Lomonosovun hamı tərəfindən
qəbul edilmiş bioqrafiyası ilə tanışlığın ilk mərhələsində, sadə
bir insanın Peterburqun yüksək təbəqəsinin sıralarına birdən-birə
yüksəlməsinə təəccüb etmədən dayana bilmirsən.
Akademikliyə qədər yüksəlmiş "arxangelskli kişi" bəzən öz
həmkarlarını qarşısına yığıb onları çubuqla cəzalandırırdı. Bununla
bərabər "kəndçi oğlu" bəzən çəkinmədən rus taxtının azyaşlı varisi
Pavel Petroviçin də qulağından tutub dartırdı. Maraqlıdır ki, buna
görə də heç kim ona cəza vermirdi.
Alimin hər kəsə bəlli olan tərcümeyi-halı son dərəcə
sadələşdirilib. Məhz bu bizə Mixailin həyatının ilk anında olan
vəziyyətini öyrənməyə vadar edir. Əvvəlcə bundan başlayaq ki, onun
kökü kəndli yox, kifayət qədər varlı olan meşşan ailəsi ilə bağlı
idi.
Barmaqarası baxış
Ölkənin şimalında dövlətə məxsus olan kəndlilər dənizlərdən azad
istifadə etmək hüququna malik idilər və buna görə xarici tacirlərlə
iş aparırdılar. Lomonosovun atası isə bu sahədə elə də uğursuz adam
deyildi. Ağ dəniz və Şimal Buzlu Okeanında öz qayığı ilə ticarət
edirdi.
Amma atanın heç bir fəaliyyəti onun oğlunun Moskvada yunan-latın
slavyan akademiyasında, Kiyev ruhani akdemiyasında, Elmlər
Akademiyasında təhsil alması və ya həmin yerlərdə işləməsinin
səbəblərini açmağa kömək etmir. Hər dəfə kəndçi ailəsindən çıxan bu
gənc təhsili üçün özünün ya dvoryan oğlu olması, ya da ki keşiş
nəslindən gəlməsini tərcümeyi-halında yazmaqla müxtəlif yerlərə
oxumağa gedə bilirdi. Maraqlıdır ki, administrasiya buna
barmaqarası baxırdı.
Nəhayət, 1736-1741-ci illərdə Lomonosov ilk dəfə sistemli təhsil
almaq üçün Almaniyaya yollanır və burada məşhur filosof Xristian
Hans Volfdan dərs alır. Sadə adam üçün belə tip təhsilin alınması
ağlasığmaz bir şeydir. Əgər əfsanələrdən birinə nəzər salsaq,
məsələni daha asan aydınlaşdırıla bilərik. Bu əfsanəyə görə
Mixailin çar I Pyotrun nikahdan kənar oğlu olduğu deyilir.
Nağıldakı kimi
Ağıldankəm Alekseydən başqa Pyotrun oğlu yox idi. Rusiyanı
imperiyaya çevirmiş bir hökmdarın başqa davamçısının olmaması
ölkədəki siyasi vəziyyəti daha da qəlizləşdirirdi. Çariça
Yekaterina isə imperator üçün yalnız qız övladı dünyaya gətirirdi.
Artıq hökmdar məğlubiyyətini qəbul etmişdi. Deyilənlərə görə o,
hərdən bununla bağlı müxtəlif qərarlar verirdi. Qərarların birində
çarəsiz qalaraq bildirmişdi: "Əgər hansı gözəl mənə oğul nəsib
etsə, onu dərhal özümə şahzadə edərdim". Məsələni bir az da
dəqiqləşdirək. Hökmdar belə bir qərarı nağılda verir. Çarın bu
etirafından sonra ona çıxışı olan arxangelskli təriqətçilər bundan
istifadə etmək qərarına gəlirlər. Onu Ust-Tosnoda olan zaman yetim
qız Yelena ilə görüşdürürlər.
Bir azdan Pyotrun əmri əsasında gözəl Yelena ilə başqa bir yetim
Vasili Drofoyevi evləndirirlər. Artıq getmək vaxtı çatanda o,
təriqətçilərdən bir şey xahiş edir: "Əgər Tanrı oğul göndərsə, ona
babam Mixail Fyodoroviçin şərəfinə Mixaylo adı verilsin. Mənim
oğlum və onun üçün təyin edilmiş ata olan Vasili Lomonosov soyadı
altında yaşasınlar. Hələ bu sirr yaşamalıdır. Amma mənim yaratdığım
sirlər heç vaxt unudulmur". Alekseyin dəhşətli qətlindən sonra
Pyotr hələ də oğlan övladı istəyirdi. Hər kəs ümid edirdi ki, Tanrı
oğlan göndərəcək.
8 noyabr 1711-ci ildə Yelena oğlan övladı doğur. Ailədə hər kəs
şad idi. Mərkəzdən ailəyə yardımlar gəlirdi. 1722-ci ildə Mişa
Lomonosov əski təriqətçilərin Vıq çayında olan məktəbinə aparıldı.
