Bu dəfə Bakının isti havasında Naxçıvanda
yaşayıb-yaradan şair Əbülfəz Ülvi ilə görüşüb həmsöhbət oldum.
Onunla ara-sıra Bakıdakı ədəbi tədbirlərdə, AYB-də görüşürdük. Son
kitabını da hədiyyə etmişdi. Kitabındakı şeirlərin dolğunluğu
ictimai-siyasi həyatdakı aktivliyindən xəbər verirdi. Amma məni
daha çox onun sarkazmla yazdığı tənqidi fikirləri, bəzi səlahiyyət
sahiblərinin bostanına atılan daş kimi yaddaşımda qalan şeirləri
özünə çəkirdi. Elə lirikası da sevilərək oxunan şeirlərdəndir.
Şairlə görüşümüzdə də bu haqda danışdıq.
- Əbülfəz müəllim, Naxçıvandan təzə gəlmisiniz, deyin,
orada vəziyyət necədir?
- Faiq müəllim, əvvəlcə sizin çoxsaylı oxucularınızı
salamlayıram. Sualınıza cavab olaraq deyim ki, Bakıya tez-tez
gəlirəm. Səbəbi isə budur ki, həm övladlarımdan burada yaşayanı
var, həm paytaxtdır, həm də sizin kimi gözəl, nəcib, mehriban
dostlarımı görmək istəyirəm. Naxçıvanda vəziyyət mən deyərdim ki,
hətta dünyanın hər yerindən qat-qat yaxşıdır. Muxtar Respublika
rəhbərliyinin gündəlik qayğısı nəticəsində Naxçıvanda maddi rifah
durmadan yüksəlir, tikinti-abadlıq işləri getdikcə sürətlənir,
bütün sahələrdə irəliləyiş özünü göstərir. İnsana bundan gözəl nə
lazım ola bilər ki.
- Bəs ədəbi aləm necə, Naxçıvanın ab-havası kimi
istidir, yoxsa orada da söz adamları arasında narazılıqlar, soyuq
münasibətlər nəzərə çarpır?
- Naxçıvanda ədəbi münasibətlər bütün dövrlərdə yaxşı olub. Ona
görə də Naxçıvan Azərbaycanımıza Hüseyn Cavid, Cəlil
Məmmədquluzadə, Məmməd Səid Ordubadi kimi böyük ədib və şairlər
bəxş edib. İndi də Naxçıvandakı ədəbi mühit böyük səylə
çalışmaqdadır. Yəqin ki, gələcəkdə bugünkü ədəbi mühit də öz
barını, bəhrəsini göstərəcək.
İnsanlara kömək əlimi uzatmağa çalışmışam
- Məsul vəzifədə çalışırsınız, işləriniz də çox olur, bu
yandan da ədəbi yaradıcılıq, bunlardan biri digərinə mane olmur
ki?
- Mən işləyəndə də, işləməyəndə də işimi elə qurmuşam ki,
işlərim heç vaxt bir-birinə maneə törətməyib. Əksinə, biri-birini
tamamlayıb.
- Şeirlərinizdə bəzən zamanın neqativ hallarına qamçı
çəkirsiniz. Bəzi məmur və səlahiyyət sahiblərini, bir növ, islah
edirsiniz. Nazirlər Kabinetinin işçisi olaraq sizinlə hər hansı
məmur qarşıdurması yaranmır ki?
- Ümumiyyətlə, bir yazar kimi, təkcə mən yox, bütün qələm
sahibləri yaşadığı dövrdə olan bütün ictimai ədalətsizlikləri,
kəm-kəsiri qələmə alır və onların sahmana salınmasına çalışır. Mən
işlədiyim müddətdə məmur səlahiyyətlərimi aşmamağa çalışmışam.
İnsanlara kömək əlimi uzatmağa çalışmışam.
Düzü, utanırdım, amma müəlliməm...
