ABŞ-ın Missuri ştatında yaşayan 29 yaşlı Tişa Şelton
anadan qolsuz doğulub.
Axar.az ARB TV-yə istinadən xəbər verir ki, qolsuz hər işi
təkbaşına görə bilən Şelton, hətta maşın təmir edir, ev yığışdırır,
qab yuyur.
Onun ayaqlarından biri digərindən balacadır. Amma onu həyatda
saxlayan da sözün hər mənasında ayaqlarıdır. Bu üzvlər Tişaya hər
mənada əl-qol açmağa imkan yaradır. Güman ki, qolsuz doğulması
səbəbindən onun ayaqları uzun illər ərzində bu cür funksionallaşıb.
O, heyrətamiz işlər görür. Mətbəx işləri, yemək bişirmək, paltar
yumaq və digər ev işləri Tişa üçün heç də çətinlik yaratmır. Adam
çox soyuqqanlı şəkildə az qala hər işin öhdəsindən gəlir. Avtomobil
təmir etməkdən tutmuş avtomobil idarə etməyə qədər.
Dəfələrlə dünya mediası ondan yazıb. İnsanlar heyran qalır. Bir
insan qolları olmadan bu qədər işi necə bacara bilər axı. Tişa isə
bu marağı görüb Yutub portalında bir kanal açır. "Tişa qolsuz"
adlanan kanalda o öz videolarını çəkir, sonra isə onları montaj
edərək paylaşır. Bəli, düz eşitdiniz, montaj edərək paylaşır. Özü
edir. Qolları olmadan edir bunu. Fantastik bacarıqdır.
Bu bacarığından pul qazanmaq məqsədilə Tişa iş elanlarına da baş
vurub. Amma onu bu halda görüb bir çox hallarda onu işə götürməkdən
imtina ediblər. Qolsuz xanım isə deyir ki, işə götürənlər ona
etibar etmir, amma o, çox yaxşı qrafik dizaynerdir və işçi kimi
ümidləri doğrulda bilər.
Tişa Şelton əyləncəsindən də qalmır. Dostları ilə görüşür,
müxtəlif əyləncə məkanlarına gedir, istirahət edir. Bazarlığı isə
heç kimə etibar eləmir. Deyir, ayağım hara, pulum da ora.
Sosial mediada 2 milyondan çox izləyicisi olan Tişa dünyada bu
cür problemi olanlara, ümumiyyətlə fiziki məhdudiyyətli şəxslərə
çox böyük nümunə və stimuldur.