1724-cü ildə onun taleyinə aydınlıq gəldi. Yelizavetanın hökmdar
elan edilməsi onun taxta olan iddialarının məhvinə səbəb oldu.
Qeyri- rəsmi doğulmuş oğlunun taleyi tez-tez imperator I Pyotru
narahat edirdi. Ölümündən bir az əvvəl hökmdar sinod Feofan
Prokoroviçə Mixaili təriqətçilərin yanından alıb Moskvaya
göndərməsini xahiş etdi. Əfsanəyə görə o, Feofana belə deyir: "Əziz
müəllim, onu Moskva məktəblərində oxut və onun qayğısına qal.
Ümumiyyətlə, ona olmaq istədiyi şeyin arxasınca getməyə icazə
ver".
Ehtiyatlı Yelizaveta
Sinodun rəhbəri Feofan Prokoroviç imperatorun dediyi kimi
Lomonosovun qayğısını çəkirdi. Peterburq Akademiyası üç tələbəni
xaricə oxumağa göndərdiyini açıqlayanda siyahıya Mixaylonun da
adını salmışdı. Bu siyahının tərtibində Feofan Prokoroviçin rolu
çox böyük idi.
1736-cı ildə Mixailin qəyyumu olan sinodun səhhəti pisləşir.
Buna görə də Feofan hamını yanına çağırır. Bunların sırasında
Pyotrun qızı Yelizaveta da var idi. O, Pyoturun sirrini hamıya
açıqlayır. Lakin bu Yelizaveta üçün çox gözlənilməz olur. Əslində,
bu, hökmdar qızının apardığı mübarizədə əsaslı problemlər yarada
bilərdi. Buna görə də o, Lomonosovu sərhəddən kənarda saxlamaq
niyyətində idi. Nəhayət, 1741-ci ildə Yelizaveta rus taxtının
çariçası kimi təsdiqlənir. Lomonosov məhz bundan sonra vətənə geri
qayıtmaq üçün icazə ala bilir.
Ona Rusiyada həyatını qurmaqdan ötrü müəyyən vəzifələr təklif
edilir. Lakin Mixail heç bir təklifi qəbul etmir. O, daha iki il
aşağı təbəqənin nümayəndəsi kimi ölkəsində yaşayır. Bu, Pyotrun
sirri haqqında məlumatlı olan zadəganları heyrətə salır. Maraqlıdır
ki, Lomonosovun Pyotrun oğlu olması ilə bağlı şayiələr tezliklə
ölkənin ən aşağı nümayəndələrinin arasına qədər yayılır. Yalnız
1753-cü il martın 1-də şayiələrə son qoymaqdan ötrü Yelizaveta
Petrovna ona Koperski uyezdində 9 min desyatin torpaq və 212 kəndli
ayırır.
Göründüyü kimi, Rusiyada hakimiyyəti qorumaqdan ötrü Yelizaveta
və Mixaylo arasında gizli saziş imzalanıb: alim taxta can atmamalı,
onu ələ keçirməyə çalışmamalı, əvəzində isə ona elminin inkişafı
üçün hər bir qayğı göstərilməli idi. Bütün bunlar yeni şahzadəni
tamamilə qane edirdi. Lakin Yelizaveta üçün problem hələ
bitməmişdi. O, elmlə məşğul olan sadə insanın konservativ rus
cəmiyyətində hər zaman təhlükə olaraq qaldığını bildiyindən Mixail
üzərində nəzarətini daha da gücləndirirdi.
İnanılmaz təsadüf
Lomonosov Pyotra həm xarakter, həm də xarici cəhətdən çox oxşar
idi. Məsələn, hər ikisi hərəkətlərində çox səbirsiz idilər. Əlbəttə
ki, Pyotrun buna haqqı çatırdı, lakin Mixaylo ilə bağlı məsələ bir
qədər qəliz idi. Alimdə belə hallar artıq tələbəlik illərindən
formalaşmağa başlamışdı. Bunu hansı səbəblə etdiyini isə
aydınlaşdırmaq indiyə qədər mümkün deyil.
Ümumiyyətlə, Lomonosovun xarici görünüşünü əks etdirən 4 portret
var. Bunlardan ikisi 1750-ci illərdə avstriyalı rəssam Prenner
tərəfindən çəkilib. Vortman və Fessar da daha iki qravüranı çəkərək
alimə hədiyyə etmişdilər. Bu portretlərdə Pyotrla oxşarlığa səbəb
olacaq kiçik detalları görmək mümkündür. Hər ikisinin boyca çox
hündür olması buna bariz nümunədir. Amma yalnız bu onların eyni
nəslin üzvü olması sualına cavab vermək üçün kifayət deyil. Bu,
yalnız kiçik sübut kimi qəbul edilməlidir.
Sonuncu ən mühüm oxşarlıq onların hər ikisinin nəslini davam
etdirəcək oğlan övladına sahib ola bilməmələridir. Halbuki hər iki
şəxsiyyət bunun üçün müəyyən gücə sahib idilər.