Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb.
Axar.az xəbər verir ki, məktubda 33 il əvvəl Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ən böyük soyqırımının törədildiyi, bir gecədə Xocalı şəhərinin işğal edilərək, 613 dinc sakinin, o cümlədən 106 qadın, 63 uşaq və 70 qocanın qətlə yetirildiyi bildirilib. Qeyd olunub ki, həmin gün daha min Xocalı sakini yaralanıb, 1275 nəfər girov götürülüb, 150 nəfər isə itkin düşüb.
Məktubda vurğulanıb ki, bir sıra beynəlxalq təşkilatlar, milli parlamentlər, tanınmış beynəlxalq hüquqşünaslar, xarici jurnalistlər, insan haqları müdafiəçiləri və beynəlxalq qeyri-hökumət təşkilatları Xocalıdakı qətliamı soyqırımı aktı və ya insanlığa qarşı cinayət kimi pisləyiblər.
Təcavüzün səbəb və nəticələrinin ümumi qiymətləndirilməsi və mövcud sübutlar aydın göstərir ki, Xocalıda törədilmiş cinayətlər tək-tək və ya təsadüfi deyil, geniş və sistemli şəkildə etnik və dini nifrət və dözümsüzlük zəminində törədilən vəhşilik siyasətinin tərkib hissəsidir. Bundan başqa, hərbi məqsədlərə nail olmaq üçün təcavüzkar tərəfindən Azərbaycanın dinc əhalisinin qanunsuz şəkildə hədəfə alınması, girovların götürülməsi və saxlanması, əsirlərə və mülki məhbuslara qarşı pis rəftar və onların qısa müddətdə edam edilməsi, etnik təmizləmə, Azərbaycanın yaşayış məntəqələrinin geniş şəkildə dağıdılması, dinc əhaliyə divan tutulması, mədəni və dini irsin məhv edilməsi kimi qadağan olunmuş müharibə üsulları və vasitələrindən istifadə edilib”, - deyə məktubda bildirilib.
Həmçinin Azərbaycanın 2020-ci ilin dördüncü rübündə və 2023-cü ilin sentyabrında həyata keçirdiyi əks-hücum əməliyyatı və lokal antiterror tədbirlərindən bəhs edilib, bunun nəticəsində Azərbaycan ərazilərinin qanunsuz işğalına son qoyulduğu, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün bərpasının təmin edildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, 2020-ci ilin noyabrında münaqişə başa çatdıqdan sonra həmin ərazilərdə, o cümlədən Xocalıda 600-dən çox insanın cəsədlərinin olduğu 18 kütləvi məzarlıq aşkar edilib.
“Hüquqi aspektə gəlincə, dövlətlərin ən ağır cinayətləri törədənləri cəzalandırmaq öhdəliyi müvafiq beynəlxalq sənədlərdə, o cümlədən Baş Assambleya və Təhlükəsizlik Şurası tərəfindən dəfələrlə təsdiqlənib. Azərbaycan milli qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə tam uyğun olaraq, beynəlxalq humanitar hüququn və insan hüquqlarının ciddi pozuntularını araşdırmaq və mühakimə etmək üçün qətiyyətli addımlar atıb. Bununla belə, cinayətkarların əksəriyyəti Ermənistanda və digər ölkələrdə təhlükəsiz sığınacaq taparaq, cəzasız qalmağa davam edirlər. Onların törətdiyi cinayətlərin inkar edilməsi və məlumatsızlıq, o cümlədən müxtəlif siyasi üsullarla, kütləvi informasiya vasitələrində, parlamentlərdə və beynəlxalq qurumlarda qarayaxma kampaniyaları ilə Azərbaycana mane olmaq cəhdləri beynəlxalq hüquqa və qanunun aliliyinə açıq-aşkar hörmətsizlik təşkil edir, regionda davamlı sülhün təmin olunmasına təhlükə yaradır. Ciddi qanun pozuntularına görə məsuliyyətə cəlb etmək vacibdir və qaçınılmaz olmalıdır. Azərbaycan öz xalqına qarşı törədilmiş vəhşilikləri heç vaxt unutmayacaq və ədalətin təmin edilməsi, o cümlədən regionda sülhün və sabitliyin qurulması, davamlılığı və möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirəcək”, - deyə məktubda vurğulanıb.