İŞİD terror təşkilatı yaranandan bəri Azərbaycandan da
Suriyaya gedərəkqanunsuz silahlı qruplaşmalara qoşulanlar,
döyüşənlər olub.Bu barədə dəfələrlə yazmışıq.Ölkəni tərk edərək
İŞİD, "Cəbhətül-Nusra", "Cundu Şam", "Ömər Şişani"nin dəstəsi,
"Azəri camaatı", "Ceyşul-Mühacirun və Ənsar"və"Ceyşul Hur"kimi
qanunsuz silahlı birləşmələrdə vuruşmaqda ittiham edilənlər, buna
cəhd göstərənlərin barəsində cinayət işləri açılıb, mühakimə
olunublar.
Son dövrlər sözügedən terror təşkilatının sıralarına daxil
olanların sayı xeyli azalsa da, təəssüf ki, bu halın qarşısını
tamamilə almaq mümkün olmayıb.Budur, azərbaycanlılardan ibarət daha
bir dəstə məhkəmə qarşısına çıxarılıb.Cinayət işindən də göründüyü
kimi, gənclərin beyniniən çox "yuyan"sosial şəbəkələrdəki cihadla
bağlı dini çağırışlar olub.
Suriyada İŞİD-in tərkibində döyüşməkdə ittiham olunan 7 nəfərin
- Bakı şəhər sakini 32 yaşlı Elburus Əzizov, Sumqayıt şəhər sakini
30 yaşlı Namiq Quliyev, Sumqayıt şəhər sakini 28 yaşlı Rasim
Bədəlov, 33 yaşlı Qobustan rayon sakini İlahi Əzizov, Beyləqan
rayon sakini 26 yaşlı Babək Şirinov, 39 yaşlı Zaqatala rayon sakini
Elman Mirzəbəyov və 25 yaşlı Zaqatala rayon sakini Əfqan Şamxalovun
cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
Virtualaz.org saytının xəbərinə görə, prosesə
hakim Rauf Əliyev sədrlik edir.
İttihama görə, E.Əzizov və digərləri 2013-2015-ci illər ərzində
müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq
Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı
silahlı birləşmələrin, o cümlədən İŞİD, "Cəbhətül-Nusra" və "Cundu
Şam" terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.Onların
barəsində cinayət təqibi başlanıb, axtarış elan olunub.Ötən ilin
sentyabr ayında E.Əzizov saxlanılaraq istintaqa təhvil verilib.
Bəşər Əsədə qarşı aparılan silahlı mübarizə, yoxsa
cihad?
E.Əzizov ifadəsində2006-cı ildən etibarən ibadətlə məşğul
olduğunu, mütəmadi olaraq məscidə gedib-gəldiyini, 2013-cü ildə
"Abdulmalik"lə (Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində
döyüşməkdə ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü
ilə 13 il 6 ay cəza alan, hazırda həbsdə olan Malik Musayevi
nəzərdə tutur-virtualaz.org) təsadüfən tanış olduğunu bildirib,
görüşlərin birində "Abdulmalik"ona Suriyaya gedib Bəşər Əsədə qarşı
aparılan silahlı münaqişələrdə, cihadda iştirak etmək istədiyini,
ona da birlikdə getməyi təklif etdiyini göstərib: "Onun təklifi ilə
razılaşdım.1 yanvar 2014-cü ildə "Abdulmalik"lə birgə Gürcüstana,
oradan Türkiyə-Suriya sərhəddini qanunsuz keçərək Babil-Hava
şəhərinə gəlib, Aqil Hacıyevin ("Sumqayıt camaatı"nın əmiri kimi
tanınan A.Hacıyev əslən Lənkəran rayonundan olub. Bəzi məlumatlarda
onun 2014-cü ilin aprel ayıında itkin düşdüyü, "Ən Nusra"
tərəfindən tutulduğu və şəriət qanunlarına görə barəsində hökm
çıxarıldığı bildirilir-virtualaz.org) rəhbərlik etdiyi "Sumqayıt
camaatı"na qoşulduq. Mənə "Abdulxaliq" dini adı verildi".
