Zərbalı Abdullazadə Bakıda usta işləyib. İbadətə
başlayandan sonra Suriyaya getmək həvəsinə düşən Zərbalı adını
dəyişib Zərbəli edib və "müqəddəs cihad" olan torpaqlara üz tutub.
Orada "Əli" ləqəbi alan Zərbalı Bakıya qayıdıb birdəfəlik Suriyaya
köç etmək planı qurub. Amma planı baş tutmayıb. O, ailəsi ilə
birlikdə Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya
edilib.
Z.Abdullazadə deportasiya olunduqdan sonra Dövlət Təhlükəsizlik
Xidmətinin əməkdaşları tərəfindən həbs edilib. Onun barəsində
Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsi ilə cinayət işi açılıb.
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə
azadlıqdan məhrum edilib.
"Cihad"a aparan yol…
İttiham aktında qeyd edilir ki, Z.Abdullazadə Suriyada baş
verənləri internet üzərindən izləyib və bundan sonra oraya gedərək
"cihad"a qoşulmaq qərarına gəlib. Suriyaya gedən Z.Abdullazadə Atma
vilayətində yaradılmış "Abu Hafiz" ləqəbli Azərbaycan vətəndaşı
İntiqam Əliyevin rəhbərlik etdiyi "Azəri camaatı"na qoşulub.
Məlumata görə, o, Pərvin Məhərrəmov adlı şəxslə əvvəlcədən plan
quraraq 2013-cü ildə Suriyaya gedib. Suriyaya Türkiyə sərhəddindən
keçən Zərbali bir neçə ay sonra ailəsini də özü ilə aprmaq üçün
Bakıya qayıdıb.
İttiham aktında qeyd edilir ki, 7 iyun 2015-ci ildə arvadı və
övladları ilə birgə Türkiyəyə gedən Zərbalı oradan Suriyanın Atma
vilayətinə keçə bilməyib.
İlk səfərində Suriyaya dostlarının arvadını
aparıb
Z. Abdullazadə istintaqda deyib ki, Suriyaya getməkdə məqsədi
Pərvin adlı dostunun həyat yoldaşını oraya aparmaq olub. Silahlı
birləşmələrə də qoşulamyıb. Zərbalı deyib ki, dostu ondan arvadını
Atma vilayətinə gətirməsini istəyib. Həmçinin "Muaz" ləqəbli Mahir
adlı dostu da 2013-cü ildə arvadını Suriyaya gətirməsi üçün
Zərbalıdan xahiş edib. Zərbalı hər iki dostunun arvadı ilə
Suriyanın yolunu tutub.
Onlar əvvəlcə Türkiyənin Hatay vilayətinə, oradan da türk
bələdçinin köməyi ilə Atmana gediblər. Dostları ilə görüşən Zərbalı
onlara arvadlarını təhvil verəndən sonra Suriyada baş verənlərlə
bağlı məlumat toplayıb. Atmanın şəriət qaydaları ilə idarə
olunduğunu görən Zərbalı öz ailəsi ilə oraya köçməyi planlaşdırıb.
Zərbalı deyib ki, bir müsəlman kimi orada yaşamaq asan olacaq.
Suriyada ölən dostunun arvadı ilə niyə
evlənib?
Bakıya qayıdan Zərbalı dostu "Abdulhaqq" ləqəbli Pərvinin
Suriyada öldürülmsi xəbərini alıb. Pərvinin xanımı Bakıya
qayıtdıqdan sonra onun maddi sıxıntılar çəkdiyini görüb. Bundan
sonra Pərvinin arvadı ilə evlənib. Buna qarşı tərəf də, Zərbalının
arvadı da razılıq verib.
Suriyaya yola düşməyi qətiləşdirən Zərbalı birinci arvadı və
övladları ilə Suriyaya gedib. Son evlədiyi arvadını isə Suriyaya
apara bilməyib. Buna səbəb uşaqlarının rəsmi sənədlərində
problemlərin olması olub. Zərbalı ikinci həyat yoldaşına tapşırıb
ki, bu işləri qaydasına qoyduqdan sonra Suriyaya gəlsin.
