Ana səhifə Gündəm |
Rusiya və Azərbaycanı çoxəsrlik dostluq ənənələri, ümumi
tarix və mədəniyyət, mehriban qonşuluq, bərabər hüquqluq
prinsipləri əsasında olan strateji münasibətlər
bağlayır.
APA-nın Moskva
müxbirinin verdiyi məlumata görə, bunu Rusiya paytaxtında
Azərbaycanın 28 May-Respublika Gününə həsr olunan təntənəli qəbulda
çıxış edən Rusiya xarici işlər nazirinin müavini, stats-katib
Qriqori Karasin bildirib.
Onun sözlərinə görə, Rusiya-Azərbaycan əməkdaşlığının keyfiyyəti və
miqyası ildən ilə artır: "Xoşagəlməyən beynəlxalq siyasi
konyunkturanın olmasına baxmayaraq bizim ticarət əlaqələrimiz son
illər yaxşı inkişaf edib. 2014-cü ildə iki ölkə arasında ticarət
dövriyyəsinin həcmi rekord səviyyəyə, 4 milyard dollara çatıb.
Düzdür, daha sonra milli valyutaların dəyərdən düşməsi səbəbi ilə
iki ölkə arasında ticarət dövriyyəsinin həcmi azalıb. Hazırda
nəqliyyat, neft-qaz, kənd təsərrüfatı sənayesi sahələrində
əməkdaşlığın stimullaşdırılması yollarının axtarışı istiqamətində
fəal iş aparılır".
Rusiya XİN başçısının müavini humanitar sahədə iki ölkə arasındakı
əlaqələrin də yüksək səviyyədə olduğunu vurğulayıb. Onun sözlərinə
görə, iki ölkənin ortaq layihəsi olan Bakı Beynəlxalq Humanitar
forumu bunun əyani sübutudur: "Hazırda növbəti foruma, artıq V Bakı
Beynəlxalq Humanitar Foruma fəal hazırlıq işləri gedir. Forumun bu
ilin sentyabrında keçirilməsi planlaşdırılıb".
Rusiya-Azərbaycan siyasi münasibətlərindən danışan nazir müavini
qeyd edib ki, bugünkü ikitərəfli münasibətlər möhkəm bünövrəyə və
qarşılıqlı inama əsaslanıb: "İsti və inamlı münasibətlər regionlar
və nazirliklər arasında, ilk növbədə ölkə başçılarımız Vladimir
Putin və İlham Əliyev arasında mövcuddur. Rusiya və Azərbaycan
təkcə dost deyillər, həm də qonşudurlar. Rusiyada cənub qonşumuzu
çiçəklənən və geniş əməkdaşlığa açıq görmək istəyirlər. Əminəm ki,
Rusiya-Azərbaycan münasibətlərinin gələcək inkişafı xalqlarımızın
köklü maraqlarının həyata keçirilməsinə, hər iki ölkənin beynəlxalq
nüfuzunun möhkəmlənməsinə kömək edəcək və Cənubi Qafqazda sülhə və
qarşılıqlı anlaşmaya birgə töhfə verəcək".
Tarix
2016.05.27 / 22:49
|
Müəllif
Axar.az
|