"Ya qalıb döyüşməli, ya da geri
dönməliydik"
E.Əzizov ifadəsində göstərib ki, "Sumqayıt camaatı"
azərbaycanlılardan, ərəblərdən və türklərdən ibarət olub.Dəstəyə
dini ləqəbi "Abdullah" olan şəxs nəzarət edib."Abdullah" ondan
Suriyaya gəlişinin səbəbini soruşduqda cihadda iştirak etməsini
istədiyini açıqlayıb və silah tapmağı xahiş edib.Hətta buna
görə"Abdullah"a 600 dollar verib. O da silahı yaxın günlərdə
gətirəcəyini deyib. E.Əzizov Suriyada olduğu müddətdə heç bir hərbi
təlimdə, döyüşlərdə iştirak etmədiyini, yalnız ibadətlə məşğul
olduğunu deyib.2014-cü ilin fevral ayında "Sumqayıt camaatı" ilə
"Cəbhət ən-Nusra" arasında münaqişə yaranıb: "Qarşımıza belə şərt
qoydular: Ya həmin terror qruplaşmasının tərkibində qalıb döyüşməli
idik, ya da geri qayıtmalı idik.Mən də geri qayıtmağa qərar
verdim".
"Təlim alandan sonra ön cəbhəyə
yollanırdılar"
Təqsirləndirilən şəxs qismində dindirilən İlahi Əzizov
ifadəsində 2012-ci ildə Suriyada baş verənlərdən təsirlənərək orada
hökumət qüvvələrinə qarşı cihadda iştirak etmək qərarına gəldiyini,
bu məqsədlə Müşfiqabad qəsəbəsindəki məsciddən tanıdığı, Suriyadakı
"Azərbaycan camaatı"nın əmiri "Abu Yahya" ləqəbli Nicat Aşurovla
telefon əlaqəsi saxlayaraq onun rəhbərlik etdiyi dəstədə döyüşmək
niyyətində olduğunu göstərib: "Həmin ilin dekabr ayında Suriyaya
getdim. Hasan adlı qaçaq məni Artma vilayətinə gətirib "Abu Hafs"
ləqəbli İntiqam Əliyevin rəhbərlik etdiyi dəstəyə təhvil verdi.
Həmin dəstədə bizə hərbi və dini təlimlər keçilirdi, silahla
davranış qaydaları öyrədilirdi. "Abu Yəhya"nın dəstəsinə nisbətən
biz bir qədər arxada məskunlaşmışdıq. Buraya əsasən Suriyaya yeni
gələnlər toplanır, təlim alandan sonra ön cəbhəyə
yollanırdılar.Dəstədə olarkən Babək Şirinov və Namiq Quliyevlə
tanış olmuşdum".
"Ailəmin təkidi ilə Azərbaycana döndüm"
İ.Əzizovun sözlərinə görə, üç-dörd ay təlimlərdə iştirak
etdikdən sonra "Abu Yəhya"nınrəhbərlik etdiyi dəstəyə qoşulmaq üçün
Suriyanın Hanadan şəhərinə gedib. "Abu Yəhya" onu qarşılayaraq
"Mühacir" adlı düşərgəyə aparıb.İŞİD qruplaşmasının tabeliyində
olan həmin dəstəyə qoşulandan sonra bir ay Hanadanda Suriya
hökumətinin Silahlı Qüvvələrinə qarşı döyüşlərdə iştirak edib.Hətta
bir dəfə qızğın döyüşlər zamanı hər iki tərəfdən çoxlu sayda
itkilər olsa da, döyüşdən sağ-salamat, yaralanmadan çıxıb.Bundan
sonra "Abu Yəhya" onu Rakkaya göndərmək istəsə də, imtina edərək
həmin camaatı tərk edib və dörd ay Hamadanda qalıb, heç bir
camaatın tərkibinə qoşulmayıb.Ailə üzvləri ilə telefonla əlaqə
saxlayarkən onlara Suriyada olduğunu deyib.Ailəsinin təkidi ilə
2012-ci ilin ortalarında Azərbaycana qayıdıb.
