Ana səhifə Gündəm |
Uğurla yekunlaşan "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" elmimizin ayrı-ayrı sahələrinin inkişafına, elm və təhsilin inteqrasiyasına təkan verib. Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) direktorlar şurasının növbəti iclasında AMEA-nın prezidenti, akademik Akif Əlizadə söyləyib.
AMEA-dan Axar.az-a bildiriblər ki, iclasda akademik A.Əlizadə Milli Strategiyada əksini tapan Azərbaycan elminin gələcək hədəfləri və elmi fəaliyyətdə nəzərdə tutulan bir sıra mühüm istiqamətlər barədə danışıb.
Akademik hazırda AMEA-da prioritet fəaliyyət istiqamətlərindən birinin respublikada elmin inkişaf doktrinasının hazırlanması olduğunu söyləyib. Qeyd edilib ki, bunun üçün, ilk növbədə, AMEA-da müxtəlif elm sahələrinin mövcud vəziyyəti və qarşıda duran vəzifələri institut və bölmələr tərəfindən müəyyənləşdirilməli, daha sonra rəyasət heyətinin müzakirəsinə çıxarılmalıdır.
AMEA rəyasət heyəti aparatının elm və təhsil idarəsinin rəisi, professor Əminağa Sadıqov akademiyanın doktorantura və dissertanturasına qəbul planı və bu plana uyğun yerinə yetirilməsi nəzərdə tutulan dissertasiya mövzuları barədə məlumat verib.
Akademiyanın magistrantları üçün yay imtahan sessiyasının iyunun 1-dən iyulun 5-dək keçirilməsi haqqında müvafiq sərəncamı xatırladan Ə.Sadıqov bildirib ki, sənədə əsasən ümumi fənlər üzrə imtahanlar iyunun 10-u, 13-ü və16-da test üsulu ilə təşkil olunacaq.
İngilis dili üzrə doktorluq imtahanları isə rəyasət heyətinin müvafiq qərarına əsasən IELTS proqramı üzrə həyata keçirilir.
İdarənin rəisi bu ilin mayında ingilis dili üzrə keçirilən doktorluq imtahanlarının nəticələri barədə məlumat verib, bu sahədə uğurlu nəticələr əldə edildiyini söyləyib. O, AMEA-nın prezidentinin müvafiq sərəncamı ilə yaradılan xüsusi komissiya tərəfindən yaxın günlərdə doktorant və dissertantların alman və fransız dillərindən doktorluq imtahanının təşkil olunacağını vurğulayıb.
Bildirilib ki, dissertantların fəlsəfə fənnindən doktorluq imtahanı iyunun 20-22-də xüsusi komissiya tərəfindən keçiriləcək. İnstitutlardan təqdim olunan siyahıya əsasən imtahanlarda iştirak etmək üçün 143 nəfər qeydiyyatdan keçib.
Tədbirdə akademiklər Rasim Əliquliyev, Əhliman Əmiraslanov, Vaqif Abbasov, AMEA-nın müxbir üzvü Nərgiz Axundova çıxış edib, təkliflər səsləndiriblər.
Tarix
2016.06.12 / 02:00
|
Müəllif
Axar.az
|