Berlində, Avropa Məlumat Mərkəzində Alman Cəmiyyəti,
Berlin Humboldt Universitetindəki Azərbaycan tarixi kafedrası və
Azərbaycan Tələbə Şəbəkəsinin təşkilati dəstəyi ilə
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin
tarixi, siyasi, beynəlxalq hüquq və kənar aspektləri" mövzusunda
müzakirə axşamı keçirilib.
Axar.az xəbər verir ki, Alman Cəmiyyətinin direktoru Andreas
Appelt rəhbərlik etdiyi təşkilatın tədbirlər zalında
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin elmi dairələr
arasında müzakirəsini əhəmiyyətli hadisə adlandırıb və bu kimi
müzakirələrin münaqişənin həllinə yardım etmək məqsədi daşıdığını
vurğulayıb.
Münaqişəyə dair geniş məruzə ilə çıxış edən alman politoloq və
konfliktoloq Hayko Lanqner Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və
ətraf yeddi rayonunun beynəlxalq hüquqa zidd olaraq Ermənistan
silahlı qüvvələri tərəfindən işğal edildiyini, həmin ərazilərdə
etnik təmizləmənin aparıldığını vurğulayıb. O, Azərbaycanın ərazi
bütövlüyünün Almaniya da daxil olmaqla dünya birliyi tərəfindən
tanındığını, eləcə də beynəlxalq təşkilatların qətnamələrində
dəstəkləndiyini bildirib. Münaqişənin həlli modelləri barədə
danışan politoloq Ermənistan silahlı qüvvələrinin işğal olunmuş
ərazilərdən çıxmasının sülh prosesinə təkan verə biləcəyini qeyd
edib. Vurğulayıb ki, münaqişənin tam həllinə deyil, təkcə atəşkəsin
qorunmasına xidmət edən tədbirlər işğal reallığının möhkəmlənməsinə
töhfə vermiş olardı.
Sonra Almaniyanın elm xadimlərinin iştirakı ilə podium
müzakirəsi keçirilib və tədbir iştirakçılarının sualları
cavablandırılıb.
Boxum Rur Universitetinin beynəlxalq hüquq fənni üzrə professoru
Hans-Yoaxim Hayntse Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsində beynəlxalq hüququn kobud şəkildə pozulduğunu, amma
beynəlxalq birliyin yaranmış ərazi münaqişəsini indiyədək həll edə
bilmədiyini vurğulayıb. O deyib ki, münaqişənin həlli məqsədilə
BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qətnamələr qəbul edilsə də,
onlar indiyədək yerinə yetirilməyib. Beynəlxalq hüquqa etinasız
yanaşıldığı üçün bu hal hüquqşünaslarda məyusluq yaradır.
Berlin Humboldt Universitetində Azərbaycan tarixi kafedrasının
müdiri, professor Eva-Maria Aux Azərbaycanda dərin tarixə malik
olan dini tolerantlıq və multikultural dəyərlərin mövcudluğunu,
ölkəmizdə müxtəlif millətlərin və dini məzhəblərin tarixən bərabər
və dinc mövcud olduğunu söyləyib. O, bir zamanlar Azərbaycanda
məskən salmış almanların sovet rejimi tərəfindən sürgün edilmiş
nəsillərinin taleyi ilə öz torpaqlarından didərgin salınmış
azərbaycanlıların taleyi arasında paralel aparıb, azərbaycanlıların
vətən həsrəti anlayışının almanlara yaxşı məlum olduğunu
bildirib.
Bundestaqın deputatı, ATƏT Parlament Assambleyasında Almaniya
nümayəndə heyətinin rəhbəri Doris Barnet münaqişənin həllinə töhfə
vermək məqsədilə parlamentarilər arasındakı dialoqun əhəmiyyətini
vurğulayıb və Almaniyanın ATƏT-ə sədrliyi dövründə Minsk qrupunun
fəaliyyətinə dəstək verməyə çalışdığını qeyd edib.
Tanınmış alman şərqşünası, professor Udo Ştaynbax
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Avropa
İttifaqının vahid mövqedən çıxış etməsi və münaqişənin həllində
daha fəal rol oynamasının əhəmiyyətini qeyd edib.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov münaqişənin
həllinin Prezident İlham Əliyevin cari il iyunun 6-7-də Almaniyaya
səfəri zamanı Kansler Angela Merkellə keçirdiyi görüşdə əsas
mövzulardan biri olduğunu və dövlətimizin başçısının görüşdən sonra
keçirilmiş mətbuat konfransında ölkəmizin münaqişənin sülh yolu ilə
həllinə sadiq qaldığını vurğulamasını diqqətə çatdırıb. Səfir deyib
ki, kimin təcavüzkar, kimin qurban olduğunu müəyyənləşdirmək üçün
işğal xəritəsinə nəzər salmaq kifayətdir. O, münaqişənin həllində
irəliləyişə nail olmaq üçün yaranmış imkanlardan yararlanmağın
vacibliyini vurğulayıb.
Tədbirə Almaniya Bundestaqının deputatları, Bundestaqın, hökumət
qurumlarının, "beyin mərkəzləri"nin, Berlin universitetlərinin
əməkdaşları, tələbə və doktorantlar, mətbuat təmsilçiləri,
bütövlükdə yetmişə yaxın iştirakçı qatılıb.