18:16
Oktyabrın 4-də Gürcüstanda keçirilən yerli seçkiləri boykot edən müxalifət partiyalarının nümayəndələri Tiflisin mərkəzi Rustaveli prospektində mitinq keçirirlər.
Axar.az xəbəri verir ki, mitinqə bəzi bölgələrdən iştirakçılar, eləcə də tələbələr qatılır. Tiflisin bəzi ərazilərindən yürüşlə aksiyaya qoşulanlar da var. Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Aksiyanın əsas səhnəsi Azadlıq meydanında, Tiflis Şəhər Şurasının binası qarşısında quraşdırılıb.
Təşkilatçılardan biri olan “Rustaveli prospekti” hərəkatının lideri Paata Burçuladze deyib ki, aksiyada qətnamə qəbul ediləcək və həmin andan hakimiyyət xalqın əlində olacaq.
Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. İctimai təhlükəsizliyin qorunmasına əlavə polis qüvvələri cəlb olunub.
Mitinq hələlik dinc şəraitdə davam edir.
Qeyd edək ki, Gürcüstanın Daxili İşlər Nazirliyi təşkilatçıları və iştirakçıları aksiyanı qanunla müəyyən edilmiş çərçivədə keçirməyə çağırıb. İstənilən qanun pozuntusuna müvafiq hüquqi cavabın veriləcəyi bildirilib.
***
Gürcüstan paytaxtında mitinq iştirakçıları prezident sarayının Atoneli küçəsində yerləşən həyətinə basqın ediblər.
Bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, sarayın həyətinə basqın edən etirazçılarla polis arasında toqquşma baş verib. Polis bibər qazından istifadə edərək nümayişçiləri geri çəkilməyə məcbur edib. Etirazçılar geri çəkiliblər, lakin yenidən binaya basqın etmək üçün hasarı aşmağa çalışıblar.
Hazırda isə etirazçılar prezident sarayına daş, polis əməkdaşlarına isə pirotexniki vasitələr atırlar.
Bundan əlavə, keçmiş opera müğənnisi Paata Burçuladze mitinqdə ölkənin hazırkı hakimiyyətini qeyri-legitim olduğunu bildirib.