Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların
əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 21-ci
turunun "Simurq" - "İnter" oyunu zamanı qalmaqal
yaşanıb.
Qalmaqalın səbəbkarı kimi "İnter"in futbolçusu Cosqun Diniyev
göstərilmişdi. Belə ki, baş hakim Rəşad Əhmədov matçın 84-cü
dəqiqəsində meydan sahiblərinin qapısına penalti təyin edib. 11
metrlik nöqtəyə yaxınlaşan Diniyev qol vurduqdan sonra tribunaya
tərəf qaçaraq, azarkeşlərdən birinə əli ilə "sakit olmağı"
tapşırıb. Azarkeşlər Coşqun Diniyevin tərbiyəsiz jest etdiyini
düşünərək meydana axışıblar.
Qeyd edək ki, Coşqun Diniyev millinin keçmiş baş məşqçisi Şahin
Diniyevin oğludur.
Baş verən olaya Şahin Diniyevin münasibətini öyrənməyə çalışdıq.
Publika.Az-a açıqlama verən təcrübəli mütəxəssis Coşqunun
azarkeşlərə yox, onu söyən "Simurq"un məşqçisinə qarşı barmaq
hərəkəti göstərdiyini bildirdi:
"Burada azarkeş söhbəti olmayıb. Sadəcə, şişirdilmiş bir
məsələdir. Bunları sizə bir ata kimi demirəm, hadisə belə olub.
"Simurq"un uşaq futbolunda Vaqif adlı məşqçisi Coşqunu oyun boyu
söyüb, təhqir edib. O da kənarda olub, azarkeşlərin içərisində
olmayıb. Yəqin ki, Coşqun yaxşı oynayırmış deyə ona psixoloji təsir
göstərmək istəyib. Bu barədə oyunun hakimlərindən də soruşa
bilərsiniz. Özünüz də biləcəksiniz ki, məsələ nə yerdədir.
Coşqun 84-cü dəqiqədə qol vurduqdan sonra əli ilə Vaqif adlı
həmin məşqçiyə "sus" işarəsi edib. Yenə deyirəm, bu hərəkəti
azarkeşlərə yox, Vaqif adlı məşqçiyə edib. Bununla da, "bəsdir,
söymə" demək istəyib. Bu olay mətbuatda da şişirdildi, sonra
yazdılar ki, elə yox, belə olub.
Daha sonra futbolçular arasında dava düşüb. O da Coşqunun
üstündə olmayıb. Coşquna barmağı ilə göstərdiyi jestə görə ikinci
sarı vərəqə verilir. Bir sarı vərəqə öncə alıbmış. Bunun hamısının
sübutu raportda da yazılıb. Bu barədə istəsəniz "Simurq"un
məşqçilər korpusundan da soruş bilərsiniz. Onlar da mən deyəni
deyəcəklər. Oyunun görüntüləri də artıq yayılıb, ona da baxa
bilərsiniz".
Şahin Diniyev bu barədə oğlu ilə danışdığlını da bildirdi:
"Dünən məsələ ilə bağlı tam məlumatım yox idi. Komanda da bu gün
səhər Bakıda olub. Coşqun heç vaxt mənə yalan danışmaz. Məsələ necə
olub hamısını danışdı.
Bundan əlavə o gələnə qədər mən özüm də hadisəni araşdırmışdım.
Hər iki tərəfin mövqeyini öyrənmişdim.
Coşqunun tək səhvi belə jest etməsi olub. Meydançada olduğu
müddətdə dözməli idi.
Düzdür, insanın da səbrinin həddi var. Özünün də mənə dediyinə
görə, Vaqif adlı məşqçi ona söyməyə davam edib. Açığını desək,
"Simurq"un həmin məşqçisi Coşquna valideyn söyüşü söyüb. Bilirsiniz
ki, onun anası rəhmətə gedib. Ana söyüşü işlədib, Coşqun da dözə
bilməyib və sadəcə əli ilə elə jest edib.
Düzdür, mən oğlumun tərəfini saxlamıram, bu hərəkəti etməməli
idi. Başa düşə bilmirəm, elə insanlar futbolda necə məşqçi
işləyirlər? Onları futboldan uzaq saxlamaq lazımdır.
Əgər Coşqun azarkeşlərə qarşı pis hərəkət etmiş olsaydı ona 5-6
oyunluq cəza verərdilər. İndi güman ki, bir oyun buraxmalı olacaq.
Mənim oğlum elə tərbiyəsizliyi etməz".