"Son bir ayda 7 faiz, son
iki ayda isə 11 faiz artım müşahidə edilib".
Bu sözləri "Axar.az"a son zamanlar qızılın qiymətinin artması
ilə bağlı danışarkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri,
iqtisadçi Vüqar Bayramov bildirdi.
Onun sözlərinə görə, qiymət artımı gözlənilən idi: "Hazırda
qızılın qiymətində artımlar müşahidə olunur. Son bir ildə
qiymətlərdə azalmalar qeydə alınsa da, altı aylıq və bir illik
yekunlar azalma göstərir. Belə ki, bu qiymətli metalın qiymətində
son 6 ayda 6 faiz, son 1 ildə isə 17 faiz azalma müşahidə edilib.
Əgər nəzərə alsaq ki, ötən il qiymətlərdə azalma olub, deməli, bu
il mövqelər möhkəmlənməli idi".
Ekspertin fikrincə, qızılın bazarda dəyərə minməsinin səbəbləri
çoxdur və bu ayrı-ayrı ölkələr üçün də dəyişir: "Qızılın qiymətinin
artmasının bir neçə səbəbi var. Onlardan biri, qızıla olan
tələbatın artmasıdır. 2013-cü ildə qızılın qiymətində olan
ucuzlaşma həmin ilin sonunda ona tələbatın artmasına gətirib
çıxardı. Bu qiymətli metala tələbat investorlara da cəlbedici gəldi
və onlar hazırda həmin imkandan yararlanmağa çalışırlar. Digər
səbəb isə valyuta bazarında qeyri-sabitlik, xüsusən də dolların
avroya nisbətən dəyərinin azalması ilə bağlıdır. Bilirsiniz ki,
qızıl strateji məhsul kimi dollarla satılırdı. Amma dollar
ucuzlaşdı, hətta ABŞ Federal Ehtiyat Bankının uçot statusunun
dəyişdirilməsi ilə bağlı qərar belə, praktik olaraq ucuzlaşmaya
təsir edə bilmədi və sonda qızılın qiymətinin artmasına şərait
yarandı. Daxili bazarda apardığımız araşdırmalar göstərir ki,
qızılın qiymətinin artması xarici bazara nisbətən daha sürətlə
yüksəlib. Azərbaycanla yanaşı Hindistan, Pakistan kimi Asiya
ölkələrində də qızıla tələbat müşahidə edilir. Belə ki, əgər son
ayda xarici bazarda həmin qiymətli metal 4 dollar bahalaşıbsa,
daxili bazarda bu rəqəm 5 manata bərabərdir. Bunun səbəbi isə
Azərbaycanın qızılı daha çox BƏƏ və Türkiyədən idxal etməsi və bu
ölkələrdə sürətli bahalaşma ilə əlaqədardır. 2014-cü ilin
əvvəllərindən toy mövsümünün başlaması isə daxili tələbatın
artmasını göstərən səbəblərdən hesab edilməlidir və bu da sonda
qiymət yüksəlməsinə gətirib çıxarıb. Hesab edirəm ki, qiymət artımı
davam edəcək və 1 qram qızıl 45 dollara qədər yüksələcək".
Xatırladaq ki, son 2 ayda qızılın qiymətində 11% artım müşahidə
edilib. Hazırda qızılın bir unsiyası 1332 dollardır. Avropanın bir
çox reytinq agentlikləri və bankları isə bu rəqəmin 25%-ə qədər
artacağını bildirirlər. Bu isə təxminən 1 qram qızılın 50 dollara
təklif edilməsi deməkdir. Ötən həftə İsveçin USB bankının verdiyi
hesabatda bir unsiya qızılın qiymətinin tezliklə 1400 dollara
qalxacağı deyilir.