Ana səhifə Kult |
ADP sədri Sərdar Cəlaloğlu 1937.az saytına müsahibəsində dahi alim və şair Məhəmməd Füzulinin kafir olduğunu bildirib. S.Cəlaloğlu müsahibəsində Füzulinin fikirlərinin bizi düzgün tərbiyə etmədiyini və onun içindəki zəhərləri neçə yüz illərdir ki içdiyimizi bildirib:
"Mətləül-etiqad" əsərində Füzuli deyir, guya Peyğəmbər deyib ki, sirr elmini öyrənin. Mən də sirr elmini öyrəndim - əl-kimya, astrologiya, terekuriya... Və bunların əsasında da şərh eləməyə başladım. Mən o əsərdə görürəm ki, Füzuli kafir düşüncəsinə gəlib çıxır. Füzuli kafirdir".
S.Cəlaloğlunun bu fikirlərinə bir neçə füzulişünasın münasibətini öyrəndik. ADP sədrinin fikirləri füzulişünasların qəzəbinə səbəb oldu.
Füzulişünas alim Firudin Qurbansoy S.Cəlaloğlunun dindən və
ədəbiyyatdan xəbərsiz olduğunu dedi: "Füzulidən xəbəri olan heç bir
mömin ona kafir deməz. Görünür, super siyasətçi olan Sərdar
Cəlaloğlu həm də super mömindir. Füzuli İmam Hüseynin məqbərəsində
xəttat işləyib. Ondan böyük Allaha yaxın adam olmayıb. Sərdar
Cəlaloğlu Füzuli yaradıcılığını başa düşə bilməz. Sərdar Cəlaloğlu
gedib siyasəti ilə məşğul olsun, ədəbiyyata niyə girir?! Mən Füzuli
yaradıcılığının incəliklərinə bələdəm. Füzuli Allaha yaxın adam
olub. Füzuli haqqında güldən ağır söz demək olmaz. Hər kəs öz işi
ilə məşğul olsa yaxşıdır. Siyasətçi ədəbiyyata girməməlidir.
Ədəbiyyatın elə sirləri var ki, o hamıya açılmır. Hər elmin elə
sirləri var ki, onu yalnız o elmin mütəxəssisi bilir. Sərdar
Cəlaloğlu öz ixtisasını yaxşı bilsə, başqa sahələrə girişəndə də
keyfiyyətli söz danışar. Əgər sən Füzuliyə kafir deyirsənsə,
deməli, sənin nə dindən xəbərin var, nə də ki, ədəbiyyatdan".
Tanınmış publisist Rəsul Mirhəşimli bildirdi ki, Füzuliyə kafir
demək adamın ağlında problem olmağını göstərir: "Məhəmməd Füzuliyə
kafir demək insanın psixoloji problemlərinin olduğunu göstərir.
Sərdar Cəlaloğlu siyasi proseslərdə uğur qazana bilməyibsə, çox
yaxşı olar ki, getsin öz sahəsi-tibb ekspertliyi ilə məşğul olsun.
Bəlkə o sahədə uğur qazanar.
Çünki insanlar bilmədiyi mövzuları müzakirə edəndə özünü
cəmiyyətə güldürür. Məhəmməd Füzuli deyib ki, mən ona görə Füzuli
təxəllüsünü seçdim ki, əgər hər hansısa bir qəbahət etsəm, hesab
eləsinlər ki, bu füzuldur, yəni boşboğazdır. O, adını daşıdığı
Məhəmməd Peyğəmbərin adına xələl gəlməsin deyə Füzuli təxəllüsünü
götürdü. Bir də qeyd edib ki, gələcəkdə kimsə mənim təxəllüsümü
özünə götürmək istəsə bunu özünə rəva bilməsin. Çünki füzul çox
danışan deməkdir. Bu da Füzulinin Peyğəmbərə verdiyi qiymət.
İkincisi isə Məhəmməd Füzuli yaradıcılığından bir nümunə bəs edir
ki, Sərdar Cəlaloğlunun bilmədiyi mövzuya girişməyi öz
biliklərindən kənar düşüncələri ilə yanlış fikir yaratdığı göz
qabağındadır. Füzuliyə kafir demək adamın ağlında problem olmağını
göstərir. Bundan başqa nə demək olar. Məhəmməd Füzuli haqqında
elementar təsəvvürü olmayan bir adam getsin öz işi ilə məşğul olsun
və cəmiyyəti özünə güldürməsin".
Fəxrəddin Baxşəliyev Füzuliyə kafir deyilməsinin çox gülünc bir
ifadə olduğunu bildirdi: "Füzuli Sərdar Cəlaloğlunun dediyi kimi,
nə kafir deyil, nə də ki dindarların dediyi mənada mömin deyil.
Füzuli, sadəcə olaraq, imam əhlinə aşiqdir.
Bir vaxtlar Füzulini ateist, allahsız eləmək üstündə yarış gedirdi. İndi də onu molla eləmək üstündə yarış gedir. Hər iki fikir yanlışdır. Sərdar Cəlaloğlu əvvəlcə bilsin ki, iman nədir, ondan sonra Füzuliyə kafir desin. Amma bir mənada da haqlıdır ki, bu mollalar Füzuliyə mömin deməklə ağını çıxarıblar. Füzuli mömin olsaydı, "Könül, səccadəyə basma ayaq, təsbihə əl vurma. Namaz əhlinə uyma, onlar ilə durma, oturma!" misralarını deməzdi. Füzuli imanla küfrün arasında olan eşq məsələsindədir. Bəli, Füzuli dindar deyildi. Amma kafir də deyildi. Dindarlıq başqa, aşiqlik başqa. Füzulinin olduğu mərhələ dindarlıqdan çox-çox uca bir mərhələ idi. Ancaq Füzuliyə kafir deyilməsi çox gülünc bir ifadədir. Sərdar Cəlaloğlunun Füzuliyə kafir deməyi mollaların Füzuliyə dindar deməyinə bərabərdir. İkisi də eyni dərəcədə yanlışdır".
Tarix
2014.09.04 / 09:31
|
Müəllif
Axar.az
|