Bu dəfə yazıçı-publisist Zümrüd Yağmurun ailəsinə qonaq
düşdük. Zümrüd xanımın həyat yoldaşı Fuad Qəhrəmanlı ilə Zümrüd
xanım haqqında danışdıq.
Mehdiabad qəsəbəsində həyət evində yaşayırlar. Həyətdə olan
gözəl bağçaya Fuad bəy qulluq edir. Qəsəbənin "zirvəsində" yerləşən
evin həyətindən sanki bütün Mehdiabad ovuc içi kimi görünür. Bizim
göstərmək istədiyimiz isə bu ocağın içidir.
Fuad bəydən sual-cavab şəklində deyil, özü istədiyi kimi
danışmasını rica etdik.
Həyatda iki şey mənim üçün uğur hesab oluna
bilər
- İmtahanda heç nə bilməyən tələbəyə deyirlər ki, nə bilirsən,
onu danış. Əslində, elə ən çətini də odur. Həyatda iki şey mənim
üçün uğur hesab oluna bilər. Birincisi, elə bir çətinlik yoxdur ki,
məni sındıra, yolumdan sapdıra bilsin, ikinci də təbi ki,
Zümrüddür. Şansım kimi qiymətləndirirəm Zümrüdü.
Dua edirdim ki, Türkiyəyə getməyi alınmasın
Zümrüdlə ilk tanışlığım 1998-ci ildə olub. O vaxt "Bütöv
Azərbaycan Birliyi"nin toplantılarında tanış olmuşuq. Zümrüd "Önər"
adlı jurnal buraxırdı, mənim də orda "Milli üstünlük kompleksi"
adlı yazım çap olunmuşdu. Sonradan məlum oldu ki, Zümrüd o vaxt
gündəliyində mənim haqqımda yazıb: "Bu gün Fuad bəy gəlmişdi. Çox
istedadlı gəncdir, gələcəyinə böyük etimadım var". O vaxt təbii ki,
heç bir münasibətimiz yox idi. Amma ilk görüşdən nələrsə hiss
etmişdim. Bunun fərqinə sonra vardım. Zümrüd təhsillə bağlı
Türkiyəyə getməliydi, mən də yataqxanada qalırdım. Heç bir
münasibətimiz olmasa da, oturub dua edirdim, elə olsun ki,
Türkiyəyə getməyi alınmasın. Alınmadı da. Onda məndən soruşsaydılar
ki, bunu niyə eləyirsən, yəqin ki, izah eləyə bilməzdim.
Bir neçə günlük münasibətdən sonra həbs
O vaxt Ensiklopediyada işləyirdi. İki-üç gün idi Zümrüdə onu
sevdiyimi demişdim ki, həbs olundum. Mənim valideynlərim,
qohumlarımın çoxu Naxçıvanda yaşayırdı, həbsdə olduğum müddətdə
Zümrüd məni tək buraxmadı, sonacan yaxın dostum Alı Rzayla onun
diqqətində oldum. Həbsdən çıxandan sonra da ailə qurduq. O gün-bu
gün, bir yerdəyik!
Axtardığım adamı tapmışam
Zümrüdün də müxalif mövqeli olması münasibətlərimizin
alınmasında yəqin ki, rol oynayıb. Biz tanış olanda da azad
mövqeliydi, yəni mənim təsirimlə-filan olmayıb, qətiyyən. Zümrüd
ruhən də elə insandı, tanış olanda gördüm ki, elə axtardığım adamı
tapmışam.
Zümrüdün ailəsi müxalif fikirli insanlar deyil, əksinədir. Amma
ailə qurmaq barədə qərarımızı valideynlərə bildirdik, onu öz
ailəsi, məni də öz ailəm yaxşı tanıdığından, qərarımıza qarşı çıxan
olmadı. Ailələrimizin razılığı ilə evləndik.
Həddindən çox həssasdır
Zümrüdün bir çətin tərəfi var, insanı anlatdığından da çox başa
düşə bilir. Yəni hər kəs özü üçün bir "doza", hədd müəyyənləşdirir.
Harada, necə davranacağı, nəyi necə eləyəcəyi barədə... Amma
Zümrüdlə münasibətdə çizdiyimiz sərhədlər formal xarakter daşıyır.
Çünki o adamı başa düşmək lazım olandan daha çox başa düşür,
anlayır. O baxımdan bu məni bəzən narahat edir, həm də həddindən
çox həssasdı.
