Dəfələrlə xəbərdarlıq etmişdik ki, Ermənistan hakimiyyəti xarici ictimaiyyətə sülhə hazır olduqları barədə bəyanatlarına baxmayaraq, Azərbaycanla yeni müharibəyə fəal şəkildə hazırlaşır.
Axar.az xəbər verir ki, bu barədə Caliber.az nəşri yazıb.
“Rəsmi İrəvanın revanşist əhval-ruhiyyə ilə dolu və intensiv hərbiləşən son hərəkətlərinin bütün məntiqi onu göstərir ki, bölgə erməni tərəfinin təhrik etdiyi növbəti müharibə ilə partlamaq üzrədir. Üstəlik, Ermənistan artıq qarşıdurmanın yeni raunduna hazırlığını belə gizlətmir. Məsələn, ötən həftə hökumətin iclasında elan olunub ki, aprelin 1-dən iyunun 13-dək Ermənistanda növbəti ehtiyatda olan hərbçilərin təlimi keçiriləcək. Toplanışlar on həftə davam edəcək ki, bu da standart təlim müddətini əhəmiyyətli dərəcədə üstələyir”, - məqalədə bildirilib.
Nəşrin mötəbər mənbələrdən aldığı məlumata görə, İrəvan apreldə müharibəyə başlamağı planlaşdırır:
“Toplanmış faktlar və məlumatlar sərhəddə qəsdən aqressiv hərəkətlərə hazırlıqdan xəbər verir ki, bu da yeni eskalasiya təhlükəsini daha real edir”.
"Caliber" Ermənistanın hərbi planlamasında “blitskriq” konsepsiyasının – şərti sərhəddəki yaşayış məntəqələrinin ildırım sürətilə işğalının nəzərdə tutulduğunu daha əvvəl də yazdığını qeyd edib:
"Son aylarda Ermənistanın hərbi avantüraya hazırlaşmasının sübutları daha da aydın görünməyə başlayıb. Eskalasiya prosesində xüsusi rolu rəsmi olaraq “müşahidə missiyası” kimi təqdim edilən AB-nin missiyası oynayır. Lakin onların fəaliyyəti tamamilə fərqli mənzərə yaradır. Sərhəd boyunca, xüsusilə də mümkün toqquşma zonalarında kəşfiyyat işləri fəallaşıb. Avropalı “müşahidəçilər” sistematik olaraq əraziləri araşdırır, zəif mövqeləri müəyyənləşdirir, Azərbaycan Ordusunun dislokasiyasını təhlil edirlər. Faktiki olaraq monitorinq adı altında Ermənistan hərbi komandanlığına məlumat ötürməklə məşğuldur ki, bu da neytrallıq prinsipinin kobud şəkildə pozulması deməkdir. Bu aktivlik Ermənistanın militarizasiyasının digər təhlükəli əlamətləri ilə üst-üstə düşür. Ermənistanın hücuma hazırlaşdığını açıq şəkildə göstərən əsas əlamətlərdən biri də Azərbaycanla sərhəddə 10 istehkamlaşdırılmış hərbi mövqenin tikilməsidir. Bu obyektlər struktur və yerləşmə baxımından müdafiə üçün deyil, hücum üçün nəzərdə tutulub. Onların dislokasiyası strateji əhəmiyyətli əraziləri atəş nəzarətində saxlamaq üçün xüsusi hesablanıb, bu da sərhədyanı bölgələrin təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Üstəlik, bu mövqelər xüsusi tunellərlə birləşdirilir və bu tunellər Ermənistanın diversiya qrupları tərəfindən Azərbaycana qarşı təxribat törətmək üçün istifadə ediləcək.
