Con Mur bu ilin iyun ayında
efirə gedən öz şou-proqramında çox təhlükəli məsələlər haqqında
xəbər verdi. Con ABŞ Hərbi Hava Qüvvələri və "mavi dəbilqəlilər"in
veteranı, VİP mühafizəçi və araşdırmaçı-yazardır.
Həmin şou-proqramında o, Pentaqonun "Ani iqlim dəyişikliyi
ssenariləri və milli təhlükəsizlik üçün onların nəticələri" adlı 19
səhifəlik məxfi sənədləri haqda məlumat verib. Bu sənədlərdə
Amerikada ani iqlim dəyişikliklərindən və bunun milli
təhlükəsizliyə nə dərəcədə təsir edəcəyindən söhbət gedir. Həmin
hesabatlarda, iqlimin qəfil dəyişikliyi üzündən torpaq və resurslar
üstündən dünyanı bürüyəcək müharibələrin başlayacağı bildirilir. Və
göstərilir ki, bu dəyişikliklər Qolfstrimin itməsi və ya dayanması
üzündən baş verəcək ki, əslində o, artıq dayanıb.
Görəsən nəhəng risklə qarşı-qarşıya gələcək yer əhli bu haqda
bir şey bilirmi?
Əslində isə...
Qolfstrim cərəyanının itməsi ilə bağlı ilk məlumatı italiyalı
alim Canluici Zanqari 12 avqust 2012-ci ildə çap etdirdiyi
məqaləsində verib.
Son illər Zanqari öz komandası ilə birgə Meksika körfəzində
apardığı tədqiqatlardan sonra bu nəticəyə gəlib. Məhz buradan
dünyanın ən böyük isti cərəyanlarından biri öz başlanğıcını
götürür. Professor belə nəticəyə peykdən körfəzin və Atlantik
okeanının sularının hərəkəti ilə bağlı əldə etdiyi görüntülərin
analizindən sonra gəlib.
Sobanı neft sızıntıları alovlandırdı
Qolfstrim cərəyanını çox zaman "mətbəx havası" və ya "Avropanın
sobası" adlandırırlar. Həqiqətən də o, bütün Şimal yarımkürəsinə
çox güclü təsir göstərmək qabiliyyətinə malikdir. Atlantik
okeanıyla hərəkət edən Qolfstrim öz istiliyiylə Şimali Avropadan
Murmanska qədər olan ərazini soyuq arktik küləklərdən qoruyur.
Britaniya adlarının, Danimarkanın və Skandinaviyanın sahilləri bu
isti cərəyanın sayəsində buzlaqlarla örtülməyib. O, həmçinin Qərbi
Avropa və Amerika üçün rahat və isti iqlim yaradan əsas amildir.
Əksər alimlər hesab edirlər ki, Şimali Atlantikada məhz Qolfstrimin
peyda olması nəticəsində sonuncu böyük buzlaşma yox olub. Lakin
hazırda məsələ qəribə forma alıb.
"Avropanın sobası"nın yox olmağa doğru getməsi, yeni buzlaşma
dövrünün meydana gəlməsinə şərait yaradır.
Cərəyanın soyuq sularda uzunmüddətli hərəkət etməsinə əsas
şərait Meksika körfəzində yaranır. O, körfəzdə güclü yerli
cərəyanların təsiri nəticəsində özünə enerji yığır. Nəhayət,
2010-cu ildə bu "güc" birdən-birə yox oldu. Daha sonra isə bütöv
soba dondu.
Zəifləmənin əsas səbəbi 2010-cu ilin aprelində Meksika
körfəzində yerləşən neft buruqlarının birində baş vermiş qəza oldu.
Həmin vaxtlar suya 200 milyon qallon neft, bununla bərabər isə 10
milyon qallon neftlə bağlı olan digər maddələr axıdıldı. Neftlə
bağlı maddələrin axıdılmasında isə başqa məqsəd var idi. "British
Petroleum" şirkəti bununla neftin daha dərinlərə getməsinin qarşını
almağa çalışırdı. Şirkətin istəyi baş tutmadı. Neft daha dərin
qatlara yayıldı. Suyun üzü qaraldı və yapışqan formasını aldı.
Körfəzin belə çirklənməsi isə burdan öz başlanğıcını götürən və
enerji toplayan cərəyanın zəifləməsinə səbəb oldu.
