Boks Federasiyasının vitse-prezidenti, millət vəkili
Ağacan Əbiyev 3 iyunda vəfat edən dünyaca məşhur boksçu Məhəmməd
Əli ilə bağlı fikirlərini bölüşüb.
Deputat çox gözəl boksçu və humanist insan olan Məhəmməd Əlinin
idman üçün heç nə etmədiyini deyib.
"1997-ci ildə Məhəmməd Əli ilə görüşümüz olub. Həmin ildə
Məhəmməd Əlinin 55 yaşı ilə bağlı doğulduğu Kentukki ştatında
turnir təşkil edilmişdi. Turnirə gedəndə özümüzlə hədiyyə
aparmışdıq. Məhəmməd Əli ilə görüşəndə hədiyyəni ona təqdim etdik
və xatirə şəkili çəkdirdik. Həmin turnirdə dünyanın bir çox
ölkələrindən idmançılar iştirak edirdi. Məhəmməd Əli həmin
vaxtlarda da xəstə idi, hətta danışmaqda çətinlik çəkirdi. Məhəmməd
Əli gözəl boksçu olub. Öz üzərində işləyib, həyatı və ölkəsi üçün
uğurlar əldə edib. Ən azından istedadlı boksçu idi. O, rinqə
çıxaraq pul qazanırdı. Hesab edirəm ki, ən yaxşı professional
boksçu Con Luis olub. Sonra Məhəmməd Əli onu əvəz edib. Yaxşı insan
olan Məhəmməd Əli idman dünyası və olimpiya hərəkatı üçün heç nə
etməyib", - A.Əbiyev "Azvision.az"a açıqlamasında bildirib.
Bəs A.Əbiyevin Məhəmməd Əlidən üstün tutduğu Co Luis kimdir?
Axar.az unudulmuş məşhur idmançı barədə qısa araşdırma
aparıb.
Co Luis boks tarixinin gəlmiş-keçmiş ən məşhur nümayəndələrindən
biridir. Hətta bəzi idman mütəxəssisləri Luisin bu sahədə ən yaxşı
olduğunu iddia edir.
12 may 1914-cü ildə Alabama ştatının Lafayette şəhərində dünyaya
gələn Co Luis peşəkar karyerasına 1934-cü ildə başlayıb. 1937-ci
ildə Ceyms Braddoku 8-ci raundda noakut edən boksçu ağır çəkidə
dünya çempionu adını qazanıb.
Qısa müddət ərzində bütün dünyada tanınan Luis 25 döyüşdə dünya
çempionu adını qoruyub saxlayıb. Bu döyüşlərdən 21-i nokautla
nəticələnib. Co peşəkar karyerasını 1951-ci ildə 8-ci raundda
məğlub olduğu Roki Markiano döyüşü ilə bitirib.
Co Luis rinqdə ən az məğlub olan idmançı kimi tarixə düşüb. O,
karyerası ərzində 71 dəfə rinqə çıxıb. 54-ü nokaut olmaqla 68 dəfə
qalib olan Luis yalnız 3 dəfə məğlub olub.
Co Luis Məhəmməd Əlidən fərqli olaraq ABŞ dövlətinin xarici
siyasətinə qarşı çıxmayıb. Hətta II Dünya savaşında dövlətin
təbliğat alətinə çevrilən Luis ordu üçün 20 dəfə rinqə çıxıb.
Bundan başqa, o, qazandığı bütün mükafatları orduya bağışlayıb.
Buna baxmayaraq, ABŞ-ın o zamanki rəhbərliyi fədakar boksçunun
əməyinə dəyər verməyib. Müharibədən sonra Luis 1,5 milyon dollar
məbləğində vergidən yayınmada ittiham olunub. Bu hadisədən sonra
tamamilə müflisləşən Co hətta bir müddət gecə barlarında qapı
gözətçisi işləyib.
Co Luis 1981-ci ildə Las Veqasda 67 yaşında vəfat edib.
Məşhur boksçunun 20-ci əsrin birinci yarısında yaşaması,
qalmaqallardan uzaq olması onun Məhəmməd Əli və Mayk Taysonla
müqayisədə kölgədə qalmağına səbəb olub.
Maraqlı faktlar
Co Luislə bağlı maraqlı məlumatlar da var. Deyilənə görə, bir
gün Luis Nyu Yorkda gəzişirmiş. Bu zaman bir ağdərili ona sataşaraq
"zənci" deyib. Bundan sonra Luis yaxınlıqda yerləşən polis şöbəsinə
gedərək həmin şəxsdən şikayət edib. Araşdırma zamanı sataşdığı
şəxsin Co Luis olduğunu biləndə həmin adamın ürəyi gedib.
Deyilənə görə "Böyük" (Great) ləqəbli Məhəmməd Əli Co Luisin
cənazə mərasimində "Gerçək "great" Co Luisdir", - deyib.
"Qara bomba" (Brown bomber) ləqəbi ilə rinqə çıxan idmançının
məşhur sözləri də az deyil: "Qaça bilərsən, amma gizlənə
bilməzsən", "Hər kəsin bir planı var, zərbə alana qədər" və s.