Mayın 14-də Ukraynanın Lvov şəhərində keçirilən Kunq fu
və Uşu üzrə Avropa çempionatında ermənilərin təxribata əl atmasıyla
bağlı xəbər barədə oxucularımız məlumatlıdır.
Çempionatda baş verən qalmaqala səbəb separatçı rejimin
bayrağının arenaya gətirilməsi və uduzduğunu görən erməni
idmançının rinqdən kənarda dayanan nümayəndə heyətinin üzvünə
hücumu olub. Bundan sonra iki ölkəni təmsil edənlərlə yanaşı, çox
sayda insan da davaya qoşulub. İdmançılarımız ermənilərin əlindən
qondarma rejimin "bayrağını" alaraq cırıb ayaq altına atıblar. Dava
emənilərin hamısının yarış keçirilən stadiondan qaçması ilə başa
çatıb. Yarışmanın təşkilatçıları Azərbaycan və Ermənistan yığmasını
Avropa çempionatından kənarlaşdırıb.
Yarışlar başa çatdıqdan sonra şəhərdə yaşayan ermənilər təkrarən
Lvovun mərkəzi küçələrində ticarətlə məşğul olan azərbaycanlılara
dəstə halında hücum ediblər. Ermənilərin bəziləri travmatik silahla
soydaşlarımıza hücum edib. Həmyerlilərimiz arasında bəziləri
xəsarət alıb.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən verilən
məlumatda isə deyilirdi ki, ermənilərin hücumu nəticəsində
konqresin Lvov vilayəti üzrə gənclər təşkilatının sədri Şəhriyar
Məhərrəmov, onun qardaşı Rəcəb Məhərrəmov, Ruslan Məmmədov, İlqar
Məhərrəmov, Rəşad Məmmədov və Vüsal Cəlalov müxtəlif dərəcəli ağır
bədən xəsarətləri alıblar. Bildirilirdi ki, onlar hazırda Lvovdakı
xəstəxanalardan birində müalicə olunurlar. Yaralılardan 4-ü baş
nahiyəsindən xəsarət alıb, vəziyyətləri ağır olaraq qalır...
Hadisədən az qala bir aya yaxın vaxt keçməsindən sonra Moderator-a
Ukraynadakı məlumatlı mənbədən verilən məlumata görə, onsuz da
Ukraynada at oynadan ermənilər erməni əslli daxili işlər naziri
Avakovun gəlişindən sonra özlərini bu ölkənin gerçək sahibləri
hesab etməyə başlayıblar və digər millətlərin nümayəndələrini
sıxışdırmağa nail olublar. Bu cür erməni fitnəkarlığı
azərbaycanlılardan da yan keçməyib. Belə ki, həmin davadan sonra
ermənilərlə azərbaycanlarıların guya barışaraq bir-birindən üzr
istəməsi üçün qarşılıqlı razılaşma əldə olunsa da, ermənilər bu
dəfə də erməniliklərinə sadiq qalıblar. Bu azmış kimi barışıq aktı
Lvovda kilsədə baş tutub. Azərbaycan tərəfi yaranan anlaşılmazlığa
görə erməni tərəfindən üzr istəsə də, qarşı tərəf verdiyi sözə
xilaf çıxaraq azərbaycanlıları pərt duruma salıb. Kilsədəki həmin
görüşdə iştirak edən azərbaycanlıların adları məlumdur, amma sayt
yazır ki, onların pərt duruma düşməmələri üçün təfərrüata varmağı
lazım bilmir...
Mənbənin sözlərinə görə, azərbaycanlıların sıxışdırılmasına
qarşı Ukraynadakı səfirliyimizin əməkdaşlarının cəhdləri çox
uğursuz alınıb və belə demək mümkünsə, azərbaycanlılar təkcə Lvovda
deyil, artıq digər iri şəhərdlərdə də məhz Avakovun xüsusi təlimatı
ilə sıxışdırılmağa başlanılıb.
Buna görə də bu ölkədə yaşayan azərbaycanlılar indidən həyəcan
təbili çalmağa başlayıblar ki, Ukraynada erməni küləyi hər ötən gün
daha sərt əsməyə və fəsadlar törətməyə başlayıb. Hesab edirlər ki,
rəsmi Bakı bununla bağlı Poroşenko hökuməti ilə çox açıq şəkildə
danışmalıdır, əks halda bu ölkədəki soydaşlarımızın deportasiyası,
daha doğrusu, məcburi olaraq Ukraynanı tərk etmələri qaçılmaz
olacaq...