Birləşmiş Ştatlar ordusu Azərbaycan və Ermənistana
mümkün hərbi müdaxilə üçün təlimlər keçir.
Virtualaz.org
xəbər verir ki, bu sensasion məxfi məlumat "The National İnterest"
dərgisi tərəfindən yayılıb.
Cozef Trevetçik (Joseph Trevithick) tərəfindən yazılmış məqalədə
deyilir ki, heç şübhəsiz ordunun döyüş hazırlığı mümkün qədər
reallığa yaxın olmalıdır. Lakin bunun başqa tərəfi də var.
Məlum olub ki, ABŞ konkret ölkələrə qarşı müharibəyə hazırlaşır
və həmin ölkələrin adlarını gizli saxlayır.
Ancaq onlara verilən şərti adlara və əlamətlərə əsasən söhbətin
hansı dövlətlərdən getdiyini ayırd etmək çətin deyil.
Birləşmiş Ştatların yerüstü qüvvələrinin döyüşə hazırlaşdığı və
şərti adla adlandırılan ölkələr arasında Azərbaycan və Ermənistan
da yer alır.
"The National İnterest"in yazdığına görə, 2015-ci ilin aprel
ayına olan vəziyyətə əsasən, ABŞ ordusu öz əsgərləri üçün müdaxilə
etmək üçün "mürəkkəb keçmişi olan" beş xəyali dövlət seçib. Ariana,
Atropiya, Donovia, Gorqas və Limaria adlı bu şərti dövlətlər xəyali
olaraq Qafqaz peyzajında qurulub. Bu beş dövlət "Təlim mühiti üçün
qətiyyətli hərəkətlər" ("Decisive Action Training Environment" və
ya DATE) qrupunda birləşib.
Pentaqonun sənədlərində göstərilir ki, hərbi təlimlər həmin
şərti dövlətlərdə döyüş aparmaq ssenariləri əsasında
planlaşdırılmalıdır. Sənəd ABŞ-ın İnformasiya Azadlığı Aktı
əsasında əldə edilib. Şərti dövlətlərin hər biri oxşar siyasi
struktura, iqtisadiyyata, qoşun növlərinə, hərbi texnikaya və digər
xüsusiyyətlərə malikdir. Sənəddə hansısa real ölkə əsasında
modelləşdirmə aparılmır, ancaq orada əks olunanlar real vəziyyəti
və hadisələri əks etdirir.
DATE-qrupda yer alan Ariana adlı şərti dövlətin əlamətləri
İranla eynidir. Atropia və Limaria isə müvafiq olaraq Azərbaycan və
Ermənistanı xatırladır. Sənəddə deyilir ki, hər iki şərti dövlət
"Aşağı Janga" əyalətinə görə müharibə şəraitindədir. Donovia
dövlətinin əlamətləri Rusiya, Gorqas dövlətinin əlamətləri isə
Gürcüstanla eynidir.
Sənəddə göstərilən şərti dövlətlərdə əməliyyat aparmaq üçün 80
müxtəlif ssenari göstərilir. Bura humanitar fəlakətlər və
terrorçuluğun qəfil alovlanması, digər daxili böhranlar və total
müharibə ehtimalları daxildir.
"The National İnterest" yazır ki, 2012-ci ildə Luiziana ştatının
Fort Polk bazasında keçirilən məşqlərdən birində Ariana dövlətinin,
yəni İranın qoşunlarının Atrpoia dövlətinə, yəni Azərbaycana
müdaxiləsi və neft yataqlarını ələ keçirməsi, ABŞ ordusunun Atropia
dövlətinə kömək üçün hərbi əməliyyatlar aparması sınaqdan
keçirilib.