"Cihadda iştirak etmək üçün gələnlərin yığışdığı evdə
məskunlaşdıq"
Təqsirləndirilən şəxs qismində dindirilən Namiq Quliyev 2007-ci
ildən sələfi təriqəti üzrə etiqad etməyə başladığını, Suriyadakı
prosesləri internet vasitəsilə izlədiyini, döyüşlərdə iştirak etmək
qərarına gəldiyini göstərib: "Sumqayıt şəhər sakinləri Tural,
Rəcəb, Emin, Tamerlanla birgə 2012-ci ilin oktyabr ayının 15-də
Türkiyəyə gəldik. Oradan Artma vilayətinə keçərək "Cəbhət
ən-Nusra"nın nəzarətindəki, cihadda iştirak etmək üçün gələnlərin
yığışdığı evdə məskunlaşdıq. On gün gözləmə məntəqəsində
qaldıq.Həmin vaxt orada mənə "Hüseyn" dini ləqəbi verilmişdi.Məni
sonradan Dana qəsəbəsində "Abu Hafs"ın rəhbərlik etdiyi silahlı
dəstənin təlim düşərgəsinə apardılar.Üç ay orada odlu silahlardan
istifadə qaydası üzrə təlimlər aldım, dəstə üzvlərinə ərzağı "Abu
Hafs" ləqəbli İntiqam Əliyev paylayırdı. Orada olarkən "Yunus"
ləqəbli İlahi Əzizov və Babək Şirinovla tanış olmuşdum. 2013-cü
ilin fevral ayında Azərbaycana qayıtmışam".
"Suriyada gedən proseslərə etiraz etdim"
Təqsirləndirilən şəxs qismində dindirilən Rasim Bədəlov 2013-cü
ilin yay aylarında internet vasitəsilə Suriyada gedən prosesləri
izlədiyini, yaşamaq üçün ora getmək qərarına gəldiyini
göstərib.Həmin ilin iyun ayında Əmirağa adlı tanışı ilə
görüşüb.Əmirağanın özü ilə gətirdiyi üç nəfər şəxslə birgə Suriyaya
yola düşüb. Bir ay Trabzonda qaldıqdan sonra Artma şəhərinə gedib:
"Milliyyətcə türk olan Əhməd adlı qaçağın köməkliyi ilə sərhədi
keçdik. Vüsal adlı şəxs bizi qarşılayıb bir evə yerləşdirdi.İyirmi
gün orada qaldıqdan sonra Suriyadagedən proseslərə etiraz etməyə
başladım, Azərbaycana qayıtmaq qərarına gəldim.Heç vaxt heç bir
camaata qoşulmamışam, təlimlərdə olmamışam, döyüşlərdə iştirak
etməmişəm.Orada tanış olduğum Rüstəm adlı şəxsin köməkliyi ilə
Azərbaycana qayıtmışam".
"Gözüm zəif gördüyü üçün mətbəx işlərinə
keçdim"
Təqsirləndirilən şəxs qismində dindirilən Babək Şirinov hazırda
ailəsi ilə birgə uzun müddətdir Suriyada yaşayan bibisioğlunun
dəvəti ilə "Əhli-sünnə" məzhəbinə uyğun ibadət etməyə başladığını,
2012-ci ildə "İlahiyyat" məscidində dini ləqəbi "Əbu Aişə" olan
Eldəniz adlı şəxslə tanış olduğunu göstərib: "Qohumum Rəşad da
yanımda idi. Eldəniz Suriyanın şəriət qanunları ilə idarə
olunduğunu dedi, birlikdə getməyi təklif etdi, biz də
razılaşdıq".
