İraq sünniləri əl-Bağdadiyə qarşı vuruşacaq; bin Ladenin
Xilafətlə bağlı xəbərdarlığı ortaya çıxdı.
"The Washington Post" qəzeti yazır ki, Əbu Bəkr Əl-Bağdadi "İraq
və Şam İslam Dövləti"ni (İŞİD) elan edərkən "əl-Qaidə" lideri olmuş
Usama bin Ladenin xəbərdarlığına məhəl qoymayıb. Belə ki, terror
kralı illər öncə yazmışdı ki, Xilafəti tələsik elan etmək olmaz. Bu
işi ehtiyatla görmək lazımdır. Özünü xəlifə elan edən Əbu Bəkr
Əl-Bağdadi isə Suriya və İraqda qanlı olaylar və gülləboranlar
təşkil edərək, özünə çoxsaylı düşmənlər yaratdı və bir-birindən
fərqli olan bu düşmənlərini bir araya toplayıb ona qarşı vuruşmağa
təhrik etdi. Özünü də bu hücumun əsas hədəfinə çevirdi, prosesin bu
macərada gedəcəyini də bin Ladenin əvvəlcədən yazmışdı.
Əbu Bəkr Əl-Bağdadinin qəddarlığı ona gətirib çıxardı ki, Səudiyyə
və İran kimi bir-birinə nifrəti olan tərəflər ona qarşı
birləşdilər. Hətta türklər və kürdlər də bu məsələdə eyni mövqedən
çıxış edirlər.
İraqın yeni hökuməti daxil olmaqla yerli sünni, şiə və kürd
siyasətçiləri Əbu Bəkr Əl-Bağdadinin törətdiyi ağlasığmaz
əməllərdən dolayı birləşməli oldu. Narazılar sırasına Amerika da
qoşuldu və prezident Obama İŞİD-ə qarşı qırıcı uçaqlardan
istifadəyə göstəriş verdi. Bu hərbi əməliyyatın "aylar, bəlkə də
illərlə" çəkəcəyi istisna olunmur.
İraq kürdlərinin lideri Məsud Barzani ABŞ-a müraciətlə belə
demişdi: "Bizim sizin hərbi dəstəyinizə ehtiyacımız var...Biz
sizdən heç vaxt rica etmərik ki, əsgərlərinizin çəkmələri İraq
torpağına dəysin və siz bizim yerimizə vuruşasız"...
Qəzet bildir ki, bundan sonra İŞİD Amerikaya məxsus önəmli
yerləri hədəf kimi qəbul edərək, dünyanın hər yerində, o cümlədən
Amerikanın daxilində vurmağa çalışacaq. Bu işə öz müttəfiqlərin də
sövq edəcək. Bədəninə bombalar bağlamış terrorçular belə
əməliyyatlara cəlb olunacaq.
Qəzet yazır ki, Obamanın İŞİD-ə qarşı işə saldığı bu strategiya
Qərbi terror hücumlarından qorumaq məqsədi güdür. Ancaq belə
yanaşma ilə terrorçuları öz əməllərindən çəkindirmək risk tələb
edir və real görünmür.
"The Washington Post" bildirir ki, əgər Barak Obama yeni İraq
hökumətinə dəstək işarəsi vermək istəyirsə İraqda döyüşmüş,
istefada olan general David Petraueusu və ABŞ-ın İraqdakı keçmiş
səfiri Rayn Krokeri Bağdada xüsusi təmsilçi kimi göndərməlidir.
Qəzet bildirir ki, bu dəfə İraqda İŞİD-ə qarşı sünnilər də
vuruşacaq. "Aspen Strategy Group"da çıxış edən iki sünni liderin
video-görüntüləri yayımlanıb. Onlardan biri deyir: "Başlanğıcda
sünnilər İŞİD-ə sevgi ilə yanaşdılar, düşündülər ki, onlar
sünnilərin haqların müdafiə edəcəklər. İndi isə sünnilər görürlər
ki, İŞİD "əl-Qaidə" kimidir, onlar məscidləri partladıb insanları
öldürürlər". İkinci sünni lidersə deyib: "İŞİD hazırda hər bir
tərəfin və hər kəsin düşmənidir".
2011-ci ildə Bin Ladenin ölümündən sonra onun Pakistandakı
evindən tapılan yazılarda deyilir ki, hakimiyyəti möhkəmləndirmək
üçün sadə müsəlmanların öldürülməsi İslam Dövlətini məhv edə bilər:
"Bu yolla bir neçə döyüşdən qalib çıxmaq olar, ancaq bu yol sonda
müharibədə qələbənin əldən çıxmasına gətirib çıxaracaq".
Bin Laden düşünürdü ki, Xilafət elan etmək üçün ən yaxşı ölkə
Yəməndir. Ancaq o, tərəfdarlarının bu işdə tələskənliyə yol verə
biləcəklərindən narahat idi. Yazılış tarixi bəlli olmayan əlyazmada
deyilir: "Siz İslam Dövləti qurmaq arzusundasız. Bunun üçün biz
əmin olmalıyıq ki, həmin dövlət üzərində tam nəzarəti əldə edə
biləcəyik. Törətdiyimiz əməllərlə düşmənləri nə qədər zəiflətsək
də, onlar bizim quracağımız dövləti məhv etmək gücündə
olacaqlar".
Əbu Bəkr
Əl-Bağdadi isə səbrlə gözləyə bilmədi. Yaxın gələcəkdə biz bin
Ladenin Amerikanın İslam Dövlətini dağıdacağı ilə bağlı
xəbərdarlığının nə qədər real olduğunun şahidi
olacağıq...
Qeyd edək ki, Əbu Bəkr Əl-Bağdadi son vaxtlar daha çox İraqın
baş naziri Nuri əl-Maliki ilə müqayisə olunur. O da yeritdiyi
siyasətlə tam fərqli tərəfləri özünə düşmən edə bilib. İraqda dini
lider Sistani başda olmaqla şiələr, sünnilər, kürdlər indi ona
müxalifdir. Bu işdə ABŞ və İran da eyni fikirdədir. Türkiyə isə
əzəldən onunla yola getməyib.
Musavat.com