil əlaqənin 1 dəqiqəsinə 10-12 dram xərclənirdisə, indi o 40
drama qaldırılıb. Sadə ermənilər bunun aprel savaşının
başlanmasından sonra insanların bir-birinə tez-tez zəng etməsi və
monopolistin də bundan yararlanmaq istəməsi ilə əlaqədar olduğunu
bildiriblər.