Söz Zümrüdə görə qanundur
Onun sözə verdiyi dəyəri, mən heç vaxt verə bilmərəm. Söz vermək
anlayışı var bizdə, o söz Zümrüdə görə qanundur. Sözə çox mötəbər
yanaşır. Məsələn, mən "sözdü də verdim, keçdi, nə vaxtsa yerinə
yetirərəm" kimi yanaşa bilərəm sözə, amma o, yox. Sözə həddindən
çox dəyər verir. Sevdiyim, amma uyğunlaşa bilmədiyim cəhətlərindən
biridir bu. Mənə görə sözə o qədər məna yükləmək lazım deyil.
Çayı-filanı özüm dəmləyib içirəm
Ev işlərini demək olar ki, Zümrüd özü görür. Bayram
təmizliyində-zadda köməkçi lazım olur. Nə vaxt ki, yazı, roman
yazır, o vaxtlar mane olmuram ona, çayı-filanı özüm dəmləyib
içirəm. Belə məsələlər bizim aramızda adətən sözsüz həll olunur. Öz
işini başqasına buraxmır. Evə bazarlıq-filan kimi, bağçada kişiyə
aid işləri də mən özüm görürəm.
Demək olar ki, usta çağırmırıq heç vaxt. Bir dəfə evləri ikimiz
birlikdə rəngləmişdik, usta çağırmadan. Bunu da iş kimi yox,
əyləncəyə çevirib etmişik. İşdən kənar vaxtı demək olar k, həmişə
bir yerdə keçiririk. Bəzən fikirləşirəm ki, düzgün yaşamamışıq biz,
özümüzə, əyləncəmizə daha çox vaxt ayıra bilərdik, birliyimizi daha
yaxşı dəyərləndirmək olardı. Daha gözəl yaşaya bilərdik...
Uşaqlar...
İki qızımız var, 13 yaşlı Selcan və 9 yaşlı Sənay. İki qızımızın
ikisinin də adını Zümrüd qoyub, çünki mənə düşmürdü o məsələlər.
Əvvəldən razılaşmamız vardı, oğlan olsa mən, qız olsa, o qoyacaqdı.
Türk tərkibli adlar olsun istədik, Selcan "Dədə Qorqud"dandı,
Sənayı da Zümrüd "sən" və "ay" sözlərinin birləşməsindən yaradıb,
"sən aysan" yəni…
Qızlarım qəhrəmandılar məktəbdə. Bir adam bir söz deyə bilmir,
bata bilmir onlara. Sənay musiqiylə də məşğul olur, pianino dərsi
alır. Selcansa kübar şeyləri heç sevmir. Hər ikisi 115 saylı şəhər
məktəbində təhsil alırlar.
Selcana görə, anası həddən artıq qayğıkeşdir. Deyir, o
qədər qayğı göstərir, bəzən adamı lap bezdirir bu
qayğı.
Zahirən Sənay daha çox oxşayır anasına, elə daxilən də... Çox
duyğusaldı. Selcansa çox praqmatikdi. Onlara sərmayə yatırmağa,
varidat qoymağa imkanımız yoxdu. Yeganə istinad nöqtəmiz, onların
ağıl və istedadıdır.
Mitinqlərdə, aksiyalarda Zümrüdlə birlikdə iştirak edirik, amma
uşaqları yalnız icazəli, daha doğrusu, uşaqların da getməyinə icazə
verilən mitinqlərə aparırıq.
Məni tutanda əvəzimə Zümrüd gedir...
Bir dəfə mənim əvəzimə Zümrüdü tutmuşdular. Gəlib evdən
aparmışdılar məni, elə ev paltarımda. Qaz işçisi adıyla qapını
döymüşdülər. Məni aparanda Zümrüd dedi ki, onu aparırsınızsa, məni
də aparın. Apardılar da. Məni daha tez buraxmışdılar. Zümrüd evə
gələndə onu qapıda gözləyirdim.
İnsan o zaman gerçək rahatlığı tapır ki, əyləncəsində, əlavə
vaxt keçirməyində, lap belə deyək, avaralanmağında da yanında
olacaq, o boşluğu dolduracaq, onu duya biləcək həyat yoldaşı
var.
Zümrüd qısqancdır
Baxmayaraq ki, 13 ildir evliyik, mənə olan hissləri təravətini
itirməyib. Bizim ikimizin də FB parollarımız, mail kodlarımız
bir-birimizdə var, sərbəst şəkildə girib baxa bilirik. Bəzən elə
olur ki, biri yazır: "Salam, eşq olsun", filan, o dəqiqə tutur
söhbətə ki, bunu əvvəldən tanıyırdın, yoxsa yox? Belə şeylər olur
yəni, yalan deyə bilmərəm. Açığı, arada məndə də olur qısqanclıq,
amma mən daha çox arxayınam. Bilirəm ki, Zümrüd ona FB-da birbaşa
"Necəsən?" yazan adamı bloka atır.
Yəqin ki, anam oxumaz bu yazını...
