Ana səhifə Kult |
Bakı musiqisinin xəmiri cazla yoğrulub. İlin hər fəslində Bakı havasından bir caz ətri gəlir. Caz əsl bakılının musiqisidir. Caz not deyil, bir başa improvizədir. Yaranma tarixi ötən əsrə təsadüf edən cazın Azərbaycanda azad ifası cəmi bir il davam edir.
40-cı illərdə Stalin caza "kapitalist musiqisi" damğası vurur.
"Kapitalist musiqisi" qadağan edildikcə daha da sevilirdi. Bakı
restoranlarından eşidilməsə də, tək-tük evlərdən bu musiqinin
sədaları gəlirdi. 50-ci illərdə yoxa çıxmış caz gənc bir bakılı
oğlanın timsalında yaddaşlara qayıdır. Həm də yeni üslubda.
Əvvəllər onun ifalarını heç kəs duymurdu. İndi o, dünya caz
musiqisinin salnaməsinə əbədi həkk olunub - Vaqif
Mustafazadə...
Sizin kimi blüz çala bilməyi çox istərdim
Onun geyimi, saç düzümü, hərəkətləri də həmyaşıdlarından
fərqlənirdi. Öz vətənində sevilməyən Vaqif əcnəbi ölkələrdə
mükafatlara layiq görülürdü. Bir gün Mustafazadə Monokoda keçirilən
caz festivalına dəvət edilir. Festivalın fərqi onda idi ki, burada
ifaçının adı, bəstənin müəllifi və təmsil etdiyi ölkənin adı anonim
saxlanırdı. Yalnız qalibin adı sonda açıqlanacaqdı. Müsabiqənin
sonunda yüzlərlə yad adlar içində bizə doğma "Azərbaycan. Vaqif
Mustafazadə" səslənir. O, festivalın ən yüksək mükafatına layiq
görülür.
Vaqif Azərbaycanda və dünyada ilk "caz-muğam" janrının əsasını
qoyur. "Bibop" və "modern-caz"ın əsasını qoymuş trubaçalan Dizzi
Gillespi V.Mustafazadəni dinlədikdən sonra deyir: "Onun musiqisi,
sanki, başqa planetdəndir. Bu, gələcəyin musiqisidir".
Bu, hələ uğurun başlanğıcı idi. Az sonra dünya rok musiqisinin banisi Bi Bi Kinq də Vaqifin ifasına heyran qalır. Günlərin birində təsadüfən rastlaşan musiqiçilər çox səmimi görüşür və Kinq Vaqifə "Cənab Mustafazadə, məni "blüzün kralı" adlandırırlar. Ancaq sizin kimi blüz çala bilməyi çox istərdim", - deyir.
Dünya mətbuatında onun haqqında çox eşitmək olardı. ABŞ-da
"Caz-Taym" radio proqramının müəllifi Uillis Konnover: "Vaqif
qeyri-adi pianoçudur. Onun tayı-bərabəri yoxdur", -
bildirmişdi.
Bakılıların sevmədiyi bakılı cazmen
Mustafazadənin uğurları Tallində davam edir. Konsert rəhbərliyi ondan burada qalmağı xahiş edir. Amma Vaqif festivaldan sonra Bakıya dönür. Bakıda isə yenə onu laqeydlik, biganəlik, soyuqluq gözləyirdi.
Cazmen bunlara məhəl qoymadan, 1969-cu ildə Bakıdakı caz festivalında nəyə qadir olduğunu bir daha sübut edir. Gerçəkliyi qəbul etmək istəməyən həmvətənləri isə canfəşanlıqla onun əleyhinə təbliğat aparatını işə salırlar. Vaqifin yaradıcılığını milli musiqimizə, muğama xəyanət kimi qiymətləndirirlər. Onun televiziyada solo konsert vermək cəhdləri də boşa çıxır. Hətta ona qarşı sui-qəsd təşkil olunur. Xoşbəxtlikdən sağ qalır. Nəhayət, cazmen Daşkənddə konsert vermək qərarına gəlir.
Son ifa, son konsert
Konsertə yüksək səviyyədə hazırlaşan Vaqif səhnəyə son dərəcə
əsəbi, incimiş, bütün bu haqsızlıqlardan boğaza yığılmış halda
çıxır. Çünki Daşkənddə konsertin təşkilatçıları onu aldatmışdılar.
Bakıda hazırlanan afişalar "Daşkəndin küçə və meydanlarında asılıb"
vəd etsələr də, şəhərdə konsertlə bağlı bir elana da rast gəlinmir.
Hətta musiqi sevənlər də Vaqifin konsertindən bixəbər idi. Zalda
gözə tək-tük adam dəyir və onlar da konsertdən təsadüfən xəbər
tutmuşdular. Buna baxmayaraq, Vaqif piano arxasına keçir və ifa
etməyə başlayır. Konsert zamanı bərk stress keçirən cazmen
konsertdən bir neçə saat sonra güclü ürək ağrıları keçirib və ürəyi
dayanıb.
