Hər bir avtomobilin sürtünməyə məruz qalan hissəsini
yağlamaq lazımdır.
Bu sözləri avtomobil mütəxəssisi Şahin Qasımov avtomobillərdə
yağdəyişmə problemi ilə bağlı Axar.az-a danışarkən deyib:
"Bütün sürücülər avtomobilin sürtünməyə məruz qalan hissələrinin
yağla çalışdığını bilir. Ancaq bir çox sürücü yağdəyişmə intervalı
və standartın müəyyən edilməsində səhvə yol verir. Bəzən yağ
seçimində də ciddi yanlışlıqlar olur. Bu yanlışlıqları isə
sürücülər bir müddət sonra mühərrik və sürət qutusunda səs
yarananda başa düşür.
Bizim yağ dediyimiz məhsula ingilis dilində protektor (qoruyucu)
da deyirlər. Əslində, bu söz elə yağın əsas mahiyyətini ortaya
qoyur. Yağ həqiqətən də qoruyucudur. Müasir avtomobillərin
mühərriki 15000, sürət qutusu isə 7000 manatdan başlayır. Bu
hissələrin sıradan çıxdıqda yenisi ilə əvəzlənməsi, demək olar ki,
avtomobilin yarı qiymətindən baha başa gəlir. Onların ömrünü
artıran və həmin hissələri qoruyan vasitə yağdır. Düzgün yağ seçimi
və dəyişmə intervalı avtomobilin uzun illər düzgün çalışmasını
təmin edir.
Yağdəyişmədə səhv
Təəssüf ki, yağlama prosesində əksər hallarda səhvə yol verilir.
Çox vaxt sürücülər savadsız və onlara ucuz yağı baha satan
ustaların qurbanı olur. Bunun qarşısını almaq üçün mütəxəssislə
məsləhətləşmək lazımdır.
Yağın istifadə müddəti və interval
Sürücüləri bəzən "hələ sür, bu yağla 2000 km-də gedər" kimi
sözlər çaşdırır. Ən gülünc hal budur ki, bir də görürsən, usta yağı
barmağının ucunda dilinə toxundurur, deyir ki, yaxşıdır. Yağın
hansı keyfiyyətdə olması yalnız laboratoriya şəraitində yoxlanıla
bilər.
Əlbəttə ki, uzunömürlü yağlar var. Ancaq ustalar adətən ucuz
malı baha satmaq istəyir. Ucuz yağın da intervalı az ola bilər.
Sürücülərə yağdəyişmə prosesində mütəxəssislə məsləhətləşmək və ya
istehsalçının verdiyi texniki pasport əsasında hərəkət etməyi
tövsiyə edirəm.
Filtr ömrü
Filtrlərin dəyişməsi önəmli məsələdir. Hətta ən yaxşı və
uzunömürlü yağdan istifadə edilsə də, filtrlər uyğun olmadığı halda
avtomobildə problem yaranacaq. Onları vaxtlı-vaxtında dəyişmək
lazımdır.
Uzun yürüşdən sonra "15v40" və ya "10v40"
Bu, bir çox ustanın məsləhət gördüyü və heç bir əsası olmayan
məntiqdir. Əgər istehsalçı tərəfindən bir avtomobilə "5v30"
standartlı yağ təyin olunubsa və yüz min kilometr yürüşdən sonra o
standartı "15v40"-la əvəz edirsinizsə, mühərrikin ömrü on dəfə
azalır. Bu isə ən qısa vaxtda mühərrikin təmirə ehtiyacı olduğunu
büruzə verəcək. Bir sözlə, avtomobilə təyin olunan yağı tapıb,
həmişə həmin yağdan istifadə etmək lazımdır.
Yağa əlavə edilən qatqılar
Yağa müxtəlif qatqılar əlavə etməyi çox usta bilmir. Yağın
tərkibi hər nə qədər qatqılarla zəngin olsa da, mühərrikin ömrünü
uzatmaq məqsədilə onu gücləndirmək olar. Məsələn, "Motor Fluş" adlı
qatqı yağı dəyişmədən öncə, "Motor seyf" adlı qatqı isə yeni yağla
bərabər istifadə edilə bilər. Lakin bu prosesi də peşəkar bir
ustanın və ya mütəxəssisin məsləhətinə uyğun həyata keçirmək daha
yaxşı olar.
Beyinin təmizlənməsi və ya "restart"
Yeni nəsil avtomobillərdə yağ dəyişən zaman mütləq onu sistemə
tanıtmaq lazımdır. Əks halda elektron lövhədə yağ dəyişdikdən sonra
"Servisə get", "Yağı dəyişmək lazımdır" deyə mesajlar görünə bilər.
Kompüter diaqnostikasında da yağın köhnə olduğu yazıla bilər.
Halbuki bu avtomobilin beynində qalmış bir yaddaşdır. Bu səbəbdən
son model avtomobillərdə yağdəyişmədən sonra sistemi kompüter
diaqnostikasına saldırmaq lazımdır ki, yağın dəyişilməsi ilə bağlı
məlumat bazada yenilənsin.
Sürət qutusu yağı
Mühərrik yağından fərqli olaraq, sürət qutusu yağı həm də sürət
qutusunu soyudur. Bu səbəbdən sürət qutusundakı yağ mühərrikdəki
yağdan daha mürəkkəb formada işləyir. Bəzi sürücülər sürət qutusu
yağını 50-100 min km arası dəyişir, əslində, bu, doğru deyil. Yağın
öz intervalından 10 min km çıxmaq şərtilə onu dəyişmək lazımdır
(interval 80 mindirsə, 70 mində dəyişmək lazımdır). Bununla belə,
sürət qutusu yağı dəyişərkən filtr mütləq dəyişilməlidir.
Əyləc sistemi yağı
Əyləc sisteminin yağını hər 5 ildən bir (80 min km) dəyişmək
lazımdır ki, sistem təmizlənsin. Düzdür, bu yağı vaxtı çatanda
dəyişməsəniz belə, hər şey birdən-birə xarab olmur. Ancaq ilk
növbədə, tormozlama zəifləyir, sonra isə sistem yavaş-yavaş sıradan
çıxır. Həmin sistemi bərpa etmək çox baha qiymətə başa gəlir. Ona
görə də yağı zamanında dəyişmək daha yaxşıdır. Çünki bu yağın
qiyməti də çox ucuzdur.
Gündə bir yağ dəyişmək…
Hər bir firmanın öz texnologiyası və özünəməxsus resepti olur. 5
ədəd müxtəlif firmanın yağını ayrı-ayrı qazanda qaynadanda nəticə
görünür. Buradan məlum olur ki, hansı yağ yaxşı, hansı pisdir.
Ancaq onları bir yerdə qaynatsanız, ola bilər ki, yağ çürüsün.
Avtomobildə də belədir. Hər dəfə yağdəyişmədə müxtəlif yağ istifadə
edən sürücü avtomobili böyük təhlükə altında qoyur. Belə ki, hər
firmanın məhsulu fərqli tərkibə malikdir. Sistemdə əvvəlki qalan
yağla yeni tökülən yağ arasında reaksiya gedir.
Məsləhətdir ki, avtomobiliniz üçün uyğun olan və yalnız eyni
firmanın məhsulu olan yağdan istifadə edəsiniz. Digər yağa keçməyə
ehtiyac yarandığı təqdirdə isə "Motor fluş"dan istifadə etmək
zəruridir.