Zümrüd plovu xüsusi zövqlə bişirir. Bizim ailədə mətbəx işi belə
formalaşır ki, Zümrüd nəyi bişirsə, ən dadlısını bişirir. Subay
vaxtı yemədiyim xörəkləri evlənəndən sonra yemişəm. Zümrüd çox
dadlı yemək bişirir. Əvvəllər ümumiyyətlə badımcan yeməzdim, plovu
xoşlamazdım, indi hamısını yeyirəm. Zümrüdün əlinin dadına o qədər
öyrəşmişəm ki, kənarda yemək yeyəndə o ləzzəti ala bilmirəm. Hamı
adətən anasının bişirdiyi yeməyi ən dadlı yemək hesab eləyir. Mən
də elə hesab eləyirdim. Yəqin ki, anam oxumaz bu yazını, amma indi
Zümrüdün yeməkləri mənimçün dünyanın ən dadlı yeməkləridi.
İlk dəfə "səni sevirəm" dediyim gün
Qadınların adətən önəm verdiyi hadisələrin, günlərin unudulması
hər bir kişidə qadınların daha çox narazı olduğu məqamlardan
biridir. Zümrüd mənə də unutduğum tarixləri xatırlatmaqla yaddaşıma
həkk eləyib. Məsələn, aprelin dördü qız toyumuzun ildönümü günüdür,
mayın 13-ü mənim Zümrüdə ilk dəfə "Səni sevirəm" dediyim gündür.
Oturub saatlarla keçmişdən danışa bilirik. Müxtəlif yerlərdə
kirayələrdə qalmışıq, bir yerdən başqa yerə çox daşınmışıq.
Kirayədə Zümrüdün üşüməyi belə yadımdadır.
Keçmiş baxımından bir-birimizə çox diffuziya eləmişik, eyni
adama çevrilmişik. Bəzən elə olur ki, bir-birimizin ayrıca
nöqtələrimizi tapa bilmirik. Biz nədə fərqli düşünürük?
Bilmirəm...
Zümrüd mənimçün köhnəlmir
Çox gözəl bir şey var ki, Zümrüd mənimçün köhnəlmir. İlk günlər
necəydisə, bu gün də elədir və yəqin ki, sabah da elə olacaq. Əsas
odur ki, ailədə tərəf müqabili oxunmuş kitaba çevrilməməlidir. Və
yaxud baxılmış filmə. Serial kimi uzanıb getməlidir, yəni ömür boyu
davam edəcək...
Naxçıvanlılardan da yaxşı bişirir...
Zümrüdə deyirəm, Allah üzümə baxıb ki, sən dadlı yemək bişirə
bilirsən, yoxsa səni ata da bilməyəcəkdim, məcbur olub dözəcəkdim.
Mətbəximizdə əsasən cənub mətbəxinin yeməkləri bişirilir. Naxçıvan
mətbəxindən "bozpört" adlı yemək var, ən çox onu bişirir Zümrüd.
Bir də bizdə göy yeməkləri olur, onları çox dadlı bişirir.
Arada deyirəm ki, naxçıvanlılardan da yaxşı bişirirsən. Bir də
bizim ikimizin bişirdiyimiz kabab çox məşhurdu dostlar arasında.
"Bu kababdan mən heç yerdə yeməmişəm",- kim gəlsə, bizə bu sözü
deyir. Zümrüd ətə fərqli ədviyyatlar, otlar vurub basdırma eləyir,
mən də çox gözəl bişirirəm. Ancaq mənə kabab çəkməyi birinci Zümrüd
öyrədib. 13 mayı hər il qeyd eləyirik, bir dəfə də dostumgildə bu
günü qeyd eləyəcəkdik, kabab çəkirdik, Zümrüd gəlib əti şişə düz
çəkmədiyimizi dedi, orada öyrətdi. Yeməklərə də yaradıcı yanaşır.
Ümumiyyətlə, Zümrüdün müşahidə qabiliyyəti güclüdü, evdə usta-filan
işləyəndə onlara da işlərilə bağlı gözəl məsləhətlər verir.
Naxçıvanlısan, ya Masallıdan?..
Evdə uşaqlarla sən naxçıvanlısan, ya Masallıdan kimi söhbətlər
heç vaxt getmir, getməyib də. Sən Azərbaycanlısan, demişik həmişə.
Ümumiyyətlə, siyasətlə məşğul olan kimsə bölgə təmsilçisi
statusunda çıxış etmir, etməməlidir. Mən ləhcədən tələbə vaxtından
uzaqlaşmışam.
Qadağa olan yerdə, səmimiyyət olmur
Bizim evdə qadağalar, "olmazlar" yoxdur. Bütün məsələlərdə
məsləhətləşirik. Eləcə də geyim məsələlərində. Özümüzün də,
uşaqların da geyimini bir yerdə alırıq, bir yerdə seçib, qərar
veririk. "Mən bunu belə eləyirəm, bunu alıram" anlayışı yoxdu
bizdə. Hər qərarda ailənin rəyləri mütləq nəzərə alınır.
