Dünya mətbuatının ən sevdiyi mövzu prezidentlərin,
siyasət adamlarının özəl həyatıdır. O həyat ki, bir çox hallarda
gizli sevgi hekayələrinə də şahidlik edir. Bu, günlərdə Rusiya
mediası Amerikadakı həmkarlarına istinad edərək, bu günə qədər
səs-küylü sevgi qalmaqalı yaşayan prezidentlər barədə bir dosye
hazırlayıb.
"Yeni Müsavat"
həmin məqalədəki bəzi tarixi
faktları və hekayələri təqdim edir:
Dillərə dastan... Sarkozi...
Öncə Fransadan başlayaq.
Məlum, Fransanın bundan öncəki prezidenti Nikola Sarkozi
hakimiyyəti dönəmində daha çox Karla Bruni faktoru ilə gündəmdə
olub. Çünki Bruni daha öncə onun sevgilisindən həyat yoldaşı
statusuna keçib. Onların Sarkozi ilə sevgi romanları çox qətiyyətli
və cəsarətli olub. Karla ilə münasibətlərinə qədər Sarkozi iki dəfə
evli olub. Onlar 2007-ci ildə tanış olublar və dərhal da Sarkozi
həyat yoldaşından ayrılıb, bir neçə ay sonra isə Karla ilə ailə
qurub.
Sarkozi Bruniyə qədər də evlilikləri dönəmində paralel olaraq
eşq hekayələri yaşayıb. Məsələn, Nikolanın ikinci həyat yoldaşı
Sesiliya ondan ayrılmasının səbəbini belə ifadə edirdi: "O, çox
simic və şorgözdür".
Yeri gəlmişkən, Sarkozi Sisiliyanın ona qaytardığı üzüyü Karla
Bruniyə hədiyyə etmişdi və sonuncu da utanmadan bu üzüklə
fotokameralar qarşısında poza verirdi.
İki fərqli ölkənin birinci ledisi olub
1996-cı ilin 31 avqustunda bir neçə il əvvəl dünyasını dəyişən
CAR-in sabiq prezidenti Nelson Mandela etiraf etmişdi ki,
Mozambikin keçmiş lideri Samora Maşelin dul həyat yoldaşı ilə
münasibət qurub. Bəs Qrasa Simbine iki fərqli ölkənin birinci
ledisi olmağı necə bacarıb? Samora Mozambik prezidenti ilə 1975-ci
ildə ailə qurub, həyat yoldaşı 1986-cı ildə baş verən avtoqəza
zamanı dünyasını dəyişib. Bundan sonra isə 52 yaşlı Qrasa 80 yaşlı
Mandela ilə ailə həyatı qurub.
Adı gözəl, özü gözəl Merlin Manro... və Kennedi
hekayəsi
Keçmiş ABŞ prezidenti Con Kennedi ilə əfsanəvi aktrisa Merlin
Monro arasındakı münasibətlər isə dastana çevrilib. Onlar 1960-cı
ildə, Kennedi hələ prezidentliyə namizəd olanda, Taxo gölü
yaxınlığındakı istirahət guşəsində tanış olublar. Münasibətlər isə
1961-ci ilin oktyabrından, Kennedi prezident olandan sonra
başlanıb. İlk dəfə Sanra Monika şəhərində baş tutan görüş ilk
baxışda rəsmi görüş təəssüratı yaradırdı. Aktrisa ancaq rəsmi
dəvətlərə qatılırdı. Amma gizli görüşlər barədə FTB xəfiyyələri
memuarlar yazırdı. Çoxları hesab edir ki, bu roman Monro üçün
faciəvi sonluqla bitdi, çünki o, çox şey bilirdi. 1962-ci ilin 4
avqustunda öz mənzilində ölü tapılan Merlin barədə daha bir ilginc
detal isə yazılan memuarlardan birində belə qeyd edilib: "Şayiələr
gəzirdi ki, FTB-nin direktoru Quver bu münasibətə görə başını
itirmişdi. O, Merlin Monronun bütün sutka ərzində izlənməsi barədə
göstəriş vermişdi. Quver hesab edirdi ki, Merlin kimi alkoqolik və
dayaz ağıllı birinin Kennedi ilə yaxınlığı Amerikanın
təhlükəsizliyinə zərbə ola bilər".
Bu siyahıda xüsusi yer tutanlardan biri də Fransanın sabiq
prezidenti Valeri Jiskar Estenlə Silviya Kristel cütlüyü olub.