Atasının ölümü barədə qızı Əzizə Mustafazadə öz qeydlərində
yazır:
"Həyatımdakı bəzi hadisələr çox qəribədir. Atam mənim 10-cu ad
günüm ərəfəsində vəfat etdi. 1979-cu il idi. Bizim ailəmizə məxsus
tarixi günlər bir-birinə çox bağlıdır. Anam 17 dekabrda doğulub.
Mənsə 19 dekabrda doğulmuşam. Atam 16 dekabrda vəfat edib, 18-i isə
torpağa tapşırmışıq. Bu tarixlər - 16, 17, 18, 19 - ailəmizin bütün
kədər və şən günlərini birləşdirir. Ümumiyyətlə, mən ölümə
inanmıram. Bu, sadəcə bioloji bir şeydir. Mənim üçün atam, sadəcə,
Yer üzünü tərk edib. Mən hələ də onun enerjisini hiss edirəm
ətrafımda. Bəzən mənə elə gəlir ki, o, mənim ətrafımda uçur. Elə
konsertlər olub ki, onun varlığını çox güclü hiss etmişəm, hətta
deyərdim ki, görmüşəm. Elə bil, ona toxunacaq kimi hiss etmişəm.
İnsanlar atamın ölümü ilə çox maraqlanırlar. Mənimsə yadıma bunlar
gəlir. Atam Daşkəndə konsert üçün gedəndə (evi tərk edən vaxt)
hamamımızda divardan asılmış güzgü düşüb sındı. Bəzi insanlar gülə
bilərlər, amma bu, həqiqətdir. Mən ağlamağa və ona yalvarmağa
başladım: "Getmə bu səfərə". Əlbəttə, mən başa düşmürdüm nələr baş
verəcəyini. Amma yalvarırdım getməməsi üçün. Axrıncı dəfə onunla
telefonla danışanda dekabrın 15-i idi. "Nə vaxt gələcəksən? Səni
sabah görmək istəyirəm", - dedim. O isə: "Yox, bu, mümkün deyil,
çünki mənim konsertim var. Amma əzizim, narahat olma. Qayıdacam və
ananın ad günündə birlikdə olacağıq. Ancaq gələ bilmədi".
"Əzizə mənim üçün Cazizədir"
Cazmenin qızı atası ilə bağlı xatirələrində Azərbaycanda ona olan münasibətin səbəblərindən də yazır: "Onun üçün Azərbaycan yox "Cazərbaycan", Əzizə yox "Cazizə" vardı. O, hər şeyi cazla birləşdirirdi. Onun sonuncu konserti ərəfəsində həkimlər ona səhnəyə çıxmamağı tövsiyə ediblər. Lakin o, israrla səhnəyə çıxmaq istədiyini deyib. Zal, demək olar ki, boş olub. Həmin gün Aşura günü qeyd olunurmuş Daşkənddə. İnsanlar küçələrdə özlərini döyüb İmam Hüseynin ölümünü yad edən vaxt atam səhnədə çıxış edirdi. Konsertdən sonra güclü ürək ağrıları keçirib və vəfat edib.
Maraqlıdır, nəyə görə konsert bu günə planlaşdırılmışdı? Bu
təbii ki, bilərəkdən hazırlanmış bir şey idi. Cazı sevməyən sovet
sistemi Vaqifin konsertini Aşura gününə təyin etməklə ona olan
nifrəti daha da artırırdı.
Atam güclü stressdən vəfat edib. Onlar o qədər ağır konsert cədvəli
hazırlayırdılar ki ona! Xüsusən də, elə günlər seçirdilər ki, adam
az gəlsin konsertə. Onu pərt etmək üçün əllərindən gələni
edirdilər. Ənənəyə görə, o gün (Aşura günü) konsert vermək olmazdı.
Atam xaricdən, xüsusilə Amerika, Avropanın müxtəlif ölkələrində
keçirilən festivallara xüsusi dəvət alırdı. Bir dəfə o,
Finlandiyaya caz festivalına dəvət alır. Təyyarə qalxmağa az
qalmış, ona yaxınlaşıb "Cənab Mustafazadə, qayıdın. Sizi kimsə
gözləyir". Vaqifə oyun oynamışdılar. O, gəlib heç kimi tapmamışdı
və beləliklə, həm təyyarəni, həm də festivala qatılmaq şansını
itirmişdi. Bu cür hadisələr çox olub. Onun gedişini həmişə
əngəlləməyə çalışırdılar".
"Dünyada ən çox anamı, boya-başa çatdığım İçəri şəhəri, bir də dənizi sevirəm", - deyən Vaqif sənəti kimi, ömrüylə də bədxahlarına qalib gəlir. Sağlığında qədrini bilmədiyi Azərbaycan isə Vaqifin ölümündən sonra onun adı ilə şöhrət qazanmağa çalışır.
Tarix
2014.03.21 / 01:55
|
Müəllif
Nigar İxtiyarqızı
|