Hər kəsin həyatında əhəmiyyət verməyib üstündən keçdiyi
hadisələr olur. Belə hadisələr bizim kimi adi insanların həyatında
bir işə yaramasa da, məşhurları çətindən çıxarmağa yarayır.
Məşhurların həyatından maraqlı "gərəksiz bilgilər"i "Axar.az"
oxucularıyla paylaşır.
Qeyri-adi virtuozluq
Bir dəfə Nikkola Paqanininin düşmənləri konsert ərəfəsində onun
skripkasının simlərini zədələyir. Nəticədə çıxış zamanı alətin 3
simi qırılır. Buna baxmayaraq, Paqanini salamat qalmış bircə simlə
konsert proqramını qüsursuz ifa edir. Hətta dinləyicilər musiqinin
bircə simlə ifasının belə fərqinə varmırlar.
Peşəkarlığın əlaməti
Məşhur dirijor Hans fon Bülovdan soruşurlar: "Yaxşı dirijorla
pis dirijorun fərqi nədir?" Cavab verir: "Yaxşı dirijor əsərin
partiturasını başında, pis dirijor isə əksinə, başını partiturada
saxlayır".
Ən etibarlı sənət
Bir gün dahi Karuzo şəxsi hesabından böyük məbləğdə pul çıxarmaq
üçün banka gəlir. Lakin özü ilə şəxsiyyətini təsdiqləyən sənəd
götürməyi unudur. Kassir də haqlı olaraq ona pul ödəməkədən imtina
edir. Onda Karuzu bir an fikrə gedib vəziyyətdən maraqlı çıxış yolu
tapır. O, "Toska" operasından məşhur bir ariya oxuyur. Kassir də
ödəməni dərhal təşkil edir. "Mən heç vaxt belə ilhamla
oxumamışdım", - deyə Karuzo zarafatından da qalmır.
Yuxusuzluğun əlacı
Rusiyanın Almaniyadakı səfiri qraf Kazerlinq daimi yuxusuzluqdan
əziyyət çəkir və gecə saray müsiqiçisi Teofil Holdberqdən
klavesində mülayim, "yuxu gətirən" musiqi əsəri çalmasını xahiş
edir. Holdberqin repertuarı tədricən tükəndiyindən qraf Kazerlinq
Sebastyan Baxa yeni əsər sifariş edir. Bax da ariya və 30
variasiyadan ibarət bir silsilə bəstələyir və həmin əsərə onu ifa
edəcək Holdberqin adını verir. Beləliklə, qraf Kazerlinqin
yuxusuzluğu dünya musiqisinin gözəl incilərindən biri olan
"Holdberq-variasiyaları" əsərinin yaranmasına səbə olur.
Litavranın zərbəsi ilə oyanış
Londonda işlədiyi zaman Yozef Haydn fikir verir ki, sakit,
mülayim xarakterli, ağır templi əsərlərin ifası zamanı bəzi
dinləyicilərin diqqəti musiqidən yayınır, hətta onlar yatırlar.
Belə saxta musiqisevərlərin dərsini vermək məqsədilə bəstəkar
növbəti simfoniyasında bir məzəli ideya tətbiq edir. Simfoniyanın
ikinci, ağır hissəsində musiqi get-gedə sakitləşdiyi halda litavra
alətinin birdən səslənən gur akkordu zalda bütün yatanları oyadır.
O vaxtdan Haydn 94-cü simfoniyası "Litavranın zərbəsi ilə oyanış"
adı ilə tanınır.
Vatikan qanunlarının pozulması
14 yaşlı Motsart Romada olarkən atası ilə birlikdə Sikst
kopellasına gedir və orada Alleqrinin "Misserere" dini xor əsərini
dinləyir. Sahibi Vatikan kilsəsi sayılan həmin əsərin nota
köçürülməsi və yayılması qəti qadağan idi. Əsərə bircə dəfə qulaq
asdıqdan sonra balaca Motsart onu bir gecədə bütövlükdə nota
köçürür və bir neçə gündən sonra verdiyi kosertdə bu əsəri ifa
edir. Əslində, bu, kilsə qanunlarını kobud pozmaq demək idi. Lakin
konsertdə olan və uşağın möcüzəli eşitmə qabiliyyətinə və yaddaşına
heyran qalan Roma Papası balaca Motsartı nəinki cəzalandırır, onu
hətta "Qızıl Şpor Ordeni"nin kaveleri fəxri adına layiq görür.
Məhkəmənin qərarı ilə toy şənliyi
Robert Şuman uzun müddət sevgilisi Klaranın atasından
evlənmələrinə razılıq ala bilmirmiş. Artıq ümidini itirən Şuman
məhkəməyə müraciət edir. Leypsiqdəki Kral Apellyasiya Məhkəməsi bu
məsələni artıq həddi-büluğa çatmış Klaranın özü tərəfindən həll
edilməsi barədə qərar verir və iki gənci evləndirir. Bu nikahın
ləğvi deyil, bağlanması haqda tarixdə verilmiş yeganə məhkəmə
qərarıdır.
Dinləyicilərə xoş gəlmək üçün...
1855-ci ildə Londonda Betxovenin 2 simfoniyasına dirijorluq edən
Vaqner konserti əzbər, yəni əsərin partiturasına baxmadan keçirir.
Belə üsula adət etməyən dinləyicilər bəstəkarın çıxışını soyuq
qarşılayırdılar. Növbəti konsertdə Vaqner artıq partituraya
baxa-baxa orkestri idarə edir və nəticədə gurultulu alqış qazanır.
Bəstəkar səhnəni tərk etdikdən sonra çoxları fikir verir ki, pultun
üzərindəki Rossininin "Seviliya bərbəri" operasının partiturası
imiş. Özü də baş-ayaq şəkildə.
Ailə və opera əleyhinə
Bramsı çox zaman opera janrına müraciət etmədiyinə görə tənqid
edər və bunun səbəbini soruşarmışlar. Brams isə cavabında "mənim
opera yazmağım elə ailə qurmağıma tən gələr. Bunların heç biri
mənlik deyil".
Gecikmiş məhəbbət
1832-ci ildə Milan Konservatoriyasının direktorunun yanına cavan
bir oğlan gəlir və onu qəbul imtahanına buraxmağı xahiş edir. Qəbul
komissiyası iddiaçının əsərləri ilə tanış olandan sonra ona qəti
rədd cavabı verir və "ondan heç vaxt bəstəkar olmaz" deyir. Bir
neçə on illikdən sonra Milan Konservatoriyası vaxtilə bəyənməyib
rədd etdiyi gənc musiqiçinin adını daşımaq üçün müraciət edib səy
göstərir. Həmin musiqiçinin adı Cüzeppe Verdidir.
Müəmmalı hadisə
İstedadlı Amerika musiqiçisi, trombonçalan Qlen Miller dünyanın
ən populyar caz orkestrlərindən birinin rəhbəri olub. 1944-cü ildə
onun idarə etdiyi təyyarə Amerikadan Avropaya uçan zaman müəmmalı
şəkildə yoxa çıxıb.