12 sentyabr çevrilişindən sonra türk millətçiliyi ideologiyasını və Milliyyətçi Hərəkat Partiyasını (MHP) sarsıtmağa çalışanlar indi də kənardan gətirilmiş anlayışlar və yeni peyda olmuş şübhəli qurumlar vasitəsilə türk millətçiliyini zəhərləməyə cəhd edirlər.
Axar.az xəbər verir ki, bunu Türkiyə Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı deyib.
O bildirib ki, “beşinci kolon” və ideoloji manipulyasiyalar türk millətçiliyinə qarşı yönəlmiş bu məkrli hücumlarda əsas vasitə rolunu oynayır:
“Türk millətçiliyini etnik şovinizmə və irqçiliyə endirməklə türk gəncliyinin saf duyğularından sui-istifadə edənlərin gizli bir məqsədi var: MHP-yə qarşı düşmənçilik. MHP-yə bəslənən düşmənçiliklə səciyyələnən bu kölgə oyununda özlərini "türk millətçisi" kimi təqdim edərək danışan, yazan və ya fikir bildirən şəxslər, əslində, sözlərini və qələmlərini satmaqla yalnız öz siyasi ambisiyalarını, intellektual böhranlarını və şəxsi istəklərini təmin edirlər.
Türk gəncliyinin milli həssaslıqlarını alver mövzusuna çevirənlər elə həmin gəncliyin qəzəbi ilə üzləşəcəklər. Öz siyasi gələcəkləri naminə hər hansı bir süfrədə yer axtaran və millətçiliyin müqəddəs prinsiplərinə oturduqları süfrələrdə sadəcə bir məzə kimi yanaşanlar, siz nəyin və haranın millətçisisiniz?”, - Baxçalı bildirib.