Türkiyədən deportasiya və…
Növbəti dəfə də Suriyaya Türkiyədən keçmək istəyən Zərbalını
ailəsi ilə birlikdə yerli polislər saxlayıb. Buna səbəb onların
vaxtından artıq Türkiyə ərazisində icazəsiz qalması olub. O, ailəsi
ilə birlikdə Türkiyədən deportasiya edilib.
İttiham aktında yer alan məlumatda yazılır ki, Z.Abdullazadə
İŞİD təribində "Əli" ləqəbi ilə tanınıb. O, sonuncu dəfə Rakka
şəhərinə getmək istəyərkən ölkədən çıxışına qadağa qoyulduğu üçün
Zərbalı adını dəyişib Zərbəli, Abdullayev soyadını dəyişərək isə
Abdullazadə edib.
Suriyada öldürülən Pərvinin həyat yoldaşı olmuş Sevinc Qasımova
(ad və soyad şərtidir) istintaqa ifadəsində olanları təsdiq
edib.
Arvadını Türkiyədə yaşayacaqları adı ilə
aparıbmış…
S.Qasımova ifadəsində bildirib ki, Pərvin ona Türkiyənin Hatay
vilayətinin Reyhanlı kəndində yaşayacaqlarını deyib. Lakin
Türkiyəyə gedərkən onlardan Suriyaya keçmələrini istəyib. Suriyaya
keçdikdən sonra orada onlar yarılmış evdə yaşayıblar. Həmin ərəfədə
isə əri döyüşlərdə iştirak edirmiş.
O, ifadəsinə əlavə edib ki, əri öldükdən sonra onunla birlikdə
Türkiyəyə gedən Mahir adlı şəxsin həyat yoldaşından 200 dollar
alaraq Bakıya qayıdıb və Burada Z.Abdullazadə ilə ailə həyatı
qurub.
Z.Abdullazadənin həyat yoldaşı A.Abdullayeva da istintaqa
ifadəsində baş verənləri təsdiqləyib.
O, Zərbalı ilə nikahlarından bir qız və 2 oğlan övladlarının
olduğunu bildirib. A.Abdullayeva deyib ki, Suriyaya getmək qərarına
gəldikdən sonra Sahil qəsəbəsindəki evlərini əşyaları ilə birlikdə
satıblar.
Ərinin ölən dostu Pərvinin həyat yoldaşı ilə evlənməsi haqda da
danışan A.Abdullayeva deyib ki, bu işi Zərbalının öhdəsinə buraxıb
və qərarı onun verməsini istəyib.
Dini baxışlardakı ziddiyyət…
Bu işdə adı keçən Mahir Musayevdə istintaq zamanı dindirilib.
M.Musayev də eyni maddələrlə ittiham olunur. O, da istintaqa
bildirib ki, Suriyada baş verənləri internetdən izlədikdən sonra
Suriyaya getmək qərarına gəlib və bunun üçün Pərvinlə danışıb.
Mahir Musayev deyib ki, dostu Zərbalı Suriyaya gəlmək istəyərkən
Bakıda olan həyat yoldaşını da gətirməsini ondan istəyib. O,
Zərbalının Suriyaya gəliş məqsədinin İŞİD-ə qoşulmaq olduğunu
bildirib.
İstintaqa ifadə verən M.Musayevin həyat yoldaşı Sevil Quliyeva
(ad və soyad şərtidir) da olanları təsdiq edib. Əlavə edib ki,
2012-ci ildə orta məktəbi bitirdikdən sonra ibadətə başlayıb və
Mahirlə ailə həyatı qurublar.
S.Quliyeva deyib ki, əri Türkiyəyə işləmək adı ilə gedib. Sonra
onu da Türkiyəyə çağırıb. Ancaq Türkiyəyə gedəndədn sonra Suriyaya
aparılıb. Və orada bilib ki, Suriya ərazisindədir.
Onun sözlərinə görə, əri Mahirlə Suriyada olan şəxslərin dini
baxışlarında ziddiyyətlər olduğu üçün onlardan ayrılaraq Bakıya
qayıdıblar.
Musavat.com