- İstəyirəm, ötən vaxtlara qayıdaq. Hansı ki,
yaradıcılıqla məşğul olmağa başlayırdınız. Ürəyinizdən nə keçirdi,
necə yazar olmaq istəyirdiniz?
- Yaradıcılığa uşaq vaxtlarımdan başlamışam. Aşağı siniflərdə
oxuyanda uşaq təxəyyülümlə şeirlər yazırdım. Utanıb heç kimə
göstərmirdim. Amma sinif yoldaşlarımdan biləni var idi.
Azərbaycanın gözəl şairlərindən olan Kəmalə Ağayeva mənə fransız
dilindən dərs deyirdi. Bir gün uşaqlardan biri mənim sirrimi Kəmalə
müəlliməyə açdı. Kəmalə müəllimə saçlarımı sığallayıb, şeirlərimdən
birini deməyimi istədi. Düzü, utanırdım, amma müəlliməm mənə elə
müdrik bir yolla yanaşdı ki, onun istəyini yerinə yetirməli oldum.
Özü də yeni il ərəfəsi olduğundan yeni ilə yazdığım şeiri dedim.
Şeir belə idi:
Yurdumuza, a dostlar,
Yenə təzə il gəlir.
Bir əlində boran, qar,
Bir əlində gül gəlir.
Gözəl yolkanın üstdə,
Nur səpir çilçıraqlar.
Ətrafında rəqs edir,
Nəğmə deyir uşaqlar.
Şənlik edir, sevinir,
İndi bütün el-oba.
Deyirik, xoş gəlmisən,
Bu elə, Şaxta baba.
Əlbəttə, bu şeir azyaşlı məktəblinin təxəyyülündən süzülən
misralar idi. Lakin Kəmalə müəlliməni deyəsən sehrləmişdim. Şeir
onun xoşuna gəlmişdi. Məktəbimizdə Adil Qasımzadə adlı müəllim var
idi. Gözəl şair idi. Kəmalə müəllimə adam göndərib onu çağırtdırdı.
Şeiri mən bir də deməli oldum. Hər ikisi mənə xoş sözlər dedi.
Kəmalə müəllimə həmin gün mənə "oğlum səndən gözəl şair olacaq,
davam elə", - dedi. Bu xoş sözlər məni şeir yazmağa daha da
ruhlandırdı. Gördüyünüz kimi, indi həmin o uşaq, yəni mən 28
kitabın müəllifiyəm.
- Kəmalə xanımın qayğısını hiss etmisiniz, bəs, sonralar
ədəbi mühitdə kimləri kumir bilirdiniz? Kimin imzası, sözü sizi
ardınca çəkirdi?
- Ədəbi aləmdə yaxşı sözü olan bütün şairləri oxuyurdum.
Hamısını da saf-çürük eləməyi bacarırdım. Düzünü desəm, heç kimə
oxşamaq istəmirdim. Allaha yalvarırdım ki, öz dəst-xəttim
olsun.
- Bu arzular sizi nə vaxta qədər tərk etmədi? Məsələn,
tanınmış bir şair olaraq gündəmi zəbt etmək istəyiniz var
idimi?
- Düzdür, yaxşı şair olmaq arzusu məni heç vaxt tərk etmirdi.
Hətta bu hiss məni indi də tərk etmək fikrində deyil. Əlbəttə, hər
yazar gündəmdə olan şairə dönmək istəyər. Hətta hərbidə belə bir
məsəl var, - "General olmaq istəməyən əsgər, yaxşı əsgər ola
bilməz".
Onlardan uzaq durmağı bacarıram
- Heç olubmu ki, tutduğunuz vəzifə, ictimai statusunuz
sizi bezdirsin, ancaq şeirlə baş-başa qalasınız?
- Mən heç vaxt işdən bezən adam olmamışam. İşimdə də yaxşı
işləməyə çalışmışam, yazılarımda da bütün qüvvəmi səfərbər etmişəm
ki, oxuculara nə isə verə bilim.
