Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi
Mariya Zaxarovanın erməni-faşist hərbçisi Qaregin Njdeyə heykəl
qoyulmasını pisləməsi Ermənistanda ciddi gərginlik
yaradıb.
ANS-in
məlumatına görə, məsələ ilə bağlı həm parlament, həm də hökumət
səviyyəsində absurd rəylər bildirilib. Bu rəylərin içində ən absurd
fikir isə Zaxarovanın, ümumiyyətlə, Rusiya XİN-in faşist hərbçiyə
heykəl qoyulmasını pisləməsinin arxasında Azərbaycanın sifarişinin
durması ilə bağlı edilən iddiadır.
Ermənistanın hakim Respublika Partiyasının ideoloji atası olan
Qaregin Njde (Qaregin Ter-Arutünyan) İkinci Dünya müharibəsi
illərində Berlinə gedərək Hitlerlə əməkdaşlıq edib. O, hətta
Vermaxt tərəfindən dərc olunan faşistyönümlü "Azat Hayastan" (Azad
Ermənistan) qəzetinin baş redaktorunun müavini olub. Vermaxtda
erməni legionunu yaradılmasında iştirak edib.
Ermənistanın hakim partiyası öz ideoloji atasının Qaregin Njde
olduğunu bəyan etsə də, onun faşistlərlə əlaqəsini nəzərə alaraq,
bu barədə susmağa üstünlük verirdi. Amma artıq Ermənistanın hakim
Respublika Partiyası özündə güc taparaq öz ideoloji atasını bəyan
etməkdən çəkinməyib. 28 may 2016-cı ildə İrəvanda Prezident Serj
Sərkisyanın şəxsi iştirakçı ilə Qargeni Njdeyə qoyulmuş heykəl
açılıb.
Təbii ki, bu, Ermənistanın strateji tərəfdaşı, İkinci Dünya
müharibəsində faşizmə qarşı qazanılmış qələbənin əsas
müəlliflərindən biri Rusiyada narahatlıq doğurub. Rusiya XİN-in
mətbuat katibi Zaxarova keçirdiyi mətbuat konfransında Rusiyanın
İrəvanda Njdeyə heykəl qoyulmasını anlamadığını bildirib:
"Bizim Böyük Vətən müharibəsinə münasibətimizi hər kəs bilir.
Nasizmin, neonasizmin, ekstremizmin istənilən cür təzahürünə,
hansısa formada bərpasına bizim münasibətimizdən hər kəs
xəbərdardır. Bu münasibət beynəlxalq sənədlərdə təsbit olunub.
Bizim üçün həmin abidənin niyə qoyulması anlaşılmazdır".
Zaxarovanın bu bəyanatı İrəvan siyasətçilərinin böyük hay-küyünə
səbəb olub. Ermənistan parlamentinin vitse-spikeri Eduard
Şarmazanov Qaregin Njdenin erməni xalqı üçün böyük dəyər olduğunu
bildirib və Rusiya XİN-nin tənqidinin əsassız olduğunu iddia edib.
Şarmazanov hətta çəkinməyib və Qaregin Njdeni Rusiya tarixinin
Aleksandr Nevski, Aleksandr Suvorov, marşal Jukov kimi qəhrəmanları
ilə eyniləşdirib.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin başçısı
Tiqran Balayan da boş dayanmayıb və Zaxarovanın bəyanatını
Azərbaycanla bağlamağa çalışıb. O, Qaregin Njdenin Hitlerlə
əməkdaşlığı barədə susub və onun Azərbaycana qarşı mübarizə
apardığını iddia edib. Tiqran Balayan hətta Qaregin Njdeyə heykəl
qoyulması ilə bağlı müxtəlif ekspertlərin, o cümlədən Mariya
Zaxarovanın dərc edilmiş tənqidi fikirlərinin Azərbaycanın sifarişi
olduğunu iddia edib.
Təbii ki, beynəlxalq diplomatiya müstəvisində bu cür iddiaları
heç kim ciddi qəbul etmir. Beynəlxalq hüquqa görə, Qaregin Njdə də,
onunla birgə Vermaxtda erməni legionunu yaratmış Drastamat Kanayan,
yəni Qərbi Azərbaycanda və Şərqi Türkiyədə hamının tanındığı məşhur
cəllad Dro da faşistdirlər. Onların nə cürsə təqdir edilməsi
beynəlxalq hüquqa görə faşizmin təbliği sayılır.
Yeri gəlmişkən, Serj Sərkisyana yaxın olan erməni KİV-ləri
Hitlerlə əməkdaşlıq etmiş ikinci cəllada - Drastamat Kanayan, yəni
Droya da heykəl qoyulmasını tələb edirlər. Yəni Ermənistanda
hakimiyəti ələ keçirmiş rejim artıq öz mahiyyətini gizlədə bilmir
və Qaregin Njde, Dro kimi faşist ideoloqlarının yolu ilə
getdiklərini bəyan etməyə başlayıb.