B.Şirinov ifadəsində göstərib ki, 2012-ci ilin sentyabr ayında
Türkiyəyə, oradansa Artma şəhərinə gedib."Abu Hafs"ın dəstəsinə
qoşulub, özünə "Abdulla"dini ləqəbini götürüb.Gözü zəif gördüyünə
görə, yalnız mətbəx işlərinə keçib. Beş-altı ay orada qalıb
işləyərək ayda 100 dollar maaş alıb. 2013-cü ilin mart ayında
Azərbaycana qayıdıb.
Sərhədi keçməyə cəhd edərkən "dayan" əmri
verilib
B.Şirinov iki il sonra -2015-ci ildə yenidən Suriyaya qayıdaraq
döyüşmək istəyib. Yol pulu əldə etmək üçün tanışlarından borc pul
alıb.Amma pasportu olmadığına görə tanışı Elman Mirzəbəyovdan
onuGürcüstandan Türkiyə ərazisinə keçirməsini xahiş edib.2015-ci
ilin oktyabr ayında B.Şirinov E.Mirzəbəyevlə birlikdə sonuncunun
Zaqatalanın Əlilabad kəndində yaşayan qohumu Əfqan Şamxalovun evinə
yollanıblar.Oktyabrın 15-də gecə saat 3 radələrində rayonun Muğanlı
kəndi ərazisindəki zastavanın arxa hüduduna gediblər, sərhədi
keçmək istərkən Dövlər Sərhəd Xidmətinin əməkdaşları ilə
qarşılaşıblar."Dayan" əmrindən sonra B.Şirinov qaçmağa
başlayıb.Lakin çox qaça bilmədiyindən sərhədçilər tərəfindən
yaxalanıb.E.Mirzəbəyev isə həmin vaxt qaçıb aradan çıxmağa müvəffəq
olub.Hadisədən 1 ay sonra əməliyyat-axtarış tədbirləri nəticəsində
Balakən rayonunun Qazma kəndi ərazisində saxlanılıb.Onun üzərindən
"Kalaşnikov"və "Sayqa"avtomat silahları, patronlar aşkar edilərək
götürülüb.
"Barəmdə axtarış elan olunduğunu dedilər"
Təqsirləndirilən Elman Mirzəbəyov ifadəsində Zaqatala rayonunun
Əliabad qəsəbəsində yaşadığı evi sataraq GürcüstanınSaqareco
rayonunun Qaraçöp kəndinə qayınatasının evinə köçdüyünü, sonralarsa
Bakıya gələrək kirayə yaşadığını göstərib. Təxminən bir il əvvəl
tikintidə işləyərkən tanış olduğu Babək Şirinov ona Suriyaya getmək
istədiyini, amma pasportu olmadığına görə gedə bilmədiyini,
qanunsuz yolla sərhədi keçmək istədiyini deyib. O da öz
növbəsindəköməklik edəcəyinə söz verib: "Bacım oğlu Əfqanın evi boş
olduğundan Babəki ora yerləşdirdim. Babək Suriyaya getmək istəyir,
orada hər şeyin normal olduğunu deyirdi, müəyyən şəxslərə zəng
vurub pul istəyirdi, şəxsiyyət vəsiqəsi olmadığına görə ona gələn
pulu götürməkdə köməklik göstərməyi xahiş etmişdi. 5 kilometr yolu
piyada getdikdən sonra Alazan çayı üzərindəki körpüyə yaxınlaşdıqda
qarşımıza əsgər çıxdı, "dayan"əmri verdi. Mən qaçıb üç gün meşədə
gizləndim.Sonradan bacımla əlaqə saxlayarkən axtarışa verildiyimi
öyrəndim".
Məhkəmə prosesi zamanı təqsirləndirilən şəxslər elan olunmuş
ittihamlarla özlərini təqsirli bilməyiblər.Onlar Suriyada heç bir
qruplaşmanın tərkibində döyüşmədiklərini və heç bir təlimlərdə
iştirak etmədiklərini bildiriblər.
Məhkəmə prosesi şahid ifadələri ilə davam edir.