- Ətrafınızda həmişə adam olur. Maraqlıdır, sizə kiminlə
bezdiricidir? Adına şair dedirdib, yazı-pozu adamı olmaq istəyən
zəif şairlərlə, yoxsa səlahiyyət sahibləri olan, vəzifələri ilə
tanınan var-dövlət sahibi olanlarla?
- Mən hamı ilə yola gedən adamam. Mənim üçün bezdirici adamlar
söz anlamayanlardır. Allaha şükür ki, onlardan uzaq durmağı
bacarıram.
- Əbülfəz müəllim, 28 kitabınızın olduğunu dediniz. Amma
nədənsə imzanızı çox gec tanıtdınız. Deyin, ümumiyyətlə, sizin üçün
şeir, söz nədir?
- Bu suala cavab vermək bir az asandır. Ona görə asandır ki, siz
də yazı əhlisiniz. Şeir, söz sizin üçün nədirsə, mənim üçün də elə
odur. Yəni mən öz həyatımı sözsüz təsəvvür etmirəm.
- O zaman deyin, şeirlə, sözlə, kitablarla dolanışıq
qurmaq olar?
- Heç bir yerdə işləmədən şeirlə, sözlə, kitabla dolanışıq
qurmaq, yaşamaq mümkün deyil. Bu da bizim dövrümüzün ictimai
çatışmazlıqlarındandır. Lakin mən əminəm, istiqlal qazanan,
günü-gündən çiçəklənən dövlətimiz və hökumətimiz bu barədə özünün
müdrikliyini göstərəcək.
Şair vurulmasa, heç şeir də yaza bilməz
- Siz daha yaxşı bilərsiniz, kürsü sahiblərinin
ədəbiyyata münasibəti necədir?
- Siz paytaxtda yaşayırsınız. Bu barədə məndən daha yaxşı
bilərsiniz. Mən elə gəlir, prezidentimiz bu barədə bir sıra işlər
görüb. Yazarların mənzil şəraitləri yaxşılaşdırılıb, onlara
prezident mükafatı təyin edilib və s. Naxçıvan haqqında isə
cəsarətlə deyə bilərəm ki, çox yaxşıdır. Ali Məclis tərəfindən
göstərilən gündəlik qayğı, tez-tez naxçıvanlı şairlərin
yazılarından ibarət almanaxların çıxarılması buna bariz
nümunədir.
- Lirik şeirləriniz də çoxdur. Bu günlərdə "Dönüm"
rədifli bir qoşmanızı oxudum. Təzə-təzə vurulanlara oxşadınız bu
şeirdə.
- Şair lirik şeirlər yazmasa, ürəyi sakitlik tapa bilməz. Sevgi
şeirləri tək kiməsə vurulmaqdan yazılmır ki. Bu şeirlərdə
məhəbbətin yeri bilinir, gözəlliyi özünü göstərir. Bir də ki, şair
vurulmasa, heç şeir də yaza bilməz. Buna vətənə, xalqa, yaşadığı
torpağa, təbiətə vurğunluq da daxildir.
- Deyirsiniz:
Mən səni nə sayım indi,
Heç özün varmısan sayımda mənim.
Ətrafınızda belələri çoxdurmu, özü nəzərdə olmaya-olmaya
gözə soxulanlar, özünü saya salanlar?
- Hə, həmin şeirimin də yazılma tarixi, səbəbi var. Həmin şeirdə
mən lazımsız işlərlə, özünü gərəkli göstərən adamlara yerini
göstərmişəm. Nə isə çalışdım suallarınıza oxucuları yormamaq üçün
qısa, konkret cavab verim. Bəlkə, bir çay içək?
- İstidir. Gərək bu havada çayı pivə ilə
dəyişək.
- Niyə də olmasın?
Əbülfəz müəllimlə söhbətimiz pivə süfrəsi arxasında davam
etmədi. Hər ikimizə zəng gəldi. Qərara gəldik ki, başqa bir vaxt
sərinlənərik.