2003-cü ildə Amerikanın İraqa hücumundan sonra bu ölkədə
terror təşkilatları yaradılmağa başlayıb. Amerikaya qarşı cihad
savaşı aparan təşkilatlar zamanla bir-birləri ilə vuruşublar. Bu
gün İraqda İŞİD öz adını dünyaya çatdırsa da, əslində bu ölkədə tək
gücə sahib deyil. Təşkilatın irəliləməsində İraqda fəaliyyət
göstərən digər terror təşkilatlarının rolu da var.
Axar.az İraqda məskunlaşmış terror təşkilatlarını təqdim
edir:
İraq Tayfa İnqilabçıları Hərbi Məclisi
ABŞ-ın 2003-cü ildə İraqa hücumundan sonra qurulub. Təşkilat
Səddam Hüseynin dövründə İraq ordusunun zabitləri, müqavimət
qrupları və tayfalar tərəfindən Mosulda yaradılıb. Ninova, Fəllucə
və Ramadi kimi şəhərlərdə təsirə sahib olan qruplaşmanın İŞİD-in
Mosulu almasında yardımçı olduğu bildirilir. Əsasən sünnilərdən
təşkil olunub.
Ənsar əl–İslam (İslamın köməkçiləri)
Təşkilat iraqlı kürdlərdən və ərəblərdən təşkil olunub.
Rəhbərlikdə ərəblər, hərbi dəstələrdə isə daha çox kürdlər yer
alır. 2001-ci ildə Kürdistan İslam Hərəkatı, Tövhid Hərəkatı və
İkinci Soran bölüyü kimi İslamçı kürd quplardan təşkil edilən
qruplaşmanın Əl Qaidə ilə əlaqələri olduğu deyilir. Bəzi
qaynaqların verdiyi məlumata görə, təşkilatın üzvlərindən bəziləri
Əfqanıstandakı Əl Qaidə düşərgələrində təhsil alıblar.
Ceyşul-İslam (İslam ordusu)
Suriyada 50-yə yaxın silahlı qrupun bir araya gələrək yaratdığı
təşkilata Zahra Alluş əmrlik edir. Simvolu qara bayraq olan
təşkilatın radikal sələfilərdən təşkil olunduğu bilinir. Təşkilat
İraqda güclü media şəbəkəsinə sahibdir və son günlərdə Baxibə
şəhərində İŞİD ilə qarşıdurma halındadır.
Ceyşul Mücahidin (Mücahidlər ordusu)
Anbar, Ramadi, Fəllucə kimi sünni şəhərlərdə Maliki hökumətinə
qarşı əməliyyatlar aparır. Radikal sələfi anlayışına sahib
təşkilatın bir qrup əsgəri son dövrlərdə İŞİD-in sıralarına
qatılıb.
1920 İnqilab Briqadaları
Özünü Əhli Sünnə və Camaat etiqadına mənsub bir İslami cihad
hərəkəti olaraq təyin edir. Təşkilat 2003-cü ildə ABŞ-ın İraqa
girməsi ilə qurulan İraq İslami Müqavimət Hərəkatının silahlı
qanadı olub. 1920 İnqilab Briqadaları öz ideologiyasına yaxın bir
çox silahlı qrupu tərkibində saxlayır. Hər bir briqada təməl hərbi
hərəkətlərə görə birliklərə ayrılır. Təşkilat Bağdad, Əbu Qureyb,
Xan Dari, Fəlluca, Ninova, Diyala və Anbar vilayətlərində təsir
sahibidir.
Baasçı Nəkşibəndi Ordusu
Səddam Hüseynin köməkçisi İzzət İbrahim əl-Durinin liderliyini
etdiyi təşkilat əvvəlki rejimi bərpa etmək məqsədi güdür. Təşkilat
Mosulun İŞİD-in tərkibinə keçməsinə yardım etsə də, dini anlayışı
fərqlidir. Son günlərdə iki təşkilat arasında qarşıdurmalar baş
verir.
İraq Şam İslam Dövləti (İŞİD)
2000-ci ildə Zerkavi Tövhid və Cihad adı ilə təşkilatı qurub.
2004–cü ildən adını eşitdirməyə başlayan təşkilat Əl-Qaidəyə
qoşulmaq qərarı verib. Təşkilatın hazırki lideri Əbu Bəkir
əl-Bağdadidir. Suriyada Əsəd rejiminə qarşı döyüşən təşkilat bu
ölkədə fərqli qruplaşmalarla da mübarizə apardığından Əl Qaidə onun
özünə bağlı olmadığını açıqlayıb.