Dəyişikliyin ilk əlamətləri
Peykdən əldə olunan materiallar əsasında bəlli olur ki,
Qolfstrim əvvəlki formasında fəaliyyətini davam etdirmir. Onun
zəifləmiş cərəyanları Karib hövzəsində sudan çıxaraq, Şimali
Karolina ştatından 250 mil şərqə doğru olan məsafədə müxtəlif
ayrı-ayrı hissələrə bölünür. Qolfstrim daha əvvəlki kimi Şimal
Qərbi Avropaya doğru hərəkət etmir. Demək ki, öz başlanğıcını
Qolfstrimdən götürən Şimali Atlantika və Norveç kimi cərəyanlar da
artıq yoxa çıxıblar. Məhz bu cərəyanlar Avropanın şimal hissəsinin
iqliminin mülayim keçməsinə kömək edirdilər. Hazırda isə
Qolfstrimin suları əvvəlcə Afrikaya, daha isə sonra cənub
istiqamətinə doğru hərəkət edir.
Rus alimi professor Lotanikovun fikrinə görə isti Şimali
Atlantika cərəyanının itməsi 2010-cu ildə Avropada müxtəlif iqlim
anomaliyalarının meydana gəlməsinə əsas səbəb olub. Tədqiqatçının
fərziyyəsinə görə, soyuq sularda hərəkət edən Qolfstrim təkcə
okeana yox, həmçinin özündən 7 kilometr yuxarıda yerləşən atmosfer
qatına da təsir etmək imkanına malik idi. Məhz bu cərəyanın itməsi
havanın normal sirkulyasiyasının pozulmasına şərait yaradıb. Bunun
nəticəsidir ki, Rusiyanın Avropa hissəsi yay aylarında isti hava
kütlələrinin antisiklonunun hökmranlığına məruz qaldı. Daha sonra
isə quraqlıq və yanğınlar ölkəni ovcunun içinə aldı. Elə həmin
səbəblər ucbatından Mərkəzi Avropada və Asiyanın cənubunda –
Hindistan, Pakistan və Çində güclü daşqınlar yarandı.
Qolfstrimin yoxluğunu sübutlarını Qərbi Avropanında əhalisi öz
üzərində hiss ediblər. 2010-cu ilin dekabr və noyabr aylarında
Almaniyada son bir neçə on illiklər ərzində ilk dəfə 10 santimetr
hündürlüyündə qar torpağın üstünü örtdü. Bundan başqa temperatur
ölkə ərazisində mənfi 20 dərəcə selsiyə qədər aşağı düşdü.
İngiltərədə isə son 100 il ərzində görünməmiş şaxtalar ölkəni
cənginə aldı. Həmçinin başqa bir fakta keçsək, məsələnin nə qədər
qəlizləşdiyini tam açıq şəkildə görə bilərik. Avropaya ən böyük qaz
ötürücüsü olan Qazprom iqlim anomaliyaları ucbatından 2011-ci ilin
yaz-yay dönəmində Avropaya satacağı qazı qış dönəmində satacağını
bəyan edib. Professor Zanqari və digər mütəxəssislər 2011-2012-ci
illər və ondan sonrakı vaxtlarda problemin daha da pişləşəcəyini
bildirirlər. Onlara görə Avropada temperaturun düşməsi yaxın
illərdə də davam edəcək.
ABŞ-a yaxşı, Avropaya pis xəbər
Bu vaxtlar ərzində Kanada parlamenti Şimali Atlantika
cərəyanında olan dəyişikliklərlə bağlı situasiyanın araşdırılması
üçün komissiya yaradıb. Ronald Rabbitin rəhbərliyi altında
yaradılan komisiyyanın tərkibində Kanadanın məşhur alimləri və
okeanoloqları cəmləşiblər. Bu qrupun sifarişi əsasında ölkənin
kimyəvi korporasiyalarından birinin mütəxəssisləri tərəfindən
okeanın flora və faunasına heç bir zərəri olmayacaq xüsusi bir boya
hazırladılar. Rəngli boyalarla dolu olan konteyneri alimlər okeanın
dərinliklərində partlatdılar. Boyalar partlayış yerindən bir neçə
yüz metr məsafəyə qədər yayıldı. Okean sularına dağılmış rəngi
gəmilərdən, təyyarədən və peykdən aydın şəkildə görmək mümkün
idi.
Nəticədə bəlli oldu ki, Zanqari haqlıdır. Qolfstrimin keçmis
akvatoriyasında sularda heç bir hərəkət yoxdur. Belə ki, alimlər
qrupu öz tədqiqatlarını dayandırmadılar. Bir neçə həftə sonra isti
cərəyanın keçdiyi əvvəlki yerdən 800 mil cənubda yeni araşdırmalar
aparıldı və yeni Qolfstrim tapıldı. Onun suları əvvəlkinə nisbətən
bir neçə dərəcə sərin idi. Bütün bunlar komissiya tərəfindən bir
müddət sonra tam təsdiqləndi. Onlar bəyan etdilər ki, Qolfstrim
itməyib, o, yalnız öz marşrutunu dəyişib. Bunun nəticəsidir ki,
Kanadada yazın gəlişi və temperaturun müsbət 10 dərəcəyə qədər
yüksəlişi müşahidə olunub.