Ermənistan yeni hərbi təxribat hazırlayaraq, reallığı dəyişdirmək və sonra bunu artıq baş vermiş fakt kimi təqdim etməyə çalışır. Plan ondan ibarətdir ki, sərhəddə vəziyyətin qəfil dəyişməsi Azərbaycanı fakt qarşısında qoyacaq və onu aqressiyanın özünə deyil, nəticələrinə reaksiya verməyə məcbur edəcək. Belə planları həyata keçirmək üçün ciddi resurslar lazımdır. Son iki ildə Ermənistan hərbi alışlarını kəskin şəkildə artıraraq, Fransa və Hindistandan silah almağa milyardlarla dollar xərcləyib. Xüsusilə ötən ilin payızında məlum olub ki, Hindistan Ermənistana ilk Akash zenit-raket komplekslərini göndərir. “New Indian Express” nəşrinin məlumatına görə, Ermənistan 2022-ci ildə Hindistanla 15 "Akaş" raket sistemi almaq üçün 60 milyard rupi (təxminən 710 milyon dollar) dəyərində müqavilə imzalayıb və bu silahı alan ilk xarici ölkə olub. "Akaş" sistemi “yer-hava” tipli raketlərdən ibarət olub, 25 km məsafədə qırıcı təyyarələrə, qanadlı raketlərə, “hava-yer” raketlərinə, pilotsuz uçuş aparatlarına və digər hava hədəflərinə qarşı istifadə edilə bilir.
Fransa isə öz maraqlarını bölgədə gücləndirmək məqsədilə Ermənistanı hava hücumundan müdafiə sistemləri, artilleriya və zirehli texnika ilə təchiz edir. Belə ki, Ermənistana müasir “CAESAR 155” mm-lik özüyeriyən artilleriya qurğuları və onların komplekt hissələri, həmçinin tank əleyhinə raket sistemləri və “hava-hava” tipli raketlər tədarük edilib. Bundan əlavə, Ermənistan ordusu R511 və R530 “hava-hava” raketləri, 30 ədəd ERYX tank əleyhinə raket kompleksi, Almaniya istehsalı olan DM32 (“bunkerfaust”) qumbaraatanları və “Panzerfaust 3” tank əleyhinə sistemləri əldə edib. Bundan əlavə, Ermənistan silahlı qüvvələrinə Fransanın "Apilas" tipli 500 ədəd birdəfəlik reaktiv qumbaraatanı və ABŞ istehsalı olan 50 ədəd BGM-71 TOW tank əleyhinə raket kompleksi tədarük olunub.
AB də öz rolunu oynayır – xüsusilə də Avropa Sülh Fondu vasitəsilə ayrılan maliyyə yardımları birbaşa və ya dolayısı ilə Ermənistanın hərbiləşdirilməsinə sərf edilir.
Bu, misli görünməmiş silahlanma səviyyəsidir və Ermənistanın “müdafiə strategiyası” ilə heç bir uyğunluğu yoxdur. Bütün faktlar göstərir ki, Ermənistan aqressiyaya hazırlaşır.
Ermənistanın hərbi infrastrukturunun digər əsas elementi Lori bölgəsinin Xarkop kəndində yunan tərəfinin fəal dəstəyi ilə inşa edilən körpüdür. Bu, vacib bir logistika obyektidir və hərbi texnikanın və qüvvələrin döyüş zonasına sürətli şəkildə çatdırılmasına imkan verəcək. Beləliklə, qısa müddət ərzində sərhəddə qüvvələrin kəskin artırılması üçün şərait yaradılır ki, bu da qəfil hücum ssenarisi üçün kritik amildir.
Bütün bu faktlar vahid strateji planın mövcudluğunu göstərir və yeni eskalasiyaya istiqamətlənmişdir. Bu vəziyyətdə mümkün döyüş əməliyyatlarının başlanmasının bütün məsuliyyəti Ermənistanın və onun himayədarlarının üzərinə düşəcək. Azərbaycan dəfələrlə sülh dialoquna hazır olduğunu nümayiş etdirib, lakin hər hansı güc tətbiqi ssenarisi qətiyyətlə dəf ediləcək. Bakı öz ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün kifayət qədər imkanlara malikdir. Ermənistan rəhbərliyi yeni hərbi təxribat kartına oynayır, lakin bu addım onların özləri üçün fəlakətli nəticələrə səbəb olacaq. “Dəmir yumruq” yerindədir və ölkəmizə qarşı istənilən avantüra sərt və ildırım sürətli cavabla qarşılanacaq. Bundan sonra İrəvan yenidən mərhəmət diləməyə məcbur olacaq. Ermənistanın hərbi-siyasi rəhbərliyinin hələ də düşünmək üçün vaxtı var. Əks halda, İrəvandakı bütün inşaat texnikası Erablur qəbiristanlığının genişləndirilməsi üçün istifadə olunacaq. Nə üçün? Yeni “yük-200” karvanları üçün".