"İran ilə Altılıq ölkələri
arasında danışıqlar hazırda dayandırılıb. Bunun əsas səbəbi
tərəflərin razılığa gələ bilməməsidir".
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov
Vyanada Altılıq ölkələri ilə İran arasında nüvə danışıqlarının
dayandırılmasını şərh edərkən deyib.
Politoloq bildirib ki, danışıqların dayandırılmasının səbəbi
İranın uranın zənginləşməsi ilə bağlı faiz məsələsində irəli
sürülən təkliflərlə razılığa gəlməməsidir:
"Çünki rəsmi Tehran hesab edir ki, nüvə proqramı inkişaf
etməlidir və heç bir ölkə buna təsir edə bilməz. Təbii ki, Altılıq
ölkələri dedikdə söhbət əsas aparıcı dövlətlərdən gedir ki, bu
ölkələr də razılığın əldə olunmasını çox istəyirdi. Çünki bir
tərəfdən geosiyasi vəziyyət mürəkkəbləşib, başqa bir tərəfdən isə
Ukrayna hadisələri, Yaxın Şərqdə İŞİD-in fəallaşması və ABŞ-ın
məsələyə müdaxiləsi bunu tələb edir. İŞİD-ə qarşı İran hər zaman
istifadə oluna bilər. Bu mənada İŞİD məsələsində İranın mövqeyi ABŞ
üçün çox önəmlidir. Çünki bu iki ölkə istəməsə də, İŞİD-ə qarşı
eyni mövqedən çıxış edirlər. Yəni Tehran və Vaşinqton İŞİD-in
məhvində maraqlıdır. Burada bir sıra incəliklər ortaya çıxır.
Rusiyanın öz münasibətləri var. Rusiya da istərdi ki, İranla
münasibətlər pozulmasın və Tehran öz mövqeyində qalsın, eyni
zamanda Qərbin təsiri altına düşməsin. Bütün bu ziddiyyətlərə görə
Altılıq ölkələri ilə İran arasında nüvə danışıqları hazırda
dayandırılıb. Ancaq müsbət bir məqam 2015-ci ilin iyun ayınadək
İrana tətbiq edilən müəyyən sanksiyaların aradan qaldırılması oldu.
Altılıq ölkələri 700 milyon dollarlıq dondurulmuş pulun istifadəsi
ilə bağlı İrana tətbiq edilmiş sanksiyanı ləğv edib".