"Avropa Birliyinin yeni
layihəsində Azərbaycanın yer alması ölkəmizin Avrozonadakı
təhlükəsizliyindən xəbər verir".
Bu sözləri Axar.az-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin
rəhbəri İlham Şaban AB-nin yeni Enerji Birliyi layihəsində
Azərbaycan, Türkmənistan və Əlcəzairlə əməkdaşlığını şərh edərkən
deyib. İqtisadçının sözlərinə görə, yaxın perspektivdən baxanda bu,
həqiqətdən doğan bir fikirdir:
"2020-ci il üçün Azərbaycan qazının Avropaya ötürülməsi bir
reallıqdır. Azərbaycan qazı Avropaya gedib çıxdıqdan sonra Xəzərin
sağ sahili türkmən qazı üçün açılır. Bu, Türkmənistanın səhrada
qumluqdan çıxan qazının böyük həcmdə Azərbaycan infrastrukturu ilə
Avropaya daşınması anlamına gəlmir. Yəni Türkmənistan sularında
hasil edilən qazı da yataqlararası boru kəmərləri ilə Azərbaycana
gətirməklə ölkə infrastrukuru vasitəsilə ilkin hesab kimi Avropaya
daşımaq olar. Bu normaldır. O ki qaldı Əlcəzairə, bu ölkədən
Avropaya onsuz da qaz ötürülür. Söhbət yeni infrastrukturla
enerjinin həcminin artırılmasından gedir. Bu, Avropanın qarşısında
duran ən əsas məsələ və yeni bir baxışdır. Çünki Əlcəzairdən
çoxşaxəli istiqamətdə Avropaya qaz daşınmasını həyata keçirmək
olar. Yeni boru kəmərləri vasitəsilə bu qaz həcmlərini artırmaq
mümkündür. Bu, daha realdır. Qeyd edim ki, yeni məlumata görə,
BP-nin Misirdə yerləşən qaz yataqları ilə bağlı müxtəlif layihələri
var. Belə ki, şirkət ölkədəki mövcud durum stabilləşəcəyi təqdirdə
Misirin Aralıq dənizi sularında çox böyük işlər görmək və 12
milyard dollar sərmayə qoyaraq 2020-ci ilə qədər ixrac
əməliyyatlarını həyata keçirmək istədiklərini açıqlayıb. Yəni o
demək deyil ki, bu, AB-nin son layihəsi olacaq".
İlham Şaban sözügedən layihənin Azərbaycana qazandıracağı
dividentlərdən də danışıb:
"Avropanın çox böyük önəm verərək qaz marketinin qapısını
bazarda yeni bir oyunçuya - Azərbaycana açması çox mühüm hadisədir.
Çünki orada uzunmüddətli bir yer almaq həqiqətən də çətin
məsələdir. Azərbaycan yenicə bu bazara daxil olub. Buna görə də
indi böyük oyunçularla rəqabət aparmaq sözün əsil mənasında çox
çətin və olduqca önəmlidir. Qapalı bir hövzədən Avropaya qaz
daşımaq və bu sahədə böyümək böyük uğurlardan xəbər verir.
İqtisadi, siyasi, geoiqtisadi təsirləri nəzərə alsaq, bu,
Azərbaycanın Avrozanada əhəmiyyətini daha da artıracaq. Eyni
zamanda, burada siyasi amillər daha çox rol oynayır. Bu baxımdan da
Avropanın bizi bu təsirlərdən mümkün qədər qorumaq imkanları
yaranır. Bu yeni layihənin Azərbaycan üçün ən mühüm dividentləri
məhz bunlardan ibarət olacaq".