Ana səhifə Gündəm |
Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən Cəlal Kazımov anket məlumatlarında yanlışlıqlar olduğunu qeyd edib.
O bildirib ki, anket məlumatlarında ailəli göstərilsə də, hazırda subaydır. Məlum olub ki, Cəlal Kazımovun keçmiş həyat yoldaşı və övladları maraqlı şəxs kimi məhkəməyə müraciət ediblər. Maraqlı şəxslər üzərinə həbs qoyulan əmlakların onlara qaytarılmasını istəyirlər. Birinci instansiya məhkəməsində Cəlal Kazımovu müdafiə edən vəkil onun keçmiş həyat yoldaşı və övladlarını təmsil edib. Araşdırma zamanı məlum olub ki, Vüsal Əlizadə və Cəlal Kazımovun vəkilləri prosesdə iştirak etmir.
Vüsal Əlizadə deyib ki, o müqavilə əsasında olan vəkilindən imtina edib. O, dövlət hesabına ona vəkilinin təyin olunmasının istəyib. Cəlal Kazımovun da vəkili ilə müqavilə bağlamadığı məlum olub. Onun sözlərinə görə, ümumiyyətlə vəkildən imtina edir və müdafiə olunmaq üçün vəkil istəmir.
Prosesə sədrlik edən hakim xatırladıb ki, xüsusi ilə ağır cinayətlər törədən şəxslərin hüquqlarını müdafiə etmək üçün vəkilin təyin olunması məcburidir. Hər iki təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan ilkin baxış iclasının keçirilməsinə etiraz etməyiblər. Digər təqsirləndirilən şəxslər və onların da vəkilləri prosesin davam etdirilməsini istəyiblər. Yerində müşavirə keçirən hakimlər heyəti belə qərara gəliblər ki, iki təqsirləndirilən şəxslərdən Cəlal Kazımov və Vüsal Əlizadənin vəkili iclasda iştirak etmədiyi üçün ilkin baxış iclası başqa vaxta təxirə salınır.
Hakim bildirib ki, hər iki təqsirləndirilən şəxs vəkillə təmin olunacaq.
Proses fevralın 17-də davam edəcək.
Tarix
2025.02.03 / 18:19
|
Müəllif
Axar.az
|