Bir-birimizə imperativ qaydada hansısa qadağanın qoyulmasından
söhbət gedə bilməz. Bu qaydanın özü etimadsızlıqdan irəli gəlir,
qadağa olan yerdə, səmimiyyət olmur. Qarşı tərəf sənin fikirlərini
nəzərə almırsa, artıq sənin qoyduğun qadağanın, şərtin heç bir
əhəmiyyəti yoxdur.
Əvvəllər heç də zövqlü geyinmirdim
Ailədə geyim zövqünü Zümrüd müəyyənləşdirib. Əvvəllər heç də
zövqlü geyinmirdim. İndi zövqüm o qədər incələşib ki, səfərə,
xarici ölkələrə gedəndə Zümrüdə çox zövqlü qadın paltarlar,
kosmetika, ətirlər-filan alıram. Zövqlərimiz də artıq demək olar
ki, eyniləşib, vəhdət təşkil edir. İndi musiqi zövqümüz də, film,
serial zövqümüz də eynidir.
Bu eynilik heç vaxt bezdirmir məni. Zümrüd sağı-solu bilinməyən,
nə edəcəyi həmişə əvvəlcədən bəlli olmayan, sürpriz qalan adamdır.
Adam həmişə eynidir özüyçün, özündən bezirmi? Yox. Bizdə də
elə...
Mübahisələr
Təkcə, Zümrüdün ifrat məsuliyyətli olması bəzən mübahisələrə
səbəb olur. Məsələn, bəzən mən namaz vaxtı nə isə başqa işlə məşğul
olub namazın vaxtını ötürürəm. Buna reaksiyası çox pis olur, deyir,
sənin kimi qılsam, elə mən də namaz qılaram. Sanki hərbçi
məsuliyyəti, nizam-intizamı var. Ancaq artıq Zümrüd də bilir ki,
mən bundan sonra dəyişən deyiləm, mən də çalışıram ki,
hörmətsizliyə yol açacaq şeylər eləməyim. Bir-birimizi nəzərə alıb,
uyğunlaşırıq.
Evə pul gətirən "aparat"
Evləndikdən bir az sonra Azərbaycan ailəsində adətən cütlüklər
bir-birini tez tükədirlər. Kişi keçir uşaqların atası, evə pul
gətirən "aparat" statusuna, qadın da uşaqların anası, evdə,
mətbəxdə işləri yürüdən makina. Zümrüd təkcə uşaqlarımın anası
deyil, onun ayrıca kimliyi var mənimçün. Biz ailə modelimizi özümüz
yaratmışıq. Zümrüd mənimçün bir dəyərdir. Bizim valideynlik
statusumuzdan başqa bir də dostluq statusumuz var.
Allahıma həmişə şükür eləmişəm
Düşüncə baxımından da heç bir boşluq hiss eləmirəm. Zümrüd
danışmaq, bölüşmək baxımından heç vaxt maraqsızlaşmır mənimçün.
Adətən bizdə media üçün danışanda bir az qeyri-səmimilik olur,
amma mən bütün düşündüklərimi deməyə çalışdım, hətta çox
şişirdilmiş kimi görünər deyə qorxub, düşündüklərimin hamısını
demədim. Allahıma həmişə şükür eləmişəm, razı olmuşam ki, Zümrüdü
mənim qabağıma çıxarıb. Bir cümləylə ifadə etməli olsam, deyərəm
ki: Zümrüd mənim şansımdır!
Abıyevlərlə heç bir münasibətimiz yoxdur
Zümrüd həm də çox yaxşı gəlindir. Həmişə mənə deyir ki, evə,
anana, bacına zəng eləmək lazımdır. Bayramlarda, xüsusi günlərdə
yadıma o salır. Telefon nömrəsini həmişə o yığır, çünki mən ev
telefonumuzu bilmirəm. Həmişə çalışır ki, öz anamın yanında həm də
ona diqqətli oğul kimi görünüm. Zümrüdün ailəsinə gəlincə, onun
ailəsi (ata, anası, bacı, qardaşları) normal Azərbaycan ailəsidir.
Amma əmiləriylə (Abıyevlər.- red.), onların övladlarıyla heç bir
münasibətimiz yoxdur. Doğrusu, bu münasibətlərin pozulması mənə
qədər olub, Zümrüd bizim tanışlığımızdan çox qabaq onlarla olan
bütün əlaqələrini kəsib.
Dost çevrəmiz – evə gəlib-gedən – o qədər geniş deyil. Bir az
qapalı yaşayırıq.