Ana səhifə Planet |
14:45
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edib.
Axar.az xəbər verir ki, bu dəqiqələrdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında görüş keçirilir.
Görüş zamanı müzakirələrin əsas gündəmini Suriya məsələsi təşkil edir.
***
Bu görüşün “Sülh çeşməsi” əməliyyatına müsbət təsiri olacaq.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra mətbuata açıqlamasında deyib:
"Tarixi razılaşmaya imza atdıq. 23 oktyabr tarixindən etibarən, 150 saat ərzində YPG təhlükəsizlik bölgəsindən çıxacaq. Buna "Sülh çeşməsi"nin sərhədlərində, 10 kilometr dərinliyində Rusiya-Suriya patrul fəaliyyəti nəzarət edəcək. Hərəkatımızın əsas məqsədi PKK/YPG-ni regiondan çıxarıb, suriyalı miqrantların qayıdışını təmin etməkdir. Heç bir zaman başqa ölkənin torpağında gözümüz olmayıb. 350 mini kürd olan 3 milyon 650 min suriyalıya 8 ildir ki, ev sahibliyi edən ölkəyik".
Açıqlamaların ardından Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu 10 maddəlik razılaşmanın mətnini oxunub. Razılaşmaya əsasən, Ras əl-Eyn və Tel-Abyadı da əhatə edən "Sülh çeşməsi" hərəkatının ərazisi mühafizə ediləcək.
Qeyd edək ki, liderlərin görüşü 6 saat davam edib.
***
İki ölkənin Suriya siyasətini və Türkiyə Silahlı Qüvvələrinin Suriya Milli Ordusu ilə yürütdüyü “Sülh çeşməsi” əməliyyatı ilə bağlı detalları özündə ehtiva edən Türkiyə-Rusiya razılaşmanın maddələri açıqlanıb.
Həmin maddələri təqdim edirik:
1. Hər iki tərəf Suriyanın siyasi birliyinin və ərazi bütövlüyünün mühafizəsinə və Türkiyənin milli təhlükəsizliyin qorunmasına sadiq olduğunu açıqlayır.
2. Terrorizmin bütün forma və təzahürləri ilə mübarizə və Suriyadakı separatçı fəaliyyətin zərərsizləşdirilməsi yönündə qətiyyət ifadə olunur.
3. Bu çərçivədə Ras əl-Eyn və Tel-Abyad da daxil olmaqla, “Sülh çeşməsi” əməliyyatının aparıldığı 32 km-lik ərazidə mövcud status-kvo mühafizə ediləcək.
4. Hər iki tərəf Adana anlaşmasının önəmini vurğulayır. Rusiya mövcud şərtlərdə bu razılaşmanın tətbiqini asanlaşdıracaq.
5. 23 oktyabr 2019-cu il, saat 12:00-dan etibarən Rusiya hərbi polisi və Suriya sərhəd mühafizəçiləri YPG ünsürləri və silahlarının sərhəddən 30 km uzaqlığa çıxarılmasını təmin etmək üçün “Sülh çeşməsi” əməliyyatının xaricində qalan Suriya sərhəd zonasına daxil olacaq. Bu proses 150 saat ərzində tamamlanacaq. Eyni saatdan başlayaraq, Qamışlı şəhəri istisna olmaqla, “Sülh çeşməsi” əməliyyatı ərazisinin qərbi və şərqində, 10 km məsafədə ortaq rus-türk patrul fəaliyyəti başlayacaq.
6. Menbiç və Tel-Rıfatdan YPG ünsürləri silahları ilə birgə çıxarılacaq.
7. Hər iki tərəf terrorçuların müdaxilə cəhdlərinə qarşı birgə mübarizə aparacaq.
8. Miqrantların təhlükəsiz və könüllü şəraitdə geri qayıdışını təmin etmək üçün ortaq fəaliyyət yürüdüləcək.
9. Bu razılaşmanın tətbiqinə nəzarət və onun koordinasiya edilməsi üçün yoxlama və təsdiqləmə mexanizmi yaradılacaq.
10. Tərəflər Astana mexanizmi çərçivəsində Suriya ixtilafına qalıcı həll yolu tapmaq üçün fəaliyyəti davam etdirəcək və Konstitusiya Komitəsinin işini dəstəkləyəcək
Tarix
2019.10.22 / 23:51
|
Müəllif
Orxan Tağıyev
|