Kanada cərəyanının peyda olması ABŞ və Kanada üçün yaxşı, Avropa
üçün çox pis xəbərdir. Əvvəllər Böyük Britaniyanın, Skandinaviyanın
sahillərini yuyan isti sular indi Qrenlandiya və Şimal Amerikanın
şərq sahillərini isidir. İndi alimlərin qarşısında yalnız bir
məqsəd var. Onlar bu dəyişiklərin Atlantik okean və Şimal
yarımkürəsinin iqlimi üçün hansı təsirlərlə müşahidə olunacağını
öyrənməyə çalışırlar.
Yeni böyük cərəyanlar yaranacaq?
Artıq bununla bağlı bəzi fərziyyələr var. əksər alimlər
tərəfindən qəbul edilmiş nəzəriyyəyə görə, böyük buzlaşmaya əsas
səbəb dünya okeanlarında suyun duzluluğunun azalmasıdır. Əvvəllər
mövcud olan istiləşmə buzlaqların əriməsinə səbəb yaradırdı. Buna
əsas misal kimi Qrenlandiya və Arktika buzlaqlarını göstərmək olar.
Hazırda buzlaqların əriməsi davam etməkdədir, amma bu cür
istiləşmənin nə qədər davam edəcəyi sualına isə heç kim cavab tapa
bilmir. Buzlaqların əriməsinin daha da artması və okeana
qarışmasının yaxın 80-100 ildən tez olmayacağı hesab edilirdi.
Lakin indi situasiya nisbətən dəyişib. Belə ki, Kanada cərəyanının
peyda olması ilə arktik və Qrenland buzlaqlarının inanılmayacaq
dərəcədə tez əriməsi gözlənilir. Atlantik və Şimal Buzlu
okeanlarının sularının duzsuzlaşması, eləcə də, Şimali Atlantik
cərəyanın itməsi yaxın 20-30 ildə Avropa və Sibirdə yeni böyük
buzlaşmanın yaranmasına gətirib çıxara bilər. Bunun şimal
yarımkürəsində olacağı gözlənilir.
Son zamanlar qlobal istiləşmə ilə əlaqədar olaraq, planetimizin
iqqlimində qeyri-sabitlik müşahidə olunur. Qolfstrimin itməsi (daha
dəqiq desək, onun zəifləməsi və yerini dəyişməsi) ilə bu
qeyri-sabitlik daha da artacaq. Dünyada iqtisadi və sosial sahədə
yeni ciddi fəsadlarla müşahidə olunacaq. İstisna deyil ki, bir
müddət sonra olacaq soyuqlaşmanın ucbatından Skandinaviyanın
əhalisinin kütləvi surətdə Amerikaya miqrasiya edəcəyi gözlənilir.
Rusiyaya gəldikdə, burada uzun sürən qış və məhsulsuzluq təhlükəsi
gözlənilir. Qolfstrimin zəifləməsi artıq bir dəfə 1300-cü ildə olub
(hələ onun indiki kimi böyük hissəsinin itməsi yox, yalnız
zəifləməsi nəzərdə tutulur!). Bu zaman yenidən yer üzündə
soyuqlaşma meydana gəldi ki, bunu da kiçik buzlaşma dövrü
adlandırırlar.
Ekoloqlar alimin fikri ilə razılaşırlar
Zanqarinin fikirlərinə görə Qolfstrimin hələ də əvvəlki
formasına qayıtmaq şansı var. Bunun üçün ən yaxın zamanda mütləq
Meksika körfəzində konsentratik cərəyanı yenidən buraxmaq gərəkdir
ki, bu da dünya iqlimi üçün kardiostimulyator hesab edilir. Onu
buraxılıb-buraxılmayacağı isə hələ bəlli deyil. Hazırda körfəzin
dərinliyinin neftdən tam təmizlənməsi məsələsi nəzərdə tutulmur.
Bundan əlavə, Zanqarinin dediyinə görə, dibdə qalmış neft daim
genişlənir və yeni əraziləri tutur. Ekoloqlar da alimin fikirləri
ilə razılaşırlar. Onlar Zanqaridən fərqli olaraq, bir şeyə də
xüsusi diqqət yetirməyi məsləhət görürlər. "Koreksit və neftdən
ibarət olan cəhənnəm kokteyli" nəinki Karib dənizini, həm də
Atlantik okeanında olan bütün canlı həyatı məhv edə bilər. Bu isə
artıq qlobal fəlakətdir.