FİFA-nın saytında futbol üzrə Azərbaycan millisinin
2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsindəki
uğurlu çıxışına dair geniş məqalə dərc olunub.
Axar.az xəbər verir ki, ali futbol qurumunun saytına istinadla
xəbər verir ki, məqalənin əvvəlində Azərbaycan idmançılarının
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında
London-2012-dəkindən çox - 18 medal qazandıqları diqqətə
çatdırılıb. Lakin buna baxmayaraq, "Odlar Yurdu"nda idmanın iki
növünün – şahmatın və futbolun daha geniş yayıldığı qeyd
olunub.
Qeyd olunub ki, San-Marino və Norveç komandalarına 1:0 hesabı
ilə qalib gələn Azərbaycan millisi dünya çempionatının seçmə
mərhələsinə böyük uğurla başladı. Bu qələbə komandanın Çexiya
yığması ilə görüşə də yüksək əhval-ruhiyyədə çıxmasına səbəb oldu.
Oyun qolsuz heç-heçə ilə başa çatsa da, bu nəticə sayəsində
Azərbaycan Almaniyadan sonra "C" qrupunda ikinci pillədə yer
alıb.
Məqalədə bu uğurlu başlanğıcda Azərbaycan yığmasının baş
məşqçisi, xorvatiyalı mütəxəssis Robert Prosineçkinin xidmətləri
xüsusi vurğulanıb. Həmçinin əfsanəvi sabiq müdafiəçinin "Goal.com"
saytına müsahibəsində milli komandamızdan böyük ümidlərlə bəhs
etdiyi diqqətə çatdırılıb: "Biz dünya çempionatının seçmə
mərhələsinin kəşfiyik. Heç kim Azərbaycandan belə nəticə
gözləmirdi, lakin biz istənilən komanda ilə üz-üzə gəlməyə qadir
olduğumuza inanırdıq".
Bildirilib ki, Azərbaycan futbolçuları dünya və ya Avropa
çempionatına heç vaxt bu cür uğurlu nəticə ilə başlamayıblar.
Komanda ən yaxşı nəticəni 2014-cü ildə əldə edib və həmin vaxt 9
xalla qrupda dördüncü olub. Xüsusi vurğulanıb ki, son oyunlardakı
uğurlu nəticələr sayəsində Azərbaycan millisi FİFA-nın oktyabr ayı
üçün reytinq siyahısında 45 pillə irəliləyərək 133-cü yerdən 88-ci
yerə yüksəlib.
Məqalədə son illər UEFA Avropa Liqasında mühüm təcrübə qazanan
futbolçularımızın sayəsində komandada möhkəm müdafiə və
yarımmüdafiə xəttinin qurulduğu qeyd olunub. Bununla yanaşı
millimizin hücum xəttinin nisbətən zəif olduğu vurğulanıb.