Onların hekayəsi də 1974-cü ildə başlanıb, həmin vaxt V.J.Esten
prezident deyildi. Silviya Kristel dünya kişilərinin xəyallarını
bəzəyən erotik serial "Emmanuel"in qəhrəmanıdır. Aktrisa Yelisey
sarayında yaşamasa da, heç zaman münasibətlərini gizlətməyiblər.
Onu bütün rəsmi tədbirlərə dəvət ediblər, o da orda özünü ev
sahibəsi kimi aparıb. Prezident hətta onu ölkə xaricindəki
səfərlərinə də aparırmış. Bundan fransız xalqı da xəbərdar olub və
"sevgi aşiqi" olan fransızlar heç zaman buna aqressiv reaksiya
verməyiblər. Dünya tarixində prezidentlərin sevgililərindən heç
biri özünü Silvia kimi açıq, komplekssiz aparmayıb.
Amma fransız deyib keçməyin. Onların da əsəbləri tarıma çəkilir
belə mövzularda. İlk belə qalmaqal 1995-ci ildə baş verib. Həmin
vaxt yenicə Fransa prezidenti olan Jak Şirak Yelisey sarayından Ann
Penjo və onun qızı Mazarini çıxarıb. Bu şəxslərdən biri Fransua
Metteranın rəsmi sevgilisi, digəri isə qızı olub. Mitteranın
ölümündən sonra isə daha bir qalmaqal baş verdi. Keçmiş prezidentin
ailəsi Ann və Mazarinin dəfn mərasimində iştirakına etiraz edib.
İndi mətbuat yazır ki, Ann ayın əvvəlini sonuna güclə bağlayır. O,
Paris muzeylərindən birində çalışaraq, ildə cəmi 40 min dollar
qazanır və Sena çayının sol sahilindəki kiçik bir evdə yaşayır.
2 uşaq anası jurnalist 27 il gizli sevgili
olub
Avstraliyada da belə rəngarəng hadisələr az olmayıb. Bu ölkənin
sabiq baş naziri Bob Xoukla yazıçı Blanş Dapuljenin hekayəsi isə
olduqca sadə olub. Dapulje baş nazirlə onun bioqrafiyasını yazmaq
üçün tanış olub. Yaşanan eşq hekayəsi barədə bütün ölkə xəbər
tutub. Xalq baş nazirlərinin çoxdan bəri öz həyat yoldaşı ilə
yaşamadığını bildikləri üçün hətta bir qədər şad idilər də demək
olar. Bob və Blanşın xalqın "xeyir-dua"sına baxmayaraq, etik
normalara riayət etməyə çalışırdılar. Missis Dapulje hətta
Avstraliyadakı hökumət evində təşkil olunan rəsmi və qeyri-rəsmi
səfərlər zamanı ev sahibəliyini də özü boynuna götürürdü. Bununla
belə, onlar hər zaman ayrı yaşayıblar.
İrlandiyanın "Uğur əsgərləri" partiyası liderlərindən, daha
sonra isə parlament üzvü olan Çarlz Xoxinin hekayəsi daha əcaibdir.
O, düz 27 il bir jurnalist xanımla eşq macərası yaşayıb. Terri Kin
adlı jurnalist qadın ailəli və 2 uşaq anası olub. Əslində
İrlandiyada bir siyasətçinin evli bir qadınla eşq yaşaması siyasi
intihara bərabər idi, amma Ç.Xoxi üçün yox. T.Kin olduqca məşhur
jurnalist olub və onun barəsində həmkarları belə deyib: "Terri ilə
mübarizə aparmağı ancaq kamikadze bacarardı".
Ən böyük qalmaqal - Monika hekayəsi...
Və dünyaya səs salmış Monika Levinski və Bill Klinton macərası.
