Azərbaycanda uşaqlar demək olar ki, ancaq Türkiyə
telekanallarında nümayiş olunan xarici cizgi filmlərini izləyirlər.
Bu daha çox onunla bağlıdır ki, ölkə daxilində istehsal olunan
cizgi filmləri qıtdır.
"Axar.az" olaraq bu mövzu ətrafında araşdırma
aparmaq üçün "Azanfilm" şirkətinin rəhbəri Fariz Mehdiyevlə əlaqə
saxladıq.
Kommersiya maraqları milli maraqları
üstələyir
Fariz Mehdiyev bildirdi ki, yerli cizgi filmlərinin az olması
kanal sahiblərinə daha asan yolu seçməyə imkan verir.
"Bu zaman daha çox texniki baxımdan effektli olan xarici cizgi
filmlərinə üstünlük verilir. Burada kommersiya maraqları milli
maraqları üstələyir",- deyən şirkət rəhbəri onu da qeyd etdi ki,
ümumiyyətlə, incəsənət tərbiyələndirmək funksiyasını həyata
keçirir. Animasiya filmləri isə bu sahədə müstəsna rol oynayır.
Burada əlbəttə, valideyn məsuliyyətini də qabartmaq yerinə düşərdi.
Yəni valideyn də uşağın xarici cizgi filminə çox tamaşa etməsinə
şərait yaratmamalıdır.
Sovet dövründə təhsil almış insanlar
Bu sahədə digər problemlərə diqqət çəkən Fariz Mustafayev
"Azanfilm" studiyasının Azərbaycanda animasiya filmlərinin
istehsalı ilə məşğul olan dövlət studiyası olduğunu bildirdi:
"Mədəniyyət və Turizm Nazirliyi ildə 2-3 filmin istehsalı üçün
maliyyə vəsaiti ayırır. Daha çox filmin istehsalına həm maliyyə
çatmır, həm də kadr çatışmazlığı var. Bu gün Azərbaycanın heç bir
təhsil ocağında animator yetişdirilmir. Peşəkar animatorların
əksəriyyəti sovet dövründə təhsil almış insanlardır. İlk növbədə
kadr problemini həll etmək lazımdır . Bunun üçün kurslar açmaq və
bu sahədə çalışan insanları müxtəlif ölkələrə təhsil almağa
göndərmək lazımdır.
Fariz Mustafayev hazırda "Azanfilm" studiyasının bir illik
animasiya kurslarının keçirilməsi üçün konsepsiya hazırladığını
bildirdi. Program hazır olduqdan kursların təşkili üçün maliyyə
vasaitinin axtarışına başlanılacaq.
Sifarişçisi təkcə dövlət deyil
Həmsöhbətimiz son olaraq onu qeyd etdi ki, dünyanın əksər
ölkələrində animasiya filmlərinin sifarişçisi təkcə dövlət deyil.
"Eyni zamanda tv kanallarının da günahı var. Çünki hər bir kanalın
ən azı bir animasiya qrupu olmalıdır ki, yerli animasiya
filmlərinin istehsalı ilə məşğul olsun".