Tanınmış idmançıların
idmanla yanaşı, həm də bizneslə məşğul olması çoxlarına məlumdur.
Onların çoxu karyeralarını bitirdikdən sonra fəaliyyətlərini məhz
bu yöndə davam etdirir, məşhurluqları hesabına öz bizneslərinə
asanlıqla diqqət cəlb edə bilirlər.
Axar.az "Buro 24/7"-ə istinadən biznesmen-idmançıların
siyahısını təqdim edir:
Devid Bekhem, futbol (İngiltərə)
İngiltərənin futbol üzrə milli komandasının sabiq
yarımmüdafiəçisi dünyanın ən çox qazanan idmançılarından biridir.
"Forbes" jurnalına görə, Bekhemin illik qazancı 46 milyon
dollardır. Reklam kampaniyalarında aktiv iştirakından başqa, Bekhem
2012-ci ildən "H&M" brendi üçün alt paltarları kolleksiyası
buraxır, britaniyalı kulinar Qordon Remsi ilə birgə restoran açıb.
Bekhemin həyat yoldaşı Viktoriya isə dizaynerliklə məşğuldur.
Onların ailə biznesinə dörd şirkət daxildir. Onlardan ikisi -
"Futvork Prodakşn" və "Bekhem Ventures" Devidin əsas işlərini
aparır. 2011-ci ildə "Futvork"un gəliri 15,2 milyon funt-sterlinq
(təxminən 23 milyon dollar) təşkil edib.
Vinus və Serena Uilyams, tennis (ABŞ)
Serena dünya reytinqində birinci, Vinus isə 24-cü yerdədir.
Tennis kortunda qazandıqları uğurlardan başqa, bacılar həm də
işgüzar xanımlardır. Vinus interyer dizaynı ilə məşğul olan "V Star
İnteriorz" şirkətinə, eləcə də "Uilyams İnterior Dizayn" adlı
dizayn bürosuna rəhbərlik edir, 2007-ci ildə isə şəxsi geyim və
ayaqqabı brendini təsis edib. Bundan başqa, Vinus Amerikanın "Vörld
Tim Tenis" liqasının şəriklərindən biridir.
Serena Uilyams isə 2009-cu ildən etibarən bacısı ilə "Mayami
Dolfins" peşəkar futbol klubunun şərikidir. 2004-cü ildən tennisçi
"Aneres" geyim markası, 2009-cu ildən "Siqneçə Steytment" adı
altında çanta və zinət əşyaları buraxır.
Mariya Şarapova, tennis (Rusiya)
Rusiyalı idmançı dünya reytinqində ikincidir. "Forbes"
jurnalının hesablamalarına görə o, ardıcıl olaraq bir neçə il ən
çox qazanan idmançıların siyahısında lider olub. 2012-ci ildə
tennisçinin gəliri 27,6 milyon dollar təşkil edirdi. Gəlirinin bir
hissəsini çəkildiyi reklam kampaniyalarından əldə edən Şarapova
"Suqarpova" adlanan saqqız-konfet brendini təsis edib. Şirniyyatın
satışları 2012-ci ildən başlayıb, bir qutunun qiyməti isə 175 rubl
(təxminən 3 AZN) təşkil edir. İdmançının sözlərinə görə, bu işlə
biznes xətrinə deyil, şirniyyatı sevdiyi üçün məşğul olur.
Elnur Məmmədli, cüdo (Azərbaycan)
Cüdo üzrə olimpiya çempionu, Daxili İşlər Nazirliyinin əməkdaşı,
Cüdo Federasiyasında vitse-prezident Elnur Məmmədli bizneslə məşğul
olmağa başlayıb. İdmançı müsahibələrinin birində Bakıda bir neçə
supermarketin sahibi olduğunu deyib. "2013-cü ildə ayağımdan zədə
aldığım üçün idmanla vidalaşdım. Mən Daxili İşlər Nazirliyinin
əməkdaşıyam. Həmçinin Cüdo Federasiyasında vitse-prezident
vəzifəsində çalışıram. Yeni bir işlə məşğul olmaq istədim.
Ümumilikdə 500 işçim var", - deyə, sabiq idmançı bildirib.
Ueyn Qretski, xokkey (Kanada)
Kanada xokkeyinin əfsanəsi Ueyn Qretski karyerasını bitirdikdən
sonra şərabçılıqla məşğul olmağa başlayıb. Onun "Veyn Qretzki
İsteyt" adlanan şərablarının dadına Torontoda yerləşən restoranında
baxmaq olar. Şərabın bir şüşəsinin qiyməti 14-99 dollar arasında
dəyişir.
Qretski şərab və restoran biznesi ilə yanaşı, filmə də çəkilir.
O, bir neçə idman komandasının şərikidir, "Först Tim Sports" idman
avadanlıqları istehsalçısının və "Vörldvayd Roller Hoki" hokkey
stadionunun səhmdarıdır. "Selebriti Net Vörs" nəşrinin
hesablamalarına görə, Qretskinin varidatı 200 milyon dollar təşkil
edir.
Kriştiano Ronaldo, futbol (Portuqaliya)
"Real Madrid" klubunun portuqaliyalı ulduzu bu günlərdə
Monte-Karloda 140 milyon avroya lüks otel alıb. Bundan başqa,
idmançı Portuqaliya, Madrid və Nyu Yorkda CR7 brendi altında
otellər şəbəkəsinin açılışına hazırlaşır. Ronaldonun şəxsi CR7
brendinə geyim və ayaqqabı kolleksiyaları da daxildir. Onun
gəlirlərinin bir hissəsi reklam kampaniyalarındandır. "Forbes"
jurnalına görə, portuqaliyalı hücumçunun illik qazancı 73 milyon
dollar, varidatı isə 210 milyon avrodur.