Bu olay bir prezidenti mənəvi məhvə aparan ilk yasaq sevgi
hekayəsidir. Cütlüyün romanı bir neçə ay davam edib. 1995-ci ildə
Monika Ağ Evdə stajor olaraq çalışırmış və onu tez-tez Oval
kabinetdən çıxarkən görənlər ilk vaxtlar heç nədən şübhələnməsələr
də, sonradan hər şeyin rəngi dəyişib. Daha sonradan aparılan
araşdırmalar bu münasibətlərin 9 epizodunu sübuta yetirdilər. Ağ
Evdə baş tutan gizli görüşlərin detalları bəlli olandan sonra
Klintona prezidentlik müddətinin sonuna qədər vəzifədə qalmağa
icazə verdilər. Levinski isə istədiyi hər şeyə nail oldu -
məşhurlaşdı, televiziyada işə düzəldi, bioqrafik kitab çıxardı,
"Monika ağ-qara rəngdə" adlı film çəkdirdi və beləcə ömrünün son
günlərinə qədər özünün maddi rifahını təmin etdi. Kitablarına və
məlum filmə görə Levinski milyonlarla dollar qazanıb.
Leninlə Stalindən çıxmayan iş - onların da sevgilisi
olub
Bu siyahıda bir az qəribə görünə bilər. Amma bolşeviklərin dahi
rəhbəri Vladimir İliç Leninin də gizli hekayəsi olub. İnessa Armand
adlı qadın Leninlə Parisdə, Krupskayanın gözü qarşısında tanış
olub. Onların münasibəti isə Armand dünyasını dəyişdiyi son günə
qədər davam edib.
Stalinin sevgililərindən biri isə opera müğənnisi Vera Davıdova
olub. Onların tanışlığı Böyük Teatrda baş tutub. Onda Stalinin 54,
Veranın isə 28 yaşı olub. Müğənninin çıxışından sonra Stalin ona
böyük gül buketi göndərib. Sevincdən gözləri dolan Vera Davıdova
sonra fəxri lojaya dəvət olunub. Stalin möhtəşəm çıxışına görə Vera
Davıdovaya təşəkkürünü bildirib və onu Moskvaya Böyük Teatrda
işləməyə dəvət edib. Bu haqda düşünmək lazımdır deyən Vera Davıdova
bir aydan sonra Leninqraddan Moskvaya köçüb. Paytaxta köçən kimi
Stalinin göstərişi ilə dərhal 3 otaqlı mənzillə təmin edilib və
digər problemləri həll olunub.
Sevgilisini əlləri ilə qubernatora ərə
verib
Keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvilinin eşq dəftəri də
hər zaman dolu olub. Onun sevgililəri arasında daha çox siyasətçi
Maya Nadiradzenin və keçmiş mətbuat müşaviri Marika Verulaşvilinin
adı çəkilir. Amma əsas qalmaqal Mişanın Alana Qaqloyeva ilə
yaşadıqları zaman baş verdi. Qulaqdan-qulağa dolaşan şayiələrə
görə, Saakaşvilinin həyat yoldaşı Sandra Rullovsa Alana eyni
zamanda hamilə qalıb. Hekayə gün üzünə çıxanda isə Saakaşvili
hamilə sevgilisini Şido Kartlinin qubernatoru Mixail Kareli ilə
evləndirməyə qərar verib. 20 yaşlı qızcığazı əslində sevgili
statusu tamamilə təmin edirdi, çünki prezidentin hesabına
yaşayırdı. Bu hekayə isə Saakaşvilinin oğlu dünyaya gələndən sonra
yekunlaşdı.
Alina Kabayeva... Putinin gizli sevgilisi, oğlunun anası.
Baxmayaraq ki, keçmiş gimnast bu uşağın onun yox, qohumunun
olduğunu hər fürsətdə sübut etməyə çalışır. Məlumatlara görə, Putin
məşuqəsini 2 uşağı ilə Soçidə yerləşən "Soçi sarayı"nda
yerləşdirib. Bu, günlərdə isə sözügedən mövzu yenidən gündəmə
gəlib. Daha öncə canlı yayımda həyat yoldaşı ilə boşandığını rəsmən
elan edən prezident Vladimir Putinin bu addımı atmasına səbəb
Kabayeva ilə uzun müddətdir davam edən əlaqələri göstərilsə də,
cütlük ayrı-ayrılıqda bu əlaqələri inkar edib.
Liviyanın linç edilmiş lideri Müəmmar Qəzzafi də ətrafına daim
qadınlar yığması və ekstravaqantlıqları ilə məşhur olub. Onu hər
zaman qadın cangüdənlər əhatə edib. WikiLeaks saytı daha öncə
Qəzzafinin 38 yaşlı ukraynalı tibb bacısı Qalina Kolinskaya ilə
hekayəsi barədə geniş yazıb. Saytın yazdığına görə, onun səhhəti
ilə düz 4 ukraynalı